Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:08

Əziz Orucovun şikayəti təmin edilmədi


Əziz Orucov

Bu gün, sentyabrın 8-i «Kanal 13» TV-nin Bakı bürosunun rəhbəri Əziz Orucovun (Qaraşoğlu) həbs müddətinin uzadılmasından verilən şikayətə baxılıb.

Bu barədə vəkil Cavad Cavadov məlumat yayıb.

Vəkilin deməsinə görə, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Müdafiə tərəfi jurnalistə ittihamları və onun həbsdə saxlanmasını əsassız sayır.

«Kanal 13» TV-nin Bakı bürosunun rəhbəri Ə.Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu «Qafqaz Media Təhqiqatları» İctimai Birliyi və «Kanal 13» ilə bağlıdır.

Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib, sonra avqustun 29-da həmin müddət artırılıb. Apellyasiya şikayəti də bu qərardan verilmişdi. Jurnalistin istintaqı isə artıq başa çatıb. Hazırda müdafiə tərəfi işlə tanış olur.

«Kanal 13» internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.

Bakı bürosunda axtarışdan, kompüterlərin götürülməsindən və büro rəhbərinin həbsindən sonra internet televiziyanın fəaliyyət göstərməsinin qarşısının alındığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG