Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 18:36

"Analoqsuz hadisə...' - Media icmalı


Əti pambıq bahalaşdırır?
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Əti pambıq bahalaşdırır?

Jurnalistlərə dövlət hesabına mənzillərin verilməsi, avtomobil bazarındakı vəziyyət və ətə, südə olan tələbatın ödənilməməsi bu gün (26 iyul 2017-ci il) medianın aparıcı mövzularındandır...

NƏ ƏT TƏLƏBATI ÖDƏNİR, NƏ SÜD...

Azadliq.info saytında «Azərbaycanda ət, süd niyə bahadır?» sərlövhəli məqalə oxumaq olar. Yazıda kənd təsərrüfatı eksperti Vahid Məhərrəmlinin düşüncələrinə yer verilib.

Ekspert öncə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) adambaşına müəyyən etdiyi illik ərzaq, qida normasının üzərində dayanır:

«Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normaya uyğun olaraq, adambaşına il ərzində 85 kq ət tələb olunur. Bu da ölkə üzrə təxminən 850 min ton ət istehsalı deməkdir».

V.Məhərrəmli vurğulayıb ki, hazırda Azərbaycanda il ərzində 290-300 min ton və adambaşına 29-30 kiloqram ət istehsal olunur. Bu isə o deməkdir ki, ölkə əhalisinin ət və ət məhsullarına olan tələbatının yalnız 38 faizi daxili istehsal hesabına ödənilir:

«Adambaşına il ərzində 3 kiloqram da ət və ət məhsulları idxal olunur. Bununla birlikdə ümumilikdə ölkə əhalisinin bu məhsula olan tələbatının yarısı belə ödənilmir», - ekspert bildirib.

Ekspert deyib ki, süd məhsulları sahəsində də demək olar ki, durum eynidir:

«Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normaya uyğun olaraq, il ərzində adambaşına 360 kq süd və süd məhsulları istehlak olunmalıdır. Azərbaycan bu tələbatın yarısını daxili istehsal hesabına təmin edə bilir».

V.Məhərrəmli deyir ki, il ərzində ölkənin 3.4 milyon ton südə ehtiyacı olduğu halda, bunun cəmi 1.7 milyon tonu daxili istehsal hesabına təmin olunur.

Ekspert vurğulayıb ki, Azərbaycanda bir çox insanlar normanın yarısı qədər belə, ət, süd qəbul etmirlər.

Maşın bazarında "bərkgedən" avtomobillər
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

BAHALAŞAN BENZİN, UCUZLAŞAN AVTOMOBİL BAZARI

«Yeni Müsavat» qəzetində «Avtomobil bazarında son durum» sərlövhəli məqalə diqqət çəkir. Bakıda avtomobil bazarının durumu ekspert Vaqif Hüseynovla dəyərləndirilir:

«İkinci əl avtomobillərin qiyməti ucuzlaşıb. Belə ki, mühərrik həcmi 2.5-dən yuxarı olan avtomobillərin qiymətində 25 faizə qədər, mühərrik həcmi 2.5-dən aşağı olan avtomobillərdə isə 5 faizə qədər azalma müşahidə olunur», - deyə V.Hüseynov qəzetə bildirib.

Ekspertin deməsinə görə, bazardakı bu vəziyyət həm yay mövsümü, həm də yanacağın qiymətinin bahalaşması ilə bağlı formalaşıb: «Benzinin qiymətinin dəyişməsi ona təsir etdi ki, insanlar mühərrik həcmi aşağı, lakin at gücü yuxarı olan avtomobillərə üstünlük verirlər. Ümumiyyətlə, avtomobil bazarında ciddi dəyişiklik baş verir. Adətən, müştərilər həmişə 2002-ci ilə qədər olan köhnə «Opel» və «Mercedes» markalı avtomobillərdən istifadə edirdilər. Çünki həm yanacağın qiyməti aşağı idi, həm o avtomobillərin ehtiyat hissələri, təmir xərcləri nisbətən ucuz başa gəlirdi».

V.Hüseynov deyib ki, indi isə müştərilər mühərrik həcmi eyni, lakin at gücü daha çox olan yeni avtomobillərə üstünlük verirlər. Bu da həmin avtomobillərin qiymətində artıma səbəb olub.

Ekspert avtomobillərin ucuzlaşmasına daha bir səbəb də göstərir. Onun deməsinə görə, əvvəllər insanlar ucuz avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olurdular. Amma indi bazarda çoxlu sayda taksi şirkətləri fəaliyyət göstərir və bu da bazarda kəskin rəqabət doğurur.

V.Hüseynov vurğulayıb ki, benzinin qiymətində olan dəyişikliklər səbəbiylə köhnə avtomobillərlə taksi fəaliyyəti göstərmək rentabelli deyil.

Ekspert təxmin edir ki, avtomobil bazarında növbəti canlanma sentyabr ayından başlana bilər. Bazarda qiymətlərə gəlincə isə, o düşünür ki, bu, daha çox manatın məzənnəsindən asılı olacaq.

İ.Əliyev mənzillərin verilməsi mərasimində
İ.Əliyev mənzillərin verilməsi mərasimində

JURNALİSTLƏRƏ ANALOQU OLMAYAN MÜNASİBƏT

«Azərbaycan» qəzetində dərc edilən «Dünyada analoqu olmayan hadisə» sərlövhəli məqalədə bu günlərdə jurnalistlərə mənzillərin paylanması məsələsi dəyərləndirilir.

Müəllif yazır ki, ölkə jurnalistləri prezident İlham Əliyevin onlardan ötrü tikilmiş növbəti binada mənzillərin paylanması mərasimindəki iştirakının təəssüratı ilə yaşayırlar.

Yazıda dövlətin jurnalistə ev tikib hədiyyə verməsi «dünyada analoqu olmayan hadisə» adlandırılır və bunun ölkədə artıq ənənəyə çevrildiyi vurğulanır:

«Bunlar Azərbaycanın iqtisadi gücünün, sabaha inamının, qurub-yaratmaq əzminin nümunəsi olmaqla bahəm, həm də dövlətin siyasətinin mərkəzində hər bir zaman hər bir vətəndaşın dayandığını təsdiqləyir. Azərbaycan vətəndaşlarının bir zümrəsi də jurnalistlərdir ki, onlar da daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar».

Yazıda bu il 255 jurnalist ailəsinə mənzil verilməsi keçmiş prezident Heydər Əliyevin ənənələrinin davamı kimi dəyərləndirilir. Müəllifin düşüncəsinə görə, keçmiş prezident də jurnalistlərə qayğı ilə yanaşıb:

«Azərbaycanda söz azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, eləcə də mətbuat azadlığı tam təmin olunub. Jurnalistlər üçün inşa edilmiş birinci binada yaşayan və ikinci binada mənzil alan jurnalistlərin müxtəlif siyasi spektrə aid olması, burada heç bir ayrı-seçkiliyə yol verilməməsi deyilənləri bir daha təsdiqləyir».

Müəllif hesab edir ki, jurnalistlərə ev verilməsi dövlət başçısının bu təbəqənin əməyini yüksək dəyərləndirməsi deməkdir. Yazıda prezidentin özündən də sitat gətirilir:

«Qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram».

Günün bütün mövzuları

XS
SM
MD
LG