Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 02:15

«Müsəlman Birliyi» Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırovun Bakı İstintaq Təcridxanasında 7 günlüyə cərimə kamerasına (kars) salındığı bildirilir. Yaxınları onun iyulun 20-dən cərimə kamerasına salındığını deyirdilər. Ancaq cəza müddəti bilinmirdi.

Bu gün, iyulun 25-də vəkillərdən Zibeydə Sadıqova Bakı İstintaq Təcridxanasında T.Bağırovla görüşüb. Cəzanın müddətinə də o, aydınlıq gətirib.

Vəkilin AzadlıqRadiosuna bildirdiyinə görə, cərimə kamerasına salınmış T.Bağırov onunla rəftardan narazılıq etməyib.

«T.Bağırov hələ 2 gün də cərimə kamerasında saxlanacaq. Onun cəzası iyulun 27-də başa çatacaq», - deyən vəkil T.Bağırov vasitəsilə öyrənib ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və «Nardaran işi» üzrə mühakimə olunan Əli Nuriyev də cərimə kamerasındadırlar.

FUAD QƏHRƏMANLININ SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB

Vəkilin deməsinə görə, ancaq onların cəzası 5 günlük olub. Bu gün, iyulun 25-də onlar artıq cərimə kamerasından buraxılıblar.

***Buna da bax-Hakimlərə ayaqqabı və plastik su qabları atıldı

T.Bağırov vəkilə bildirib ki, iyulun 20-də F.Qəhrəmanlının səhhətində problem yaranıb, ona həkimlər yardım göstəriblər.

«Nardaran işi» üzrə mühakimə olunanlardan Abbas Hüseynov və Cabbar Cabbarov isə artıq hökmə uyğun cəza çəkəcəkləri Qobustana - qapalı həbsxanaya göndəriliblər», - vəkil bildirib.

Dünən, iyulun 24-də T.Bağırovun vəkilləri onunla görüşə buraxılmamışdı.

T.Bağırov və digərləri iyulun 20-də «Nardaran işi» üzrə məhkəmədə baş vermiş insidentə görə cəzalandırılıb. Həmin gün Bakı Apellyasiya Məhkəməsində T.Bağırov və onunla mühakimə olunan 17 nəfərin məhkəmə hökmündən verdikləri şikayətə baxılıb. Vəkillərdən sonra təqsirləndirilən şəxslər də çıxış etmək istəyiblər. Ancaq onlardan yalnız ikisi ifadə verib. Hakim təqsirləndirilən şəxsləri tam dinləmədən sözü prokurora verəndə, məhkəmə iclasında qalmaqal yaranıb. Təqsirləndirilən şəxslər Əmir Bayramovun sədrlik etdiyi hakimlər heyətinə ayaqqabılarını və əllərindəki su qablarını atıblar.

***Buna da bax-'Nardaran məhbusu' bədəninə tok yeridildiyini deyir

İnsidentlə əlaqədar məhkəmə yarımçıq qalıb. Bir neçə saat sonra vəkillərə xəbər verilib ki, Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslər haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanmasına dair qərar çıxarıb.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər. Yalnız ilkin dindirilmədə işgəncə yolu ilə «etirafa» məcbur edildiklərini bildiriblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG