Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:33

Əhalinin məşğulluq səviyyəsi, daşınmaz əmlak bazarındakı durum, dizel yanacağının qiymətinin artması ilə bağlı gözləntilər bu gün medianın (28 iyul 2017-ci il) aparıcı mövzularındandır…

ÜÇÜNCÜ DEVALVASİYA BELƏ…

«Exo» qəzetində «Üçüncü devalvasiya belə, Azərbaycanın daşınmaz əmlak bazarındakı qiymətləri dəyişə bilməz» sərlövhəli məqalə oxumaq olar.

Ekspert Nüsrət İbrahimli daşınmaz əmlak bazarı ilə bağlı mövcud vəziyyəti qəzetə belə dəyərləndirib:

«Azərbaycanda hətta manatın növbəti devalvasiyası baş versə belə, bu, daşınmaz əmlak bazarında qiymətlərin dəyişməsinə səbəb olmayacaq. Çünki istər ilkin, istərsə də təkrar bazarda mənzillərin dəyəri minimal həddədir».

Ekspert deyib ki, Azərbaycanın daşınmaz əmlak bazarı heç də yaxşı dövrünü yaşamır. Onun fikrincə, bu vəziyyət 2008-2009-cu illərdəki böhran dövründən fərqlidir:

«Mənzil qıtlığı dövrü qurtarıb, indi bu bazar məhdud ödəniş qabiliyyətli tələb və həddən artıq təklif böhranı yaşayır. Get-gedə aydın olan budur ki, bu müvəqqəti hal yox, uzunmüddətli tendensiyadır».

N.İbrahimli hesab edir ki, neft sektoru milli iqtisadiyyatın lokomotividir. Qeyri-neft sektoru xəzinəyə əhəmiyyətli dərəcədə dəstək verə bilmir.

Ekspert vurğulayıb ki, 2015-ci ildən Azərbaycanda mənzil qiyməti təkcə ikinci bazarda yox, ilkin bazarda da enməyə başlayıb. Buna səbəb isə yürüdülən pul-maliyyə siyasətidir:

«Davam edən böhran, Mərkəzi Bankın inflyasiyaya ilə mübarizə apara bilmək üçün ölkədə pul kütləsini azaltması bu durumu yaradıb. Bu da nəticə etibarilə gəlirlərin azalmasına, əhalinin kasıblaşmasına, mənzilə tələbatın azalmasına gətirib çıxarıb. Aydındır ki, mənzil şəraitini yaxşılaşdırmaq üçün sadə vətəndaşın pulu yoxdur».

N.İbrahimli deyib ki, ancaq bundan sonra mənzil bazarında qiymətlərin enməsi müşahidə edilməyəcək. Çünki tikintinin maya dəyəri ilbəil bahalaşır...

Azərbaycanda benzin bahalaşdı
Gözlə

No media source currently available

0:00 0:00:23 0:00

DİZEL DƏ BAHALAŞA BİLƏR?

«Yeni Müsavat» qəzetində isə «Dizel yanacağı da bahalaşa bilər, amma…» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda ekspert Rəşad Həsənovla dizel yanacağının qiymətinin qalxa bilməsi ehtimalları müzakirə edilir.

Müəllif xatırladır ki, iyulun 15-də Tarif Şurası Aİ-92 markalı benzinin qiymətini 70 qəpikdən 90 qəpiyə qaldırıb. Bundan irəli gələrək dizellə işləyən avtomobillərə maraq artıb. Elə buna görə də, son günlər avtomobil bazarında dizellə işləyən avtomobillər 15-20 faiz bahalaşıb.

Yazıda bildirilir ki, yük maşınlarının əksəriyyəti dizellə işləyir. Dizelin bahalaşması bütün sahələrdə qiymət artımının vüsət almasına, kənd təsərrüfatının iflic hala düşməsinə gətirib çıxara bilər:

«Əvvəlki dövrlərdə adətən dizellə Aİ-92 markalı benzinin qiyməti paralel bahalanırdı. Bu dəfə hökumət məhz Aİ-92 markalı benzinin qiymətini qaldırdı, dizelin qiyməti hələ bahalanmayıb. Bunun səbəbi sürətli inflyasiyanı müəyyən bir qədər önləmək, həm də bəzi sahələrə inzibati formada təzyiq üçün arqument saxlamaq idi», - R.Həsənov durumu qəzetə belə şərh edib.

Amma R.Həsənov bu fərqin uzunmüddətli davam edəcəyinə nikbin baxmır:

«Avtoparkın strukturunun dəyişməsi gələcəkdə daha çox dizellə işləyən texnikanın və nəqliyyat avadanlıqlarının ölkəyə gətirilməsinə rəvac verəcək. Belə olduqda isə müxtəlif qrupların bu yöndə öz maraqlarını qoruma cəhdləri ortaya çıxacaq. Bundan irəli gələrək düşünürəm ki, bir neçə aydan sonra dizelin qiymətinin artması ilə bağlı Tarif Şurasının qərarını eşidəcəyik».

Gəncədə əmək yarmarkası
Gəncədə əmək yarmarkası

YENİ İŞ YERLƏRİ…

«Azərbaycan» qəzetində «İlin birinci yarısında ölkədə 122 min yeni iş yeri açılıb» sərlövhəli məqalədə əhalinin məşğulluq səviyyəsindən bəhs edilir.

Müəllif yazır ki, əhalinin sosial müdafiəsinin mühüm elementi işlə təminatdır. Çünki işi olan, əməkhaqqı alan vətəndaşın dövlətdən müxtəlif sosial müavinətlər almasına zərurət qalmır.

Yazıda xatırladılır ki, Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı İlham Əliyev də əhalinin işlə təmin edilməsinin əhəmiyyəti haqda danışıb və bu sahədə statistik rəqəmləri açıqlayıb. Müəllif həmin çıxışdan sitat təqdim edir:

«Bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir. Onu da qeyd etməliyəm ki, 24 min iş yeri bağlandı. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var».

Müəllif bildirir ki, ölkədə rəsmi olaraq 36.3 min nəfər işsiz status alıb. Bunun da 37.3 faizi qadınlardır:

«Dövlət işsiz vətəndaşların sosial ehtiyaclarını ödəməyi də diqqət mərkəzində saxlayır. Belə ki, bu dövr ərzində işsizliyə görə verilən müavinətin orta məbləği 258.3 manat olub».

Müəllif hesab edir ki, ölkədə yeni iş yerlərinin açılması sahibkarlığın inkişafı ilə bağlıdır. Yazıda qeyd edilir ki, bu ilin yanvar-iyun ayları ərzində fəaliyyətə başlayan müəssisə və təşkilatların sayı 4.9 faiz artıb.

Müəllif vurğulayır ki, münbit investisiya mühiti xarici sahibkarları ölkəyə cəlb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG