Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 14:51

Yevlax xəstəxanasında yanğın olub, xəstələr köçürülüb


Yanğın

Bu gün, iyulun 27-də Yevlax Mərkəzi Xəstəxanasında yanğın baş verib. İlkin məlumatda yanğının xəstəxananın 4-cü mərtəbəsində baş verdiyi söylənir. Hadisə vaxtı xəstəxanada 50-dək xəstənin olduğu bildirilir.

Yanğının bir saata kimi davam etdiyi deyilir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və yanğınsöndürən maşınları yanğını nəzarətə alıblar.

Yanğın nəticəsində xəstələrin, xəstəxana personalının xəsarət almadığı, onların zamanında təxliyə edildiyi bildirilir.

Yevlax Rayon Mərkəzi Xəstəxanasının tabe olduğu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti də bu haqda məlumat yayıb.

Məlumatda vurğulanır ki, agentliyin direktoru da hadisə yerinə gedib. Stasionar müalicə alan xəstələrin Mingəçevir Mərkəzi Xəstəxanasında yerləşdirilməsi təmin olunub.

Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında isə bildirilir ki, xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə dörd oturacaq yanıb.

Yanğın zamanı bir neçə xəstə təhlükəsiz əraziyə təxliyə olunub. Ölən və xəsarət alan yoxdur.

«Report»un xəbərində isə bildirilir ki, yanğına görə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına xəstələri təxliyə edən təcili tibbi yardım maşınlarından biri qəzaya uğrayıb.

Təcili tibbi yardım maşınının yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirdiyi, yol kənarındakı maneəyə çırpılaraq yararsız hala düşdüyü deyilir. Maşındakı xəstələrin taksi ilə xəstəxanaya çatdırıldığı qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG