Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:34

Azərbaycansayağı 'ulduzlar'-Mətbuat icmalı


Qarabağda Azərbaycan artilleriyası
Qarabağda Azərbaycan artilleriyası

«Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında» fərman, otellərin vəziyyəti və Qubadlı rayonunun işğalı bu gün (1 sentyabr 2017-ci il) medianın aparıcı mövzularındandır…

QUBADLININ İŞĞAL GÜNDƏLİYİ…

Azadliq.info saytında «Qubadlını necә itirdik» sərlövhəli yazı oxumaq olar. Nəsimi Məmmədlinin müəllifi olduğu bu yazı Qubadlı rayonunun işğalının 24 ilinin tamam olmasına həsr edilib.

Müəllif yazır ki, Qubadlı rayonunu sonuncu dəfə 1990-cı ilin bir qış gecəsi tərk edib. Həmin vaxtlar könüllü şəkildə Qubadlının müdafiəsində iştirak edib. Ancaq Bakıda və sərhəd rayonlarında fövqəladə vəziyyət elan edildiyindən geri dönməli olub. Yazıda bildirilir ki, o vaxt Azərbaycan Xalq Cəbhəsinin üzvləri könüllü şəkildə torpaqların müdafiəsinə qalxmışdı:

«Bir qrup cəbhəçi tələbə təhsilimizi yarımçıq qoyub Laçın və Qubadlı rayonlarının müdafiəsinə dəstək üçün bu rayonlara gəldik. Ümumi işə rəhbərliyi o zaman AXC BDU şöbəsinin əlaqələndiricisi, Hüquq fakültəsində «Lenin təqaüdü» (bunu ona görə xüsusi qeyd edirəm ki, əlinə silah götürən tələbələr universitetin sıradan tələbələri deyildi və uşaqlar arasında əksəriyyətinin çox yüksək nüfuzu var idi) ilə oxuyan fəal tələbə Əli Kərimli edirdi».

Müəllif iddia edir ki, Qubadlı rayonu məhz Rusiyanın fəal dəstəyi ilə işğal edilib:

«Qubadlının Ermənistan-Rusiya silahlı qüvvələri tərəfindən işğal olunmasından 24 il keçir. 31 avqust 1993-cü ildə ulu əcdadlarımızdan bizə miras qalan doğma yurdlarımız yerlə-yeksan edildi, xarabalığa çevrildi...».

Azərbaycana gələn turistlər hara gedir?
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

ADI «BEŞ ULDUZ», ÖZÜ…

«Yeni Müsavat» qəzetində «Azərbaycan otellərinin ulduzlarına inanaqmı…» sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, Azərbaycandakı bəzi otellərin daşıdığı ulduzla xidmət arasında böyük uyğunsuzluq var. Müəllif vəziyyəti ümumi olaraq belə dəyərləndirir:

«Baxırsan ki, rayonların mərkəzində dörd-beş ulduz adı ilə otellər açılıb, amma səhər yeməyində soyutma yumurta ilə pendirdən qeyri heç nə yoxdur, hamamında təmizlik vasitələri lazımi səviyyədə deyil. Xaricdə olub, müqayisə imkanı qazandığımız üçün bizdəki ulduzların «kitayski» olması barədə ilkin təəssürat yaranır. Amma məsələ təəssüratla bitmir. Ortada ciddi faktlar var».

Yazıda bir- beşulduzlu otellər qarşılıqlı müqayisə edilir. Müəllif vurğulayır ki, Azərbaycandakı otellərin əksəriyyəti daşıdıqları ulduzlara uyğun deyil.

Müəllifə görə, Azərbaycanda otellərin çoxu beynəlxalq tələblərə cavab vermir:

«Məsələn, müştəri restorana gedir və məlum odur ki, menyuda adı yazılsa da, həmin içki yoxdur. Bu, beşulduzlu otellər üçün arzuolunmaz haldır. Otellər adətən müştəri gələndən sonra menyunu müəyyənləşdirirlər. Menyuda yazılanlar isə formal olaraq qalır».

Yazıda bəzi mehmanxanaların lisenziyasız fəaliyyət göstərməsinə də toxunulur. Müəllif iddia edir ki, bu lisenziyasız otel və mehmanxana obyektlərinin fəaliyyətinin dayandırılmasına hazırlıq gedir:

«Ölkədə 477 otel və mehmanxana obyekti var, onların 307-si lisenziyaya malikdir».

İ.Əliyev
İ.Əliyev

MÜKƏMMƏL KONSEPSİYA- STRATEJİ YOL XƏRİTƏSİ

«Azərbaycan» qəzetində «Düşünülmüş mükəmməl konsepsiya» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, ötən əsrin 90-cı illərindən fərqli olaraq, hazırda Azərbaycanın adı dünyanın inkişaf etməkdə olan ölkələri sırasında çəkilir.

Müəllif vurğulayır ki, bu gün regionun lider dövlətinə çevrilən Azərbaycanın hərtərəfli düşünülmüş, mükəmməl konsepsiya əsasında tərəqqi etdiyi göz önündədir:

«Prezident İlham Əliyevin son 14 il ərzində həyata keçirdiyi düşünülmüş, qətiyyətli daxili və xarici siyasəti, gerçəkləşdirdiyi iqtisadi islahatları ilə Azərbaycan Avrasiya məkanının ən uğurlu ölkələrinin sıralarına daxil olub. İlk növbədə, milli inkişafı, iqtisadi təhlükəsizliyi təmin edən Azərbaycan dövləti artıq dünya iqtisadi düzənində özünəməxsus mövqeyini müəyyənləşdirib».

Yazıda qeyd edilir ki, davamlı islahatlar nəticəsində Azərbaycan dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir. Ölkədəki siyasi sabitlik, iqtisadiyyatın şaxələndirilməsi, dövlət proqramlarının icrası bu uğurların əsasını təşkil edir.

Yazıda bildirilir ki, 2016-cı ilin dekabrında dövlət başçısı İlham Əliyevin imzaladığı «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında» fərman ölkənin yeni hədəflərini müəyyən edib.

Müəllif deyir ki, bu sənəd qlobal çağırışlara cavab verərək, investisiyaların cəlbi, azad rəqabət mühitinin yaradılması, bazarlara çıxış və insan kapitalının inkişafı baxımdan Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini bir qədər də gücləndirməyə imkan yaradır.

XS
SM
MD
LG