Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 01:56

'Çoxu nə oyun qaydalarına baxır, nə qanunlara...' - Mətbuat icmalı


Gültəkin Hacıbəyli

«Azəri-Çıraq-Günəşli» yataqlar bloku ilə bağlı sazişin müddətinin 2050-ci ilə kimi uzadılması, xarici investorları ölkəyə cəlb etməyin yolları və məmur övladlarının ölkədən köçü bu gün (19 sentyabr 2017-ci il) medianın aparıcı mövzularındandır...

«MƏMURLARIN ƏKSƏRİYYƏTİ ÖVLADLARINI ÖLKƏDƏN ÇIXARIB»

Azadliq.info saytında «Sərvətini talayıb, özünü VƏTƏN saymadıqları Azərbaycan!» sərlövhəli yazı dərc edilib. Yazıda keçmiş deputat Gültəkin Hacıbəylinin düşüncələrinə yer verilir.

Müəllif ayrı-ayrı məmur övladlarının Azərbaycanı tərk etməsindən bəhs edir. Yazıda vurğulanır ki, korrupsiyaya qurşanan məmurlar ölkənin sərvətlərini talayıblar, övladlarına isə Avropa ölkələrində yaxşı gün-güzaran düzəldiblər:

«Əksəriyyəti övladlarını və ailələrini ölkədən çıxarıb, vətəndaşlıq da alıb. Avropada, Türkiyədə özləri üçün gözəl şərait, imkanlar qurub, biznes müəssisələri açıblar. Hamısının da qızıl bronlu təyyarə biletləri var. İlin istənilən ayı, günü, saatı özlərini hava limanına çatdırsalar, havaya qalxan birinci təyyarəyə minib aradan çıxacaqlar. Bu gözəlim məmləkət onlar üçün Vətən deyil. Heç vaxt da olmayıb. Gəlirli biznes müəssisəsidir, obyektdir, şirkətdir, holdinqdir. Burada onları düşündürən yeganə məsələ ölkəni bacardıqları qədər çox, iliyinə, qanına kimi sormaq, talamaq, sərvətlərini mənimsəyib xaricə çıxartmaqdır».

Müəllif yazır ki, korrupsiyaya qurşanan həmin şəxslər Azərbaycana müvəqqəti məskən kimi baxırlar:

«Çoxu Azərbaycan türkcəsində danışa bilmir, bunu özünə ar bilir, utanır...».

Biznes
Biznes

«İNVESTOR QEYRİ-MÜƏYYƏN BAZARA GƏLMİR»

«Exo» qəzetində «Xarici investorlar və Azərbaycanda məhkəmələrin gözlənilməzliyi» sərlövhəli yazı diqqət çəkir.

Yazıda ölkədə xarici investorların mülkiyyətlərinin nə dərəcədə qorunduğu ekspert Əkrəm Həsənovla dəyərləndirilir.

«Azərbaycanda sahibkarların hüquqlarının qorunması və biznes üçün əlverişli şəraitin yaradılması daim diqqət mərkəzindədir. Ancaq ölkədə hüququn tətbiqi olduqca zəifdir, məhkəmələr heç də həmişə obyektiv deyillər, bu isə potensial investorları qorxudur», - deyə Ə.Həsənov mövzu ilə bağlı qəzetə deyib.

Ekspert vurğulayıb ki, Azərbaycanda iqtisadi mübahisələrə adətən iqtisad məhkəmələrində baxılır. Onun fikrincə, ancaq iqtisad məhkəmələri nəzdində xüsusi bölmələrin yaradılmasına ehtiyac var. Həmin qurumlar iri investorlar və investisiyalarla bağlı məsələləri nəzərdən keçirməlidirlər.

Ə.Həsənov hesab edir ki, bu sahədə bacarıqlı hakim tapmaq çox çətindir:

«Bizim hakimlər üçün bu sahədə demək olar ki, hər bir iş yenidir. Odur ki, investisiya məsələlərindən başı çıxan hakimlərin çalışdığı xüsusi məhkəmə palatası yaradılması daha yaxşı olar».

Üstəlik, ekspert vurğulayıb ki, bu sahədə hakimlər müstəqil olmasa, ciddi sərmayə axını gözləmək əbəsdir:

«Hakimlərə təzyiqlərdən söhbət belə gedə bilməz. İnvestorlara obyektiv mühakimə zəmanəti verilməlidir. Ancaq məhz qanunvericilik və məhkəmə sistemi ölkənin zəif yeridir. Elə bu səbəbdən də xarici investorlar və Azərbaycan sahibkarları başqa ölkələrə sərmayə qoyurlar».

Ə.Həsənov vurğulayır ki, ölkədə xarici investorların və yerli sahibkarların iştirakı ilə məhkəmə çəkişmələrinə tez-tez rast gəlinir:

«Azərbaycan məhkəmələri dəyişkənliyi ilə fərqlənir. Hətta işin gedişi əvvəldən hamıya aydın və gözlənilən olsa da, məhkəmə gözlənilməz qərar çıxara bilər. Bundan əlavə, oxşar işlərdə də məhkəmələr müxtəlif qərarlar çıxarırlar. Ancaq istənilən biznes üçün ən başlıcası oyunun qaydalarına əməl olunmasıdır. Çox təəssüf ki, bizdə qaydalara hamı əməl etmir. İnvestor isə qeyri-müəyyən bazara gəlmir».

Neft Daşları
Neft Daşları

ARZULARIN REALLAŞDIĞI YOL

«Azərbaycan» qəzetində «İlham Əliyevin siyasətinin daha bir möhtəşəm qələbəsi» sərlövhəli məqalədə neft kontraktlarının 2050-ci ilə kimi uzadılması ilə bağlı bu il sentyabrın 14-də imzalanmış yeni saziş dəyərləndirir.

Yazının əvvəlində 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış ilk neft kontraktlarına toxunulur. Müəllif vurğulayır ki, mərhum prezident Heydər Əliyev bundan cəmi bir il əvvəl hakimiyyətə gəlmişdi.

Daha sonra isə müəllif 2017-ci il sentyabrın 14-də imzalanan yeni sazişin dəyərləndirilməsinə keçir. Müəllifə görə, yeni sazişin imzalanmasının arxasında Azərbaycanın etibarlı tərəfdaş olması, üzərinə götürdüyü öhdəliklərə vaxtında əməl etməsi və əcnəbi iş adamlarının fəaliyyətinə geniş imkanlar yaratması kimi amillər dayanır.

Bununla belə, yazıda vurğulanır ki, neft heç də hər ölkəyə firavanlıq və rifah gətirmir. Yazıda prezident İlham Əliyevdən sitat da gətirilir:

«Biz bilirik ki, dünyada neft üstündə mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək. Hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün».

Günün bütün mövzuları

XS
SM
MD
LG