Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:37

'İndi çoxları restorana gedib pul xərcləməyi özünə rəva bilmir'-Media icmalı


Pul
Pul

Hökumətin sosial siyasəti, əhalinin bir hissəsinin qənaət rejiminə keçməsi və ölkənin kadr potensialı bu gün medianın (14 avqust 2017-ci il) aparıcı mövzularındandır...

ƏHALİ QƏNAƏT REJİMİNDƏ YAŞAMAĞA DAVAM EDİR

«Exo» qəzetində «Azərbaycan əhalisi daha az xərcləyir, biznes ölkədə daha çox çətinlik çəkir» sərlövhəli məqalə oxumaq olar.

Müəllif ölkə əhalisinin sosial problemlərini ekspertlərlə nəzərdən keçirir.

Yazıda bildirilir ki, rəsmi məlumatlara görə, son iki rübdə ölkə əhalisinin sosial-iqtisadi həyatında artım müşahidə olunur. Ancaq ekspertlər bir qədər fərqli düşünürlər:

«Rəsmi məlumatlara görə, idxal 28 faiz azalıb. Ancaq bu o demək deyil ki, Azərbaycan bir neçə ay ərzində idxalı yerli məhsullarla əvəz edə bilib. Bu məqsədə çata bilmək üçün çox vaxt lazımdır və ölkə hələ idxaldan çox asılıdır. İdxal həcminin belə kəskin azalması iqtisadiyyatdakı pis durumdan gələn siqnallardır».

Ekspertlərə görə, bazarda idxalın həcminin azalması artıq əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinin və qənaət rejiminə keçməsinin göstəricisidir. İndi çoxları restoranlara gedərək pul xərcləməyi özünə rəva bilmir.

Ekspertlər hesab edirlər ki, əhalinin nisbətən imkanlı təbəqəsi gəlirlərinin bir hissəsini «arxa»ya atmaq istəyir:

«Ancaq çoxunun sərbəst ehtiyatı yoxdur, buna görə də, gəlirlərini ən zəruri olanların alınmasına hesablayırlar. İstehlakçıların belə davranışı daha çox kiçik və orta biznesin fəaliyyətinə mənfi təsir edir. Olur ki, hətta iri şirkətlər də bundan ziyan çəkirlər».

Yazıda rəsmi statistik məlumatlara əsasən vurğulanır ki, inflyasiya 14 faizə çatıb. 2016-cı ildə isə inflyasiya 12.4 faiz olmuşdu.

Konfrans
Konfrans

KADR PROBLEMİ

«Novoye Vremya» qəzetində «İqtisadiyyatın inkişafı kadrların keyfiyyətindən asılıdır» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, ölkədə təkcə bahalaşma problemi deyil. Üstəlik, kadr problemi yaşanır.

Yazıda xatırladılır ki, rəsmi Bakı artıq bir neçə ildir iqtisadi islahatları dərinləşdirəcəyini, sahibkarlığa dəstəyi gücləndirəcəyini və ölkənin ixrac qabiliyyətini artıracağını bəyan edib.

Müəllif vurğulayır ki, xarici bazarda rəqabətdən ötrü keyfiyyətli məhsul lazımdır:

«Burada təkcə ölkənin əlverişli təbii şəraitə malik olması yetərli deyil. Keyfiyyətli məhsul isə fəhlədən, orta rəhbər eşelondan asılı deyil. Burada zəruri ixtisaslaşmaya malik mütəxəssislərə ehtiyac var».

Yazıda bildirilir ki, təhsil səviyyəsinə görə Azərbaycanın əməkqabiliyyətli əhalisi Avropadan ciddi şəkildə geri qalır. Müəllif vurğulayır ki, kadr hazırlığı sahəsində Azərbaycanın geridə qalmasını bir neçə il öncə Dünya Bankı da öz icmalında qeyd edib. Gəlirləri orta səviyyədən yuxarı olan ölkələrdən ötrü bu rəqəm 33.4, ortagəlirli ölkələrdən ötrü isə 25.5 faizdir. Azərbaycanda isə bu göstərici cəmisi 20 faiz təşkil edir.

Müəllif yazır ki, məsələ heç də təkcə diplomdan ibarət deyil. Məsələnin keyfiyyət tərəfi də çox vacibdir. Müəllifin gəldiyi nəticəyə görə, Azərbaycanda bu baxımdan durum daha da pisdir. Çünki, məzunlar çalışacaqları sahəyə təcrübə baxımından hazırlıqsız gəlirlər.

Yazıda bildirilir ki, ölkədə şirkətlərlə ali məktəblər arasında bağlantılar yoxdur. İndiki təhsilin səviyyəsi də yüksək tələblərə cavab vermir.

Müəllifin gəldiyi nəticəyə görə, indiki kadr hazırlığı səviyyəsi ilə ölkənin taleyüklü iqtisadi problemlərinin həll ediləcəyi inandırıcı görünmür.

İ.Əliyev
İ.Əliyev

UĞURLARIN SƏBƏBİ –YÜKSƏK İDARƏÇİLİK KEYFİYYƏTİ

«Azərbaycan» qəzetində «Azərbaycanda bütün sosial proqramlar uğurla icra edilir» sərlövhəli məqalə dərc edilib.

Yazıda oxuyuruq:

«2017-ci ilin altı ayının sosial-iqtisadi qiymətləndirilməsi deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ən ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli həyat tərzinin təmin olunmasıdır. Ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır».

Müəllif yazır ki, prezident İ.Əliyev iqtisadi sahədə islahatları sistemli və ardıcıl şəkildə, təkamül yolu ilə gerçəkləşdirir.

Yazıda vurğulanır ki, ölkədə qeyri-neft sektorunun inkişafı regionların tarazlı və davamlı inkişafını sürətləndirir. Müəllifin fikrincə, bu isə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasını, məşğulluğunun təmin olunmasını, yeni iş yerlərinin açılması və milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edir:

«2017-ci ilin dövlət büdcəsinin 40.3 faizinin məhz sosialyönümlü xərclər təşkil etməsi sosial sahənin, o cümlədən sosial müdafiənin təmin edilməsinin ölkə rəhbərinin daim diqqət mərkəzində olduğunu təsdiq edir».

Yazıda bildirilir ki, ötən altı ayda əldə olunmuş əhəmiyyətli sosial-iqtisadi göstəricilər də əhalinin rifah halının yaxşılaşdırılmasına, gəlirlərin və orta aylıq əməkhaqqının artmasına real şərait yaradır.

Müəllifin fikrincə, hər bir ölkənin davamlı inkişaf və tərəqqisi yüksək idarəçilik keyfiyyətindən asılıdır:

«Bu mənada dövlət başçısı İlham Əliyevin 14 illik prezidentliyi dövründə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar Azərbaycanı davamlı inkişaf və tərəqqi yoluna çıxarıb».

XS
SM
MD
LG