Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 20:25

Vəkili: 'İstintaq Fuad Qəhrəmanlının əşyalarını geri vermir'


Fuad Qəhrəmanlı. İllüstrasiya. Gündüz Ağayev.

“İstintaq Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavinlərindən Fuad Qəhrəmanlının götürülmüş şəxsi əşyalarını geri vermir”.

Bunu F.Qəhrəmanlının vəkillərindən Nemət Kərimli bildirib.

Vəkilin sözlərinə görə, istintaq F.Qəhrəmanlının mobil telefonunu, kompüterini və sürücülük vəsiqəsini götürüb. Hazırda qeyd olunanlar geri verilmir.

Vəkil bunun qanunsuz olduğunu deyir.

Buna da bax:​ AXCP fəalının da “kars”a salındığı bildirilir

“Fuad Qəhrəmanlının mobil telefonu, kompüteri və sürücülük vəsiqəsi maddi sübut kimi tanınmayıb. Buna görə də, “Nardaran işi” üzrə istintaq qrupu həmin əşyaları və sənədləri Fuad Qəhrəmanlının ailəsinə qaytarmalı idi”, - deyən vəkil dəfələrlə istintaq qrupunun rəhbəri Pərviz İbayevə müraciət etdiyini qeyd edib.

Onun deməsinə görə, ancaq, hələ də, müraciətlərin nəticəsi olmayıb. Vəkil sənəd və əşyaların geri verilməsindən ötrü mümkün hüquqi addımların davam etdiriləcəyini bildirib.

Vəkilin bu açıqlamasına, hələlik, istintaqı aparan Baş Prokurorluqdan münasibətini almaq mümkün olmayıb.

Buna da bax: Amnesty International: ''Nardaran işi'nə yenidən baxılmalıdır'

Xatırlatma

Fuad Qəhrəmanlı "Facebook" səhifəsində yazdığı statuslara görə, 2015-ci il dekabrın 8-də həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülmüşdü.

Fuad Qəhrəmanlı ittihamları qəbul etməyib, siyasi sifarişlə həbs olunduğunu bildirmişdi.

Bu il yanvarın 25-də məhkəmə Fuad Qəhrəmanlının 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Apellyasiya məhkəməsi həmin hökmü dəyişməyib.

Buna da bax:​ Azərbaycan hakimiyyətindən 18 məhbusun azad olunması tələb edilir

2015-ci il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda ikisi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi bilgilərə görə, hazırda Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs həbsdədir.

Daha yüngül maddələrlə ittiham edilənlərə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib. Terror və bir çox ağır cinayətlərdə ittiham edilən 18 nəfərlik qrupun üzvlərinə isə uzunmüddətli cəzalar kəsilib. Fuad Qəhrəmanlı da sözügedən cinayət işi üzrə, həmin qrupun tərkibində mühakimə olunub.

Bu iş üzrə daha 3 qrupun ayrılıqda məhkəməsi gedir.

Buna da bax: Fuad Qəhrəmanlının şikayəti Avropa Məhkəməsində

“Nardaran işi” üzrə tutulanlar məhkəmədə ittihamları qəbul etməyiblər, saxlanarkən və sonrakı günlərdə onlara ağır işgəncə verildiyini söyləyiblər.

Ancaq məhkəmədə ifadə verən hüquq mühafizə əməkdaşları işgəncə şikayətlərini qəbul etməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG