Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 23:44

Qurban bayramında əfv ola bilərmi?


Əliməmməd Nuriyev

“Son əfv sərəncamı bu ilin martında olub və 423 nəfər əfv edilib. Əfv sərəncamından bizi qısa müddət ayırır. Bu səbəbdən yaxın günlərdə əfv olacağını güman etmirəm”.

Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Qurban bayramı ərəfəsində ölkə başçısının əfv sərəncamı verəcəyi barədə xəbərləri “Turan” Agentliyinə şərh edərkən belə deyib.

Buna da bax: R.Məmmədhəsənov: 'Məmur övladına nəzarət edə bilmirsə, o boyda camaatı necə idarə edəcək?'

Onun sözlərinə görə, son həftələrdə onlara Əfv Komissiyasının iclasının olacağı ilə bağlı məlumat daxil olmayıb.

"Əfv Komissiyasına müraciətlər daxil olur. Komissiya müraciətləri öyrənir, hazırlayıb təqdim edir. Komissiyanın iclasını Əfv Komissiyanın sədri Ramiz Mehdiyev çağırır. Bu əlamətlərə görə yaxın zamanda əfv olacağını real saymıram", - o qeyd edib.

Eyni zamanda komissiya üzvü deyib ki, əfv prezidentin konstitusion səlahiyyətlərinə daxildir:

“Kimlərin əfv ediləcəyini, nə vaxt sərəncamı imzalayacağını o müəyyən edir".

Buna da bax: Məmur övladlarının törətdiyi qəzalar [araşdırma]

Ölkə başçısı İlham Əliyevin sonuncu əfv fərmanını bu il martın 16-da imzalayıb. Sənəddə 423 nəfərin adı var idi .Onlardan 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 11 nəfər isə başqa cəzalardan azad edilmişdi. Həmin siyahıda 5-dən çox siyasi məhbus sayılan şəxsin adı var idi.

Bunlar jurnalist Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov, digər qohumu Rövşən Zayıdov və Meydan TV-nin rəhbəri Emin Millinin şərti azadlığa buraxılmış qaynı Nazim Ağabəyov idi. Siyahıda həmçinin, həmin vaxt Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elvin Abdullayev, “Facebook”da "Yaltaqlara dur deyək" kampaniyası aparan ictimai fəal Əbdül Əbilov, İsmayıllı hadisələrinə görə tutulan Cəfər Cəfərov və Səxavət Səmədov da yer alırdı.

Yerli hüquq müdafiəçilərinin hazırladıqları siyahıya görə, hazırda ölkədə 160 civarında siyasi məhbus var.

Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusun olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əməllərinə görə, məsuliyyətə alınıblar.

Bu il Qurban bayramı sentyabrın 1-i və 2-nə təsadüf edir. Bu bayramda mömin müsəlmanlar qoç və iribuynuzlu mal-qara kəsib onun ətini yoxsul, kimsəsiz adamlara paylayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG