Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 00:59

Siyasi fəal Bəxtiyar Hacıyev nə üçün saxlanmışdı? [yenilənib]


Bəxtiyar Hacıyev

Bu haqda B.Hacıyev özü məlumat verib. Siyasi fəal saxlanmasını belə izah edib.

B.Hacıyev bildirib ki, bu gün, avqustun 2-də şəxsi avtomobili ilə Heydər Əliyev Fondunun qarşısında insidentlə üzləşib. Onun avtomobilinin olduğu zolaqda yol polisi əməkdaşları hərəkəti dayandırıblar.

“Gördüm ki, yol polisi əməkdaşları qarşıda bir ağsaqqalı təhqir edir, söyür və vuraraq maşına basırlar. Telefonumu çıxarıb bunu çəkmək istəyəndə, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin rəis müavini, alay komandiri Rəşadət Babayev pəncərədən əlini maşına salıb, qapını açıb, telefonu zorla əlimdən aldı. Əməkdaşlara göstəriş verdi ki, maşını cərimə dayanacağına, özümü isə sutkalıq həbs üçün 9-cu bölməyə aparsınlar”, – B.Hacıyev bildirib.

Buna da bax:​ Gənclər 21 il baş nazir, 23 il daxili işlər naziri olanlardan nə gözləyir? [video]

B.Hacıyevin sözlərinə görə, R. Babayev əvvəlcə onun maşınına, sonra isə qoluna yumruqla vurub, onu hədələyib. Gənc fəalın bildirməsinə görə, O, ölkə prezidentini müşayiət etdiyini vurğulayaraq, onu təhqir edib.

B.Hacıyevin bildirməsinə görə, onu və yaşlı kişini 9-cu polis bölməsinə aparıblar.

“Bölmədə ağsaqqalın halı pisləşdi, təcili tibbi yardım çağırdılar. Məni isə həbslə hədələyirdilər. Bir neçə saat gözlətdikdən sonra, Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) aparıb, orada telefon, sürücülük vəsiqəmi qaytarıb, buraxdılar”, – B.Hacıyev deyib. O, ölkə başçısının bir müddət öncəki çıxışlarından birinə xitab edərək, yol polisi əməkdaşının cəzalandırılmasını istəyib.

“Prezident dəfələrlə çıxışlarında deyib ki, ictimai nəzarət lazımdır. Jurnalistlərə ev hədiyyə edəndə dedi ki, siz yazın, mən mətbuatdan məlumat alıram və tədbir görürəm. Əgər belədirsə, o boyda yazılanlara birini də mən əlavə etdim, hamilə qadını ərinin yanında təhqir edən, ağsaqqala söyüş söyən, adamın onu müşayiət etməsindən narahat olacaqsa, vəzifəsindən azad etsin”, – B.Hacıyev bildirib.

Buna da bax:​ Bəxtiyar Hacıyev: «Azərbaycanda genişmiqyaslı etirazları təşkil edə biləcək şəxslər həbsdədir»

Məsələyə hələlik, Baş Dövlət Yol Polisi İdarəsindən və Dövlət Yol Polis İdarəsinin rəis müavini, alay komandiri Rəşadət Babayevdən münasibət almaq mümkün olmayıb.

* * *

Bu gün, avqustun 2-si günün ikinci yarısı siyasi fəal Bəxtiyar Hacıyevı polislərin saxladığı bildirilir.

Məlumata görə o, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə mübahisə edib. Onun mübahisə etməsinə görə, saxlanıldığı, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparıldığı deyilir.

Hazırda bölmədə saxlanıldığı bildirilən siyasi fəalın telefonu cavab vermir.

Sözügedən bölmədən Qafqazinfo.az saytına B.Hacıyevin saxlanıldığını təsdiqləyiblər.

Buna da bax:​ Bəxtiyar Hacıyev 100 manat cərimə edildi

Bölmədən araşdırma aparıldığını, nəticəsi barədə ictimaiyyətə bilgi veriləcəyi bildirilib.

Bu, B.Hacıyevin yol polisi əməkdaşları ilə mübahisəyə görə, saxlanılması ilk hadisə deyil. O, bundan əvvəl ötən ilin avqust ayında Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparılmışdı. Həmin vaxt da siyasi fəalın saxlanması Dövlət Yol Polisi əməkdaşları ilə mübahisə zəminində baş vermişdi.

1 il əvvəl Bəxtiyar Hacıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə günahlandırılmış, Yasamal Rayon Məhkəməsi onu 100 manat cərimə etmişdi.

Buna da bax: B. Hacıyevin polislə çəkişməsi yenə bitmədi...

B.Hacıyev onda bildirirdi ki, heç bir qanuni əsas olmadan yol polisi onun barəsində protokol tərtib edilib. Üstəlik, polis onunla əl-qolla danışıb. O, şikayət vermək istəyəndə isə, polislərin özləri ondan şikayətləniblər.

Xatırlatma

Harvard Universiteti məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında həbs edilib. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

B.Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG