Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 13:01

ASC-dən Hesablama Palatasına cavab


İ.Əliyev ağac əkir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu» ASC Hesablama Palatasının bu günlərdə onlarla bağlı açıqlanan hesabatına münasibət bildirib.

ASC bildirir ki, aparılan auditin nəticəsində maliyyə pozuntusu faktı qeydə alınmayıb. Üstəlik, yeyinti və mənimsəməyə yol verilməyib:

«Bəzi xırda qüsurlar müşahidə edilib. Bununla bağlı Palata Cəmiyyətə tövsiyə xarakterli göstərişlər verilib və həmin qüsurlar yoxlamanın gedişində aradan qaldırılıb».

ASC-nin açıqlamasında vurğulanır ki, müəyyən olunan bəzi qüsurlar nəzəri göstərişlərlə praktik işdə yaranan uyğunsuzluqlardır və aradan qaldırılması asan olan məsələlərdir.

Yaşıllıq sahələrinin artıq göstərilməsinə cavab verən ASC rəhbərliyi bütün işlərin normativlərlə görüldüyünü, büdcə proqnozlarının bu sahələrə uyğun olduğunu bildirir.

ASC bildirir ki, yaşıllıqlar artdığından proqnozlar da artıb. Ştat cədvəlləri təsdiq edilərkən vahid yanaşmasının olmaması isə bağbana düşən xidmət sahəsinin fərqli olması ilə əlaqələndirilir.

XATIRLATMA

Hesablama Palatası iyulun 31-də son iki ildə dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu» ASC-yə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələrini açıqlamışdı

Audit bütünlükdə 18 milyon 631.2 min manat vəsaiti əhatə edirdi.

Hesabatda bildirilirdi ki, ASC büdcə vəsaitlərinə dair proqnozlar tərtib edərkən, əsas fəaliyyəti üzrə qulluq göstərilən yaşıllıq sahələri əvvəlki illərin faktiki göstəricisinə nisbətən kəskin fərqlə çox göstərilib. Üstəlik, proqnoz məbləğləri ötən illərin icra məbləğlərindən çox hesablanıb. Hesabatda həmçinin qeyd edilirdi ki, əməyin ödənişi ilə bağlı Vahid Tarif Cədvəli üzrə müəyyən olunmuş məbləğlərdən artıq vəsaitlər proqnozlaşdırılıb və icra edilib.

Azərbaycanda Hesablama Palatasının fəaliyyətinə birmənalı münasibət yoxdur. Bəzi ekspertlər hesab edir ki, bu qurum iri korrupsiya halları ilə çevik mübarizə apara bilmir. Onlar bunu Hesablama Palatasına nəzarət edən parlamentin müstəqil olmaması ilə izah edirlər. Hərçənd, əksər deputatlar bu fikri qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG