Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:29

AXCP üzvünün karikatura paylaşdığına görə saxlandığı deyilir


Üzeyir Abbasov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Üzeyir Abbasovun saxlandığı bildirilir.

Bu barədə AXCP-dən məlumat yayılıb.

«Ü.Abbasov Facebook səhifəsində karikatura paylaşdığına görə saxlanılıb və Səbail Rayon Polis İdarəsinin 8 saylı polis bölməsinə aparılıb», - deyə AXCP-dən bildiriblər. Ancaq söhbətin hansı karikaturadan getdiyi açıqlanmır.

Partiyadan verilən məlumatda iddia olunur ki, polis bölməsində o, hədələrə məruz qalıb.

«Sərbəst buraxıldıqda ona tapşırılıb ki, birinci gün yenə polis bölməsinə gəlsin. Ü.Abbasov bu hədələrdən qorxduğuna görə ABŞ səfirliyinə gedib, bu barədə onlara məlumat verib», - məlumatda vurğulanır.

AXCP-dən bildirildiyinə görə, səfirlikdən çıxdıqda isə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları onu yenidən saxlayaraq, 8 saylı polis bölməsinə aparıblar. Verilən məlumata görə, sentyabrın 3-ü gecəni Ü.Abbasov polisdə keçirib.

Bu deyilənlərə dəfələrlə cəhd göstərsək də, Səbail Rayon Polis İdarəsinin 8 saylı polis bölməsindən münasibət almaq mümkün olmayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də gəncin taleyinə aydınlıq gətirilməyib.

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. Partiya onların şərlənərək siyasi sifarişlə həbs edildiyini bildirib. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyir ki, həmin şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG