Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:52

'Bizdə tenderlərdə qalib əvvəlcədən məlum olur' – Media icmalı


Alınan qida məhsullarının 33 faizi zibil vedrələrinə atılır
Alınan qida məhsullarının 33 faizi zibil vedrələrinə atılır

Ölkədə qeyri-neft sektorunun vəziyyəti, ərzaq məhsullarından düzgün istifadə edilməməsi və korrupsiyaya ilə səmərəli mübarizə aparmağın yolları bu gün medianın (4 avqust 2017-ci il) aparıcı mövzularındandır...

ZİBİLLİYƏ ATLAN ƏRZAQ MƏHSULLARI

«Exo» qəzetində «Azərbaycanlılar zəruri olandan 30 faiz artıq qida məhsulları alırlar» sərlövhəli məqalə oxumaq olar.

Yazıda bildirilir ki, bəzən supermarketlərdən arabalarla ərzaq malları alanların şahidi olmaq mümkündür. Müəllifin müşahidələrin görə, onlar ya böyük ailə, ya da israfçıdırlar.

Yazıda vurğulanır ki, bir çox hallarda məhz ikinci təxmin baş verir. Alınan ərzağın bir hissəsi sonrada zibil vedrələrinə atılır.

Müəllif xatırladır ki, Qərbdə artıq çoxdandır yararlı qidanın atılmaması kimi sosial-iqtisadi layihə həyata keçirilir:

«Həmin qida məhsullarını istənilən insan götürə bilər, bu xeyirxahlıq yox, ekoloji təşəbbüsdür. Əsas hədəfi də həddən artıq istehlakçılıqla mübarizə, eyni zamanda resursları qorumaq və onu başqaları ilə paylaşmaqdır».

Ekspert Emma Abdullayeva da mövzunu belə dəyərləndirir:

«Azərbaycanda belə bir hərəkat yoxdur, dünyada isə bu hərəkat sürət götürür, daha çox insanları ətrafında toplayır. Hərəkatın da səbəbi budur ki, ərzaq ehtiyatları tükənməz deyil, planet əhalisi isə artmaqdadır, odur ki, nə qədər çox qidaya qənaət olunsa, o qədər yaxşıdır. Bunu da deyək ki, Azərbaycanda qida məhsulları o qədər də çox zibilə atılmır, çünki ölkədə yarımfabrikatlardan istifadə o qədər də geniş yayılmayıb».

Başqa bir ekspert Nəriman Ağayev isə deyib ki, ərzaq paylaşması ölkənin regionlarında daha güclüdür. Amma paytaxt Bakıda bu hiss edilmir:

«Biz hələ öyrənməmişik ki, qarpızı 1 kiloqram alaq. Bütöv alırıq, istifadə edə bilmədiyimizə görə sonra da yarısını zibil vedrəsinə atırıq. Son tədqiqatlarımıza istinadən deyə bilərik ki, bütün dünyada alınan qida məhsullarının 33 faizi zibil vedrələrinə atılır və bu mənada bizim ölkə də istisna deyil».

Yol çəkilişi
Yol çəkilişi

«KORRUPSİYA BÖHRANDAN ÇIXMAĞA MANE OLUR»

«Novoye Vremya» qəzetində diqqəti «Rüşvət, korrupsiya, talama hələ də var» sərlövhəli məqalə cəlb edir.

Yazıda bildirilir ki, hüquq-mühafizə orqanları hansısa təhsil müəssisəsində 48 min manat vəsaitin mənimsənilməsinə görə cinayət işi başlayıblar. Müəllif bunu təqdir etsə də, daha iri korrupsiya halları ilə mübarizəni vacib sayır:

«Mühakiməsi gedən ləğv edilmiş MTN generallarının 56 milyon manat əmlaklarının müsadirə olunması barədə iki gün öncə informasiya gedib. Rabitə Nazirliyinin mühakimə edilən məmurlarının da əmlakları heç də bundan az deyil. Bunlar təsdiq edir ki, yuxarı eşelonda xüsusilə külli miqdarda talama sübutları var».

Yazıda vurğulanır ki, bu biabırçılıqlar bir-iki il ərzində yox, on illiklər ərzində baş verib. Yalnız yuxarıların icazəsi olduqda antikorrupsiya ilə bağlı cinayət işləri başlaya bilir.

Müəllif hesab edir ki, korrupsiya ilə mübarizə məqsədilə icra hakimiyyətlərinin yerlərdə və ya mərkəzlədə fəaliyyətləri də yoxlanılmalıdır. Xüsusilə, tenderlərin keçirilməsi nəzarətə götürülməlidir:

«Bizdə tenderlər formal keçirilir, qalib əvvəlcədən məlum olur. Bir qayda kimi, bunun başında hakimiyyətdə olan müəyyən məmurlar dayanırlar. Amma nə üçünsə bu qədər əməllər olan yerdə hay-küylü korrupsiya halları çox az aşkarlanır».

Müəllifin fikrincə, yüksəkvəzifəli məmurlara münasibətdə korrupsiya ilə bağlı mübarizə güclənmədiyi halda, məişət səviyyəsində rüşvətxorların tutulması nəticə verməyəcək.

Yazıda bildirilir ki, yuxarılarda korrupsiyanın kökü kəsilərsə, aşağılarda vəziyyət qaydasına düşəcək.

Müəllif hesab edir ki, korrupsiya xərçəng kimi ağır fəsadlar törədir. Korrupsiya ölkənin böhrandan tezliklə çıxması səylərinin qarşısını alır:

«Bundan da qorxulusu o, ölkənin milli təhlükəsizliyinə təhlükədir. Ona görə də, korrupsiya ilə mübarizə bütün istiqamətlərdə və dövlət hakimiyyətinin bütün səviyyələrində aparılmalıdır».

İ.Əliyev
İ.Əliyev

QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAF DÖVRÜ

«Azərbaycan» qəzetində «Azərbaycanda qeyri-neft sektoru yeni inkişaf dövrünü yaşayır» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, iqtisadiyyatın şaxələndirilməsi, investisiya qoyuluşunun sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması və ölkənin ixrac imkanlarının genişləndirilməsi ötən ildən həyata keçirilən yeni iqtisadi islahatların əsas istiqamətləridir.

Müəllif ölkədə qeyri-neft sahəsinin inkişaf parametrlərinin müəyyən olunması ilə bağlı dövlət başçısı İlham Əliyevin imzaladığı sənədlərin üzərində dayanır:

«Sərəncamlara əsasən, qeyri-neft sektorunda istehsal və ixrac stimullaşdırıldı, iş adamlarına vergi, gömrük güzəştləri tətbiq olundu. Ölkə məhsullarının xarici ölkələrdə tanıdılması üçün ixrac missiyaları quruldu».

Müəllif vurğulayır ki, reallaşdırılan islahatlar qeyri-neft sahəsinin inkişafına və qarşıdan gələn dövrdə yeni iqtisadi uğurların əldə edilməsinə istiqamətlənib.

Yazıda prezidentdən belə bir sitat da gətirilir:

«Altı ayın göstəriciləri məni çox qane edir, qeyri-neft iqtisadiyyatımız altı ayda 1.7 faiz artıb ki, bu çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Qeyri-neft iqtisadiyyatımızda 1.7 faiz artım apardığımız iqtisadi islahatların nəticəsidir».

XS
SM
MD
LG