Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 18:01

2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21.8 milyard manatlıq məhsul istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.4 faiz azdır.

Dövlət Statistika Komitəsinin açıqlamasında belə deyilir.

Açıqlamaya görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4.6 faiz artıb, neft sektorunda isə 7.1 faiz azalıb.

Komitə bildirir ki, sənaye məhsulunun 70 faizi mədənçıxarma sektorunun, 24.8 faizi emal sektorunun, 4.4 faizi də elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun payına düşür. 0.8 faiz isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub:

«Mədənçıxarma sektorunda neft hasilatı 8.9 faiz, əmtəəlik qaz hasilatı isə 1.3 faiz azalıb»,-məlumatda vurğulanır.

İSTEHSALI ARTAN SƏNAYE MƏHSULLARI

Açıqlamaya görə, emal sektorunda qida məhsullarının istehsalı 2.3 faiz, içkilərin istehsalı 30 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 98.5 faiz, geyim istehsalı isə 49 faiz artıb.

Əczaçılıq məhsullarının istehsalının isə 2.2 dəfə artdığı bildirilir.

Bununla yanaşı, rezin, plastik kütlə məmulatlarının istehsalı 57.3, tikinti materiallarının istehsalı 38.3, kompüter, elektron məhsulların istehsalı 57.6, elektrik avadanlıqlarının istehsalı 69 və mebel istehsalı 26.1 faiz çoxalıb.

AZALAN SƏNAYE MƏHSULLARI

Açıqlamaya görə, tütün məmulatlarının istehsalı 23.6, dəri, dəri məmulatlarının, ayaqqabıların istehsalı 38.3, poliqrafiya məhsullarının istehsalı 43.1, metallurgiya sənayesi məhsullarının istehsalı 9.4, maşın və avadanlıqların quraşdırılması, təmiri işləri isə 52 faiz azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG