Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:55

Deputata görə, bu quruma daxil olmaq olduqca vacibdir


V.Əhmədov
V.Əhmədov

Regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət Proqramları, Ümumdünya Ticarət Təşkilatına üzvlüyün yubanması və problemli kreditlərin həcminin artmaqda davam etməsi bu gün (10 avqust 2017-ci il) medianın aparıcı mövzularındandır.

20 İLLİK DANIŞIQLARIN GÖRÜNMƏYƏN SONU

«Yeni Müsavat» qəzetində «Azərbaycan Ümumdünya Ticarət Təşkilatına niyə üzv olmur?» sualına cavab axtarılır.

Müəllif xatırladır ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasından ötrü 20 ildir danışıqlar gedir. Amma məsələ həllini tapmır.

İqtisadçı-deputat Vahid Əhmədov deyib ki, bu quruma üzvlüyün yolu uzundur:

«Bununla bağlı dövlət başçısı İlham Əliyevin xüsusi sərəncamı da var. Xarici İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyinə tapşırıb ki, danışıqlar aparsın...».

V.Əhmədov vurğulayıb ki, Azərbaycanın quruma daxil olmağı çox vacib məsələdir. Bu, daxili bazarda stabilliyə müəyyən qədər xidmət edə bilər. Amma burada bir sıra nüanslar var ki, onlar da həllini tapmalıdır.

Deputat deyib ki, ölkə quruma üz olduqda məhsul idxalında problem olmayacaq. Amma istənilən məhsulun da ölkəyə daxil olması yerli bazara, istehsalçılara və sahibkarlara problem yarada bilər.

V.Əhmədov hesab edir ki, gömrük rüsumları ilə əlaqədar məsələlərdə müəyyən fikir ayrılığı olduğundan, hələlik danışıqlar öz həllini tapmır.

Digər iqtisadçı Vüqar Bayramov da ölkənin bu quruma üzvlüyünü vacib sayır. Ancaq o hesab edir ki, bu proses sürətləndirilməlidir:

«İndiki dövrdə bu qurumdan kənarda qalmağa ciddi əsas yoxdur. Beşillik güzəşt müddəti ölkə iqtisadiyyatını ÜTT tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyır. Əvvəlki dövrlərə baxdıqda bu gün ÜTT üzvlük imkanları daha genişdir».

Ekspert vurğulayıb ki, rəsmi Bakı yaxın vaxtlarda quruma üzvlüyü tərəddüdsüz qəbul etməlidir:

«Qazaxıstan bu təşkilata üzv olduqdan sonra Azərbaycanın bu quruma üzv olması olduqca vacibdir».

Pul
Pul

VAXTIKEÇMİŞ KREDİTLƏR ARTIR

«Novoye Vremya» qəzetində «Vaxtıkeçmiş kreditlər rekord vurur» sərlövhəli məqalə oxumaq olar.

Yazıda Mərkəzi Banka istinadən bildirilir ki, bu il iyulun 1-də problemli kreditlərin həcmi 1 milyard 810.7 milyon manata çatıb. Ay ərzində problemli kreditlər 70.9 milyon manat və ya 4 faiz artıb. İlin əvvəlindən bu yana isə 338.1 milyon manat və ya 23 faiz artım baş verib:

«Beləliklə, bütün kredit portfelində problemli kreditlərin payı 13 faiz həcminə çatıb. Halbuki, may ayında bu nisbət 11.8, keçən ilin sonuna 9 faiz idi».

Yazıda bildirilir ki, problemin həlli yubandıqca, vaxtıkeçmiş kreditlərin həcmi artır. Nəticədə bank sektorunun problemləri daha da dərinləşir.

Müəllifin fikrincə, kimsə hesab edirsə ki, bank sisteminin problemlərini ödənilməmiş kreditlər problemindən kənarda həll etmək olar, yanılır.

Yazıda vurğulanır ki, ölkə vətəndaşlarının sosial-məişət durumu yaxşılaşmır. İndiki qiymət bahalaşması və inflyasiya fonunda bank borclularının həcimi daha da artacaq.

Müəllif hesab edir ki, faizlərin aşağı salınması bu problemin həllinə müəyyən təkan verə bilərdi. Müştərilərə fiziki, mənəvi-psixoloji təzyiqlərlə və hüquq-mühafizə orqanlarına müraciətlə problemi çözmək mümkün deyil:

«Problemin həlli əvəzinə, həm belə kreditlərin, həm də intiharların sayının artdığını görürük. Təzyiq və ya hədə problemin həlli yolu deyil. Bundan da irəli gələrək aidiyyəti qurumlar ölkənin bank sisteminin, vətəndaşların marağını qorumaqla bu dalandan çıxış yolunu tapmalıdırlar. Əks halda, bütün bank sektorunun böhranı hələ uzun müddət davam edəcək».

Qaxda Respublika müşavirəsi
Qaxda Respublika müşavirəsi

REGİONLARIN İNKİŞAFI

«Azərbaycan» qəzetində «Regional inkişafda yeni mərhələ» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, Azərbaycan yerləşdiyi regionda davamlı inkişaf edən, xoşməramlı məqsədlərinə doğru inamla irəliləyən dövlətə çevrilib:

«Son 14 ildə ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin istifadəyə verilməsi aparılan işlərin uğurlarından xəbər verir. Bu kontekstdə regional inkişafa xidmət edən dövlət proqramlarının həyata keçirilməsi, sənayeləşmə prosesinin sürətləndirilməsi də diqqət mərkəzindədir».

Müəllif hesab edir ki, regionların davamlı inkişaf etdirilməsi dövlətin sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsidir.

Yazıda vurğulanır ki, xarici investisiyaların regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ana xəttidir.

Müəllifin gəldiyi nəticəyə görə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası bölgələrin simasını dəyişdirib.

Yazıda xatırladılır ki, prezident İ.Əliyev bu günlərdə Qaxda keçirilən Respublika müşavirəsində də elə bu məsələ barədə danışıb. Prezidentdən belə bir sitat da gətirilir:

«2004-cü ildə mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edildi. Bu proqramın ölkə tarixində çox böyük rolu var. İndi təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, bizim bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi. Məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi…».

XS
SM
MD
LG