Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 14:37

'Sizin və bizim cibimizə girirlər'-Mətbuat icmalı


General Augusto Pinochet Santyaqoda dövlət çevrilişindən sonra, 1973

Azərbaycan qazını Avropaya daşıyacaq kəmər, əhalinin tibbi xərcləri və xalq-hakimiyyət münasibətləri bu gün (31avqust 2017-ci il) medianın aparıcı mövzularındandır...

«HƏR RAYONUN, HƏR BÖLGƏNİN ÖZ PADŞAHI VAR»

Azadliq.info saytında Səadət Cahangir imzası ilə diktatorlardan bəhs edən bir yazı dərc edilib. Yazıda oxuyuruq:

«Çili diktatoru Pinoçet deyirdi ki, «əgər mən hərəkətə gətirməsəm, ölkəmdə bir yarpaq belə qımıldamaz». Ölkəsində keçmişə dair yazılı hər şeyi yandıran Çin diktatoru Mao isə deyirdi ki, «artıq kitab oxumaq zərərlidir»....».

Müəllif yazır ki, əksər diktatorların sonu isə heç də xoş başa çatmayıb:

«Sonunda qazancları nə olub? Sürgün, güllələnmə, dar ağacı və ya ömürlük həbs. Yəni bütün diktatorların taleyi kimi. Yəni bunlara qədər böyük tiranlar hansı sonluğu yaşamışdılarsa, bunlar da o sonluğu yaşayıb...».

Müəllif daha sonra Azərbaycanla diktatorların hökmranlıq sürdüyü ölkələrin paralellərini aparır. Azərbaycan dövlət rəsmilərindən də sitatlar gətirir:

«Ölkənin başında duran Birinci şəxs deyir ki, bizim xalqın öz mentaliteti var və onunla başqa dildə danışmaq olmaz. Yəni bu xalqın zordan, qamçıdan, dəyənəkdən başqa dili yoxdur. Dinənin təpəsinə vur, ağzını yum, qolunu qandalla at içəri. Bu «qara camaat»a üz vermək olmaz yəni. Kimsə cızığından çıxmasın, cınqırını çıxarmasın, sözümün üstünə söz deməsin. Burda qanun da, divan da, padşah da mənəm».

Yazıda vurğulanır ki, ancaq padşahlıq iddiasında olanlar bir deyil:

«Hər rayonun, hər bölgənin öz padşahı var. Bu padşahların da yerli ənənələrə uyğun qayda-qanunları. Hər biri də öz çevrəsini qohum-əqrəbaları ilə hasarlayıb oturub. Mal-mülkləri, var-dövlətləri də bir-birindən geri qalmır».

Müəllifin gəldiyi nəticəyə görə, xalq haqqını tələb etməsə, ölkədə vəziyyət dəyişməyəcək.

Səhiyyə
Səhiyyə

SƏHİYYƏ PULSUZDURMU?

«Novoye Vremya» qəzetində «Sağlamlıqları ilə bağlı xərclərin əksər hissəsini azərbaycanlılar özləri ödəyirlər» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, məmurların Azərbaycanda səhiyyənin pulsuz olması barədə bəyanatları real həyatda özünü doğrultmur:

«Əhalini dərman preparatları ilə təmin etmək üçün son illər dövlət büdcəsinə 100-110 milyon dollar həcmində vəsait qoyulur. Bu da il ərzində adambaşına 10 dollardan bir qədər artıq vəsait deməkdir».

Yazıda bəzi Avropa ölkələri ilə də müqayisələr aparılır. Müəllif vurğulayır ki, həmin rəqəm Qərb ölkələrində 300 dollardan 1000 dollara qədər dəyişir.

İqtisadçı Rövşən Ağayev deyib ki, bu Azərbaycandan ötrü hələlik əlçatmaz statistikadır:

«Məlum olan budur ki, bizim xərclərimiz büdcədə ayrılan vəsaiti dəfələrlə üstələyir. Baxmayaraq ki, bizdə səhiyyənin pulsuz olduğu deyilir. Əslində isə sizin və bizim cibimizə girirlər».

İqtisadçı deyib ki, səhiyyə sahəsindəki acınacaqlı durumu rəqəmlər də göstərir. Onun deməsinə görə, sağlamlıqla bağlı xərclərinin 70 faizini Azərbaycan vətəndaşları özləri ödəyirlər. Səhiyyəyə ayrılan vəsait bütün büdcə xərclərinin cəmi 4.7 faizinə bərabərdir:

«Sağlamlığın keyfiyyətli şəkildə qorunmasını təmin edən səhiyyə sisteminin olmaması ölkənin ağrılı yeridir».

R.Ağayev Dünya Bankı (DB) və Azərbaycan arasında 2016-2020-ci illərdə əməkdaşlığa dair 2015-ci ildə imzalanmış sənəd barəsində danışır:

«Məsələn, bu rəqəmlər rəsmi statistikada əksini tapmır. DB-nın hesablamalarına görə, orta ailənin səhiyyə xərcləri bütün istehlak xərclərinin 10 faizi qədərdir. Bu halda da bunun 70 faizini əhali özü ödəyir, yalnız 30 faizi dövlətin üzərinə düşür».

Qaz kompressor stansiyası
Qaz kompressor stansiyası

AZƏRBAYCAN QAZINI AVROPAYA DAŞIYAN KƏMƏR

«Azərbaycan» qəzeti ««Şahdəniz-2» qazını qəbul edəcək CQBK-nın genişləndirilməsi sona yaxınlaşır» sərlövhəli məqalədə beynəlxalq qaz kəmərinin çəkilişində son durum dəyərləndirilir.

Yazıda bildirilir ki, «Şahdəniz-2» layihəsi çərçivəsində 2018-ci ildə qaz hasilatı başlamalıdır:

«Xəzərdən sualtı xətlərlə Səngəçal terminalına çatdırılan mavi yanacaq buradan «Cənub Qaz Dəhlizi»nin başlanğıc hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) vurulacaq. «Şahdəniz-2» qazını qəbul etmək üçün CQBK-da aparılan genişləndirmə işləri də tamamlanmaq üzrədir. Bu isə ümumilikdə «Cənub Qaz Dəhlizi»nin uğurla reallaşmasının şərtlərindən biridir».

Yazıda vurğulanır ki, CQBK Azərbaycan qazını Avropaya nəql edən 3 min 500 kilometrlik «Cənub Qaz Dəhlizi»nin birinci seqmentini - mühüm bir qolunu təşkil edir. Bu kəmər istifadəyə verildiyi 2006-cı ildən bu yana «Şahdəniz»in birinci mərhələsindən hasil olunan qazı daşıyır. Həmin vaxtdan kəmər «Şahdəniz» qazını Gürcüstan və Türkiyəyə çatdırır.

Müəllif hesab edir ki, «Cənub Qaz Dəhlizi»nin bünövrəsi, uğurlu başlanğıcı məhz bu kəmər olub. Kəmərin əhəmiyyəti barədə prezident İlham Əliyevdən də sitat da gətirilir:

«Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başlamışdır. Artıq «Cənub Qaz Dəhlizi»nin birinci hissəsi 2007-ci ildə istifadəyə verilib. Ondan sonrakı dövr ərzində biz böyük layihə üzərində işləyirdik...».

Günün bütün mövzuları

XS
SM
MD
LG