Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:35

Tbilisi məhkəməsi Fərman Ceyranlını azadlığa buraxmayıb


Fərman Ceyranlı

Bu gün, sentyabrın 7-si Tbilisi Şəhər Məhkəməsində Azərbaycandan getmiş cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlının işi üzrə məhkəmə prosesi davam edib.

Proses haqda AzadlıqRadiosu-na iclasda iştirak etmiş azərbaycanlı siyasi fəal Daşqın Ağalarlı məlumat verib.

Buna da bax:​ “ Gürcüstan işi ” hesabatı açıqlanacaq

Onun sözlərinə görə, məhkəmə başlayan kimi F.Ceyranlının vəkilləri Gela Nikolaishvili və Natia Bezhashvili cərrahın girov əvəzində məhkəmə dövründə azadlığa buraxılması ilə bağlı vəsatətlə çıxış ediblər. D. Ağalarlı qeyd edib ki, məhkəmə heyəti dövlət ittihamçısının vəsatətə münasibətini soruşub. Prokuror vəsatətin əleyhinə çıxıb.

Daşqın Ağalarlı
Daşqın Ağalarlı

D. Ağalarlının verdiyi məlumata görə, prokuror deyib ki, iş üzrə əsas şahidlərin dindirilməsi hələ başa çatmayıb. Şübhəli şəxsin azadlıqda olması, hələlik məhkəmədə ifadəsi alınmamış şahidlərə təsir mahiyyəti daşıya bilər. Prokuror vəsatətin rədd edilməsini istəyib.

Ancaq D.Ağalarlının bildirməsinə görə, məhkəmə vəsatəti rədd etməyib. Hesab edib ki, vəsatət barədə qərar verilməsi iş üzrə əsas şahidlərin dindirilməsindən sonraya saxlanıla bilər.

Buna da bax: Fərman Ceyranlının azadlığa buraxılması istəniləcək

Prosesin daha sonra ittiham tərəfinin şahidlərinin dindirilməsi ilə davam etdiyi bildirilir.

D.Ağalarlı vurğulayıb ki, əsas şahid qismində “Lanset” klinikasında yoxlama aparmış dövlət komissiyasının nümayəndələrinin ifadələri dinlənilib.

Onun deməsinə görə, həmin şəxslər klinikada ölümlə nəticələnmiş əməliyyatın məsuliyyətinin F.Ceyranlı ilə əlaqəli olmadığını ifadə ediblər.

Şahidlərin ifadələrindən sonra proses sentyabrın 14-nə kimi təxirə salınıb.

Buna da bax:​ Fərman Ceyranlı: 'Mən siyasi məhbusam'

XATIRLATMA

Əslən Gürcüstandan olan Fərman Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, təhsil alıb və işləyib.

1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.

O, bir neçə il əvvəl Gürcüstana gedərək «Lancet» klinikasının yaradıcılarından biri olub və bu il mayın 22-də həbs edilib.

Buna da bax:​ Fərman Ceyranlının vəkili: 'Siyasi sifarişlə saxlanıb'

F.Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Cərrah dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilir. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Ötən ayın sonunda cərrahın hüquqlarını müdafiə edən vəkillər onun həbsi ilə bağlı bəyanat yaymışdılar. Həmin bəyanatda deyilirdi ki, F.Ceyranlı siyasi sifarişlə həbs olunub. Səbəb isə onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki «Lancet»də müayinə və müalicəsinə şərait yaratması göstərilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG