Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 16:04

Azərbaycan İnvestisiya Şirkəti yeni layihəyə qoşulur


Foto arxiv

Azərbaycan İnvestisiya Şirkəti qiymətləndirmə xidmətlərinin satın alınması üzrə «KPMG Azerbaijan Limited» şirkəti ilə müqavilə bağladığını elan edib. AzadlıqRadiosu müəyyən edib ki, söhbət dövlətə məxsus «Azərbaycan İnvestisiya Şirkəti» (AİŞ) ASC-nin növbəti sərmayə qoyuluşuna hazırlaşmasından gedir.

AİŞ «böyük dördlüyə» daxil olan audit şirkətinə investisiyaların qiymətləndirilməsi məqsədilə 45 min manat ödəyəcək. AİŞ-in İnvestorlarla əlaqələr şöbəsinin müdiri Azər Rzaxanov AzadlıqRadiosuna bildirib ki, hazırda qiymətləndirmə işləri ilkin mərhələdir. Bu səbəbdən o, şirkətin payçı kimi qoşulacağı növbəti layihənin biznesin hansı sektoruna aid olduğunu açıqlamayıb.

Dövlət Neft Fondunun 160 milyon manat vəsaiti hesabına 2006-cı ildə yaradılan AİŞ qeyri-neft sektoruna dəstək vermək məqsədi güdür. Şirkət mövcud biznesin inkişafına və iqtisadiyyat üçün önəmli olan yeni şirkətlərin qurulmasına onların kapitalında iştirak etməklə sərmayə yatırır. Bu layihələrin bir neçəsi (Masazırda duz zavodunun, Sanqaçalda neft-qaz terminalının, Ağstafada aqtotexservisin yaradılması, Qaradağ sement zavodunun modernləşdirilməsi) artıq başa çatıb.

Bu il AİŞ Pirallahı Sənaye Parkında tikilən «Caspian Pharmed» əczaçılıq zavodunun tikintisinə qoşulub. Dəyəri 20,6 milyon ABŞ dolları olan bu layihədə AİŞ 25 faizlik pay alıb.

Hazırda AİŞ «Xəzər Beynəlxalq İnvestisiya Şirkəti» QSC (24,1%), «Azərtoxum» MMC (17,46%), «Milk Pro» (20%), «Bakı Gəmiqayırma Zavodu» (25%), «Azərsun İstehsal və Logistika Mərkəzi» MMC (25%) və «Həyat Farm» MMC (10%) şirkətlərində təmsil olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG