Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:41

Ət və süd necə bahalaşır-Mətbuat icmalı


Dollar
Dollar

Aqrar sahənin vəziyyəti, idxal-ixrac göstəricilərinin təhlili və ölkəyə xarici investisiya cəlb etməyin yolları bu gün medianın (6 sentyabr 2017-ci il) aparıcı mövzularındandır...

ÖLKƏYƏ PUL CƏLB ETMƏYİN YOLLARI...

«Exo» qəzetində «İnvestorların Azərbaycana etimadını necə bərpa etmək olar?» sualına cavab axtarılır.

Ekspert Fuad Əlizadə qəzetə deyib ki, Azərbaycanda makroiqtisadi durumu yaxşılaşdırmaqla yanaşı, xarici investorlara bir sıra güzəştlər tanınmalıdır.

F.Əlizadə vurğulayıb ki, son iki ildə bu sahədə vəziyyət bir xeyli pisləşib. Xeyli beynəlxalq şirkətlər Azərbaycanı tərk ediblər.

Ekspertə görə, bir çox xarici şirkətlər Azərbaycan bazarına maraq göstərirlər, amma ölkə daxilindəki durum onları ehtiyatlı davranmağa məcbur edir:

«Son iki ildə ölkədə ciddi dəyişikliklər baş verib. Bu da ölkədən investisiya axınına təsir göstərib. Söhbət daxili bazarı laxladan iki devalvasiyadan, orta və iri şirkətlərin ölkəni tərk etməsindən gedir. Təbii ki, bu faktlar potensial investorları ehtiyatlı olmağa vadar edir. Bazarın təhlükəsizliyinə əminlik olmadığı üçün bahalı layihələri işə salmaq risklidir».

F.Əlizadə vurğulayıb ki, ölkənin xarici investisiyaları cəlb edə bilməsi makroiqtisadi sabitlikdən, biznesdə şəffaflıqdan, qanunvericilik bazasının liberallığından, ixtisaslı işçi qüvvəsindən və yaxşı inkişaf etmiş infrastrukturdan asılıdır. Onun fikrincə, bu sahələrin hər birində problemlər var...

Vahid Məhərrəmli
Vahid Məhərrəmli

HEYVANDARLIQ ZƏRBƏÇİ CƏBHƏ DEYİL

«Novoye Vremya» qəzetində «Heyvandarlıq zərərli sahəyə dönür» sərlövhəli məqalə oxumaq olar.

Müəllif aqrar sahədəki mövcud durumu kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli ilə müzakirə edir.

Yazıda bildirilir ki, ərzaq sarıdan ölkənin idxaldan asılılığı aradan qalxmayıb. Üstəlik, qeyri-neft sektorunun və aqrar sahənin inkişafı haqda rəsmi statistik məlumatlar şübhə doğurur:

«Təkcə son 3 ildə ərzaq idxalı 24 faiz artıb. Ən əsası pambıq sahələrinin təbii otlaqlar hesabına genişləndirilməsi heyvandarlıqla məşğul olan fermerləri çıxılmaz duruma salıb. Yem bazasının daralması üzündən ət və süd istehsalı sürətlə azalır, istehlak qiymətləri isə artır».

V.Məhərrəmli deyib ki, son iki ildə kəndli və fermerlərin istifadəsində olan örüşlər, otlaqlar pambıq əkilməsindən ötrü bələdiyyələrin və bəzi şirkətlərin sərəncamına verilib:

«Yem çatışmazlığı ilə bağlı fermerlər kütləvi heyvan kəsiminə başlayıb, nəticədə daxili ət və süd istehsalı kəskin azalıb. İdxalı isə artıb».

Ekspert vurğulayıb ki, ölkəyə pambıq ixracından 32.4 milyon dollar vəsait daxil olub. Amma ət və süd idxalı ilə bağlı bundan 3 dəfə çox, yəni, 107 milyon dollar ölkədən kənara çıxıb.

V.Məhərrəmli bildirib ki, son 3 ildə ölkəyə 624 milyon dollarlıq ərzaq idxal edilib. Bu, onun hesablamalarına görə, 24 faiz və ya 122 milyon dollar artım deməkdir.

Ekspertin deməsinə görə, bunun əksinə olaraq, ərzaq ixracı 81 milyon dollar azalıb:

«Ət idxalı 2.5 dəfə, süd idxalı isə 70 faiz artıb. Ölkənin buğda, çay, qənd, bitki yağları ilə təminatı, əsasən, idxaldan asılıdır».

V.Məhərrəmli hesab edir ki, ölkədə ərzaq təhlükəsizliyi baxımından vəziyyət getdikcə ağırlaşmaqdadır.

Yazıda bildirilir ki, bütün bu proses ət və südün bahalaşmasına gətirib çıxarır. Üstəlik, yerli məhsulların keyfiyyəti də pisləşir:

«Qiymət artımına təsir edən bir çox amillər var, amma hamısı bir nöqtədə -daxili istehsalın aşağı səviyyədə olmasında və xaricdən gətirilən ərzağın inhisarçıların əlində cəmləşməsində birləşir».

İlham Əliyev Astarada çay plantasiyasında
İlham Əliyev Astarada çay plantasiyasında

KƏND TƏSƏRRÜFATINDA DİRÇƏLİŞ

«Azərbaycan» qəzetində isə «Kənd təsərrüfatında yeni dirçəliş mərhələsi başlayır» sərlövhəli məqalə dərc edilib.

Yazıda bu il sentyabrın 3-də dövlət başçısının Lənkəranda keçirdiyi respublika müşavirəsinə geniş yer verilir. Üstəlik, həmin müşavirədə prezidentin çıxışından da sitatlar gətirilir.

«2017-ci ildə də Azərbaycan uğurlu inkişaf dinamikasını saxlayır, onu möhkəmləndirir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Beləliklə, biz gələcək inkişaf üçün də gözəl şərait yaradırıq...», - prezident vurğulayıb.

Müəllif yazır ki, son illərdə qeyri-neft sektorunda, xüsusilə aqrar sahədə uğurlar əldə edilib. Bir il ərzində pambıq, tütün, fındıq, barama, çay, çəltik və sitrus meyvələri istehsalı sahəsində dövlət proqramlarının qəbulu böyük dəyişikliklərə səbəb olub.

Müəllif bu illəri belə dəyərləndirir:

«Bu dövr Azərbaycanın müasir tarixində inqilabi dönüş illəri kimi qalacaq. Çünki aqrar sahədə aparılan islahatlar və bu sahəyə dövlət qayğısı bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına ödənilməsinə, xarici bazarlardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsalının artırılmasına gətirib çıxarıb».

Yazıda bildirilir ki, daxili investisiya nəticəsində yeni fabriklər, zavodlar, sənaye parkları, sənaye məhəllələri, texno- və aqroparklar yaradılır:

«Hər keçən gün ölkəmizin iqtisadi potensialı artır, idxaldan asılılıq azalır, yeni iş yerləri, sənaye müəssisələri yaradılır. Ölkə «Made in Azerbaijan» brendi ilə dünya bazarlarına keyfiyyətli məhsullar təqdim edir».

XS
SM
MD
LG