Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 20:29

Azərbaycanda 'sevimli məmur' problemi - Media icmalı


Məmurun qəbuluna gedən yol. Karikatura

Ölkənin qazlaşdırılması, ləğv edilən keçmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi olmuş Akif Çovdarovun məhkəməsi və «sevimli məmur» axtarışı bu gün, avqustun 18-i ölkə mediasının əsas mövzularındandır…

«116 MANATIN GİROVUNA ÇEVRİLƏNLƏR MİLYARDLARA KEŞİK ÇƏKƏNLƏRİ NECƏ SEVSİN?»

Azadliq.info saytı «sevimli məmur» mövzusuna toxunur.

Müəllifi İlham Hüseyn olan «Niyə sevilən məmurumuz yoxdur» sərlövhəli yazıda vurğulanır ki, ölkənin hər yerindən kədər tökülür:

«Niyə bu ölkədə sevilən, ideal seçilən, simpatiya duyulan vəzifəli şəxs yoxdur? Bu ölkədə pərəstiş olunan müğənni, aktyor, idmançı, yazıçı var. Amma bu ölkədə «mən filan deputatı sevirəm», «mən filan nazirin fanatıyam», «mən filan icra başçısına rəğbət bəsləyirəm» deyən yoxdur».

Müəllif yazır ki, ölkədə sevilən vəzifəli şəxsin olmaması böyük faciədir:

«Deməli, bu ölkədə etibar edilən, arxa bilinən, vətəndaşın ürək aça biləcəyi, çiynini söykəyə biləcəyi vəzifəli da yoxdur. Sosial şəbəkələrdə paylaşılan məmur şəkillərinin altından yazılan şərhləri bir yerə yığsaq, 100 cildlik kitab alınar. Təbii ki, bu kitab birmənalı şəkildə «xoş sözlər»dən ibarət olacaq».

Müəllif hansısa vəzifəlinin həbs olunması xəbərlərinin cəmiyyətdə sevinclə qarşılandığını qeyd edir.

«Çünki adamlar başa düşür ki, bu sərvətlər halal yolla qazanılmayıb. İllərlə kirayələrdə çürüyən ailə 50 evi olan məmuru sevə bilməz. Bank faizlərinin altında əzilən vətəndaş 10 banka sahib olan məmuru sevə bilməz. Övladı şəhid olan ana övladını xaricdə bəsləyən məmuru niyə sevməlidir? 116 manatın girovuna çevrilənlər milyardlara keşik çəkənləri necə sevsin?», - müəllif sual edir.

Akif Çovdarov
Akif Çovdarov

AKİF ÇOVDAROVA İSTƏNİLƏN CƏZA...

«Yeni Müsavat» qəzetində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi Akif Çovdarova 15 il azadlıqdan məhrumetmə cəzasının istənilməsindən bəhs edilir. «Akif Çovdarova 15 il cəza istənilməsi etiraz doğurdu» sərlövhəli məqalədə hüquqşünas Əkrəm Həsənovun fikirlərinə yer verilir.

Hüquqşünasın fikrincə, Akif Çovdarova tələb olunan cəza ictimai şüurda belə bir yanaşma formalaşdıra bilər ki, «adamın varsa, istədiyini edə bilərsən. Arxa dayağın yoxdursa, deməli, qanunun ən sərt üzünü görəcəksən».

Ə.Həsənov A.Çovdarova 15 il cəza istənilməsini ədalət mühakiməsinə inamı sarsıdan hərəkət kimi dəyərləndirib.

«Akif Çovdarovun və onun təmsil olunduğu komandanın illərlə həyata keçirdikləri qanunsuzluqlar səbəbindən bu gün sahibkarların bir çoxu Azərbaycanda iş qurmaq istəmir. Heç kim təminat vermir ki, sabah ikinci bir Çovdarov meydana çıxmayacaq. Prokurorun Akif Çovdarova ən yüksək həddə deyil, daha az cəza istəməsi də qorxunun və gözləntilərin əbəs olmadığını göstərir», - hüquqşünas deyir.

O, əlavə edib ki, əslində A.Çovdarova 20 il cəza istənilməli idi.

Hərçənd, ləğv edilən MTN-in keçmiş idarə rəisi ittiham olunduğu bir çox məsələlərdə özünü günahsız sayır. O, məhkəmə proseslərində işdə zərərçəkən kimi tanınan iş adamlarının özlərini fırıldaqçılıqda ittiham edib. Akif Çovdarov həbsini düzgün saymır.

Qaz
Qaz

REGİONLARIN TƏRƏQQİSİ…

Rəsmi «Azərbaycan» qəzetində isə «Regionlar tərəqqi dövrünü yaşayır» sərlövhəli məqalə dərc edilib.

Müəllif öz fikirlərini sovet dövründə təbii qaz verilməyən yaşayış məntəqələrində indi mavi alovun şölələnməsi ilə əsaslandırır:

«Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü geridə qoymuş müstəqil Respublikamızda hazırda iqtisadiyyatın bütün sferaları üzrə kompleks islahatlar həyata keçirilir. Regional inkişafa kompleks məsələ kimi yanaşan prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilərək mühüm uğurlar əldə edilir».

Müəllif yazır ki, son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır:

«13 il öncə, 2004-cü ildə, demək olar, Azərbaycan rayonlarında təbii qaz yox idi. Respublikamız 2007-ci ilə qədər qazı xaricdən alırdı. Azərbaycanın zəngin qaz potensialından, ilk növbədə, ölkə əhalisinin bəhrələnməli olduğunu önəmli məsələ kimi qarşıya məqsəd qoyan dövlət başçısının qətiyyətli siyasi iradəsi ilə Respublikanın bütün regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirildi. Ölkənin bütün şəhərlərinin mavi yanacaq təchizatına nail olundu».

Yazıda daha sonra bu sahədə görülün işlərdən bəhs edilir. Yazının sonunda da oxuyuruq:

«Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir».

Günün bütün mövzuları

XS
SM
MD
LG