Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 10:30

E.Məmmədyarov İƏT üzvlərinə istəklərini çatdırdı


Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarovun dünən, sentyabrın 19-u Nyu-York-da İslam Əməkdaşlıq Təşkilatının ( İƏT) Kontakt Qrupunun ikinci iclasında çıxış edib.

Bu gün, sentyabrın 20-si Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) saytı çıxışın mətnini dərc edib.

Nazir təəssüf hissi ilə bildirib ki, Kontakt Qrupunun sonuncu görüşündən sonra Azərbaycanın işğal olunan Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyət dəyişməz qalır. Onun deməsinə görə, hətta cəbhə xəttində toqquşmalar ara-sıra intensivləşib. Cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürülməsi halları artıb.

«Məlum olduğu kimi, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağ daxil olmaqla, yeddi ətraf rayon işğal edilib. On minlərlə insan həyatını itirib, 1 milyondan çox azərbaycanlı öz evindən didərgin düşüb», - nazir vurğulayıb.

ERMƏNİSTANA SİLAH SATMAYIN-NAZİR

E.Məmmədyarov daha sonra işğal edilmiş rayonların boşaldılması ilə bağlı BMT qətnamələrini xatırladıb:

«Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) qətnamələri Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə təsbit edir... Təəssüf ki, Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib və 20 ildən artıq müddət ərzində ATƏT çərçivəsində aparılan vasitəçilik səyləri nəticə verməyib».

E.Məmmədyarov daha sonra təşkilata üzv ölkələrə müraciət edib:

«Azərbaycan bütün üzv dövlətləri işğalçını hərbi avadanlıqla təchiz etməkdən çəkinməyə və bu cür avadanlıqların daşınması üçün öz ərazilərindən tranzit məqsədilə istifadə edilməsinə imkan verməməyə dəvət edir».

E.Məmmədyarov deyib ki, üzv dövlətlər Ermənistana investisiya qoyulmasından çəkinməli və onunla ümumi əməkdaşlıq məhdudlaşdırılmalıdır:

«İnanırıq ki, Kontakt Qrupu çərçivəsində müzakirələr Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan İƏT sənədlərinin həyata keçirilməsinə, bu quruma üzv dövlətlərinin fərdi və birgə səylərinin bu baxımdan əlaqələndirilməsinə öz töhfəsini verəcək».

XATIRLATMA

İslam Konfransı Təşkilatı 1969-cu ildə Mərakeşdə yaradılıb. 2011-ci il Astana sammitində bu qurum İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Azərbaycan 1992-ci ildən bu qurumun üzvüdür. Hazırda İƏT sıralarında 60-a yaxın ölkəni birləşdirir.

2016-cı il aprelin 13-dən 15-nə kimi İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammitinin Yekun Bəyanatında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun yaradılması haqqında qərar qəbul edilib.

Hazırda Nyu-Yorkda BMT-nin 72-ci sessiyası davam edir. Sentyabrın 12-dən 25-nə kimi davam edəcək sessiyada müxtəlif işçi qrupların da toplantısı keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG