Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 13:42

ABŞ Senatı iyulun 27-də Rusiyaya sanksiyaları sərtləşdirən layihəni yekdilliklə qəbul edib. İran və Şimali Koreyaya da yeni sanksiyalar qoyan layihə 98-2 səs çoxluğuyla qəbul olunub.

Prezident Donald Trump bu layihəyə etirazını bildirmiş, Rusiya prezidenti Vladimir Putin-sə bunu cavabsız qoymayacağını demişdi.

Layihə Ağ evə göndərilib. İndi Trump ya onu imzalayacaq, ya da veto qoyacaq.

Layihə daha öncə Nümayəndələr Palatasında 419-3 səs çoxluğuyla qəbul olunmuşdu.

Bu, Trump administrasiyası dövründə Konqresin təsdiqlədiyi ilk böyük xarici siyasət layihəsidir.

VETO RƏDD OLUNA BİLƏR

Trump Rusiyayla münasibətləri yaxşılaşdırmaq tərəfdarı olduğunu deyir. Ancaq vəzifəyə keçəndən Rusiyanın onun seçilməsinə mümkün dəstəyi üzrə təhqiqat gedir.

Elə yeni sanksiyaların məqsədi Rusiyanı seçkiyə iddia olunan müdaxiləsinə, Ukraynaya təcavüzü və Suriyada qanlı vətəndaş müharibəsində hökumətə dəstəyinə görə cəzalandırmaqdır.

Trump sənədə veto qoysa belə, hər iki palata bu vetonu rədd edə bilər.

Ağ ev indiyədək Rusiyaya sanksiyaların sərtləşdirilməsinin tərəfdarı kimi çıxış edib. Ancaq prezidentin əl-qolunun bağlanmasına etiraz edib. Belə ki, prezidenti Rusiyayla «İslam Dövləti» (İŞİD) ekstremist qruplaşmasıyla mübarizədə əməkdaşlıq vədinə əməl etməyə çalışır.

Ağ ev iyulun 27-də bildirib ki, Trump, hələlik, layihəni imzalayacağına, yaxud veto qoyacağına qərar verməyib.

V.Putin
V.Putin

CAVAB TƏDBİRLƏRİ HƏDƏSİ

Qüvvəyə minərsə, bu layihə Trump-ın ABŞ-da müsadirə olunmuş Rusiya diplomatik mülkiyyətinin qaytarılmasını əngəlləyər. Sələfi Barack Obama həmin binaları elə Rusiyanın ABŞ-da seçkiyə müdaxiləsiylə bağlı ABŞ kəşfiyyat agentliklərinin açıqlamalarından sonra müsadirə edib.

Rusiya seçki kampaniyasına müdaxilə etmədiyini deyir. ABŞ Dövlət Departamentiylə yüksəksəviyyəli danışıqlar vasitəsilə onları qaytarmağa çalışır. Qaytarılmazsa, cavab tədbirləriylə hədələyir.

Rusiya prezidenti Vladimir Putin iyulun 27-də deyib ki, Konqresin addımları Vaşinqtonla Moskvanın onsuz da gərgin münasibətlərini daha da gərginləşdirir.

«Ölkəmizə qarşı bu kobudluğa qarşı sonsuz dözmək mümkün deyil», – Putin Finlandiyada jurnalistlərə deyib.

«ABŞ-Rusiya münasibətlərinin Birləşmiş Ştatlarda daxili siyasət məsələlərinin həllinə qurban verilməsi çox kədərlidir», – Putin deyib.

«HÜCUMLARA DÖZƏN DEYİLİK»

Konqres üzvləri isə bu qanun layihəsini vacib sayırlar.

«Birləşmiş Ştatlar Vladimir Putin-ə və istənilən digər təcavüzkara güclü mesaj göndərməlidir ki, demokratiyamıza hücumlara dözən deyilik», –Senatın Silahlı xidmətlər komitəsinin sədri John McCain deyib.

Trump-ın Respublikaçılar Partiyasının liderləri onu qanunvericiliyi imzalamağa çağırıblar.

«Qanun layihəsini veto qoymaq barədə ciddi düşünən kimisə təsəvvürümə gətirmirəm», – Senatın Xarici əlaqələr komitəsinin sədri Bob Corker deyib.

Yeni qanun layihəsi Putin və ona yaxın oliqarxlara Rusiyada korrupsiya və insan haqları pozuntularına görə sanksiyalar nəzərdə tutur. Eləcə də Rusiya iqtisadiyyatının vacib sektorları, silah satışı və enerji ixracı sahələrinə sanksiyalar gözlənir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG