Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 14:12

'İşini etibarlı tut, qonşunu da…'-Mətbuat icmalı


Hərbi hissənin anbarında partlayış olub, xəsarət alanlar var
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Hərbi hissənin anbarında partlayış olub, xəsarət alanlar var

Bölgələrinin inkişafı ilə bağlı hökumətin atdığı addımlar, Balaxanı qəsəbəsinin məişət problemləri və N saylı hərbi hissənin silah anbarında baş verən yanğın bu gün (28 avqust 2017-ci il) medianın aparıcı mövzularındandır…

AĞILA GƏLƏN VERSİYALAR…

Azadliq.info saytında «Silah anbarlarını kimlər partladır?» sualına cavab axtarılır.

Qənimət Zahidin müəllifi olduğu yazıda avqustun 27-si N saylı hərbi hissənin silah anbarında yanğın və partlayışa diqqət çəkərək, yaxın illərdə ölkədə baş verən oxşar hadisələr xatırladılır.

Q.Zahid vurğulayır ki, 2016-cı ilin iyul ayının elə 27-də Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən silah zavodunda da belə bir partlayış olmuşdu. İki nəfər həlak olmuşdu, 20 nəfərə qədər işçi də yaralanaraq xəstəxanalara yerləşdirilmişdi:

«Partlayışdan dərhal sonra Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi fakt üzrə cinayət işi qaldırdı. Nə qədər təəccüblü də olsa, hadisənin araşdırılması üçün bu istintaqın kifayət etməyəcəyini hiss edən prezident də dərhal Xüsusi Komissiya yaratdı».

Müəllif hesab edir ki, aradan bir ildən çox keçsə də, istintaq və komissiyanın fəaliyyətində nəticə yoxdur:

«Dövlətin müdafiə və təhlükəsizlik sektoru üçün xüsusilə əhəmiyyətli bir hadisə baş verdi, amma həmin hadisənin nəticələri, onu doğuran səbəblər barədə heç bir qənaət əldə edilmədi. Bəlkə də, heç, istintaq da aparılmadı…».

Yazıda daha sonra baş verən hadisə ilə bağlı versiyalar nəzərdən keçirilir:

«İrəli sürülən versiyaların arasında diqqəti çəkən budur ki, təxribatdır. Silah və sursatın alındığı ölkə olan Rusiyanın adı daha çox hallanır. Lap axırda onu qeyd edək ki, «işini etibarlı tut, qonşunu da oğru görmə»».

Amma müəllif hesab edir ki, digər versiyalar da nəzərdən keçirilməlidir. Müəllifin gəldiyi nəticəyə görə, ölkənin güc strukturlarında kadrlar peşəkar xüsusiyyətlərinə görə yox, qohumluq, tanışlıq məsələləri ilə önə çəkilir:

«Silah alveri dünyada korrupsiyanın ən çox tətbiq edildiyi və buna görə də böyük pulların hərləndiyi sferadır…».

Balaxanı
Balaxanı

«MİLYONÇU BALAXANI»NIN «SƏFİL» GÜNLƏRİ

«Novoye Vremya» qəzeti «Balaxanının çöküşü: Bilmirsən, uşağı yedizdirəsən, ya tualetin məsələsini həll edəsən» sərlövhəli məqalədə qəsəbənin problemləri gündəmə daşınır.

Yazıda bildirilir ki, Balaxanı qəsəbəsi indi yaxşı dövrünü yaşamır. Xaotik, özbaşına tikintilər və artan əhali baxımından məişət problemləri də çoxalır:

«Bəla budur ki, artıq öz müddətini başa vurmuş yol və kommunikasiyalar artan yükün öhdəsindən gəlmir. Sabunçu rayon İcra Hakimiyyəti isə, görünür, bu qəsəbəni «unudub»».

Müəllif yazır ki, qəsəbədə yollar sıradan çıxıb, çox yerdə çala-çuxurlar əmələ gəlib. Sürücülər qəzetə deyiblər ki, «Balaxanıya gəldinsə, maşını təmirə qoy».

Yazıda vurğulanır ki, qəsəbənin kanalizasiya sistemi də sıradan çıxıb.

«Bizim qara günlərimiz qəsəbədə yeni məhəllələrin salınması ilə başladı. Sakinlər tullantıları birbaşa küçələrə atırlar», - Bunu isə müəllifə qəsəbə sakinlərindən biri deyib.

Başqa bir sakin isə belə deyib:

«Kanalizasiya boruları tutulur, həyətdə çala qazmalı oldum. Bu da «Nuh əyyamı» tualetidir, onu hər ay təmizləmək üçün xüsusi maşına 20 manat ödəməli oluram. Maaşım da cəmi 400 manatdır. Mən bilmirəm ki, uşaqları yedizdirim, yoxsa tualetin məsələsini həll edim».

Müəllifin yazdığına görə, hara göz gəzdirirsən, zibil yığınları gözə dəyir. Ən pis şəraitdə olanlar isə köhnə mədən ərazisində ev tikənlərdir.

«Mazut suları, qamışlıq rahat nəfər almağa imkan vermir. Ətraf dəmir hasarla çəpərlənib. Payızda yollar bataqlığa dönür, hətta rezin çəkmələrə də bizi xilas edə bilmir», - Sakinlərdən biri gileylənib.

Yazının sonunda da vurğulanır ki, vaxtilə bu qəsəbədə neft istehsalı Azərbaycan dövlətinə milyonlarla gəlir gətirib.

Hacıqabul
Hacıqabul

BÖLGƏLƏRİN YENİ İNKİŞAF MƏRHƏLƏSİ

«Azərbaycan» qəzetində «Bölgələr yeni inkişaf mərhələsini yaşayır» sərlövhəli məqalə dərc edilib.

Yazıda bildirilir ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurları dünya birliyi də yüksək qiymətləndirir. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır:

«Bu gün Azərbaycan heç kimdən asılılığı olmayan, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirən, öz müqəddəratını sərbəst şəkildə həll etməyə qadir olan ölkədir. Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinə alternativ yoxdur».

Müəllifə görə, bu siyasət nəticəsində neftdən asılılıq aradan qaldırılıb, bütün sahələr üzrə yüksək göstəricilərə nail olunub.

Yazıda vurğulanır ki, bu ilin 6 ayı ərazində qeyri-neft sektoru 1.7 faiz, qeyri-neft sənayesi 4.4 faiz, kənd təsərrüfatı 2.2 faiz artıb. Ölkənin valyuta ehtiyatları 3 milyard dollar artaraq 40 milyard dollara çatıb.

Müəllif daha sonra bölgələrin inkişafından bəhs edir. Ayrıca olaraq Göygöl rayonunda görülən işlərə toxunur:

«Son 14 ildə rayonda ümumi məhsul istehsalı 3.9 dəfə, sənaye məhsulu 1.9 dəfə, kənd təsərrüfatı məhsulları 2.3 dəfə artıb. Əsas kapitala yönəldilmiş vəsait 12.4 dəfə, tikinti-quraşdırma işlərinə sərf olunan vəsait 11.7 dəfə çoxalıb...».

Günün bütün mövzuları

XS
SM
MD
LG