Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 17:24

'Qəbələdə icra hakimiyyətinin binası Prezident Aparatından geri qalmır' - Media icmalı


Azərbaycan Beynəlxalq Bankı

Beynəlxalq Bank ətrafında vəziyyət, ölkəyə gələn neft pullarından son illər 125 milyard dolların xərclənməsi və çimərliklərinin zəbt edilməsi bu gün (24 iyul 2017-ci il) medianın aparıcı mövzularındandır...

XALQIN HESABINA XİLAS OLAN BANK

«Yeni Müsavat» qəzetində «Hökumət dövlət büdcəsi hesabına ABB-ni xilas edir» sərlövhəli məqalədə adıçəkilən bankın durumu ekspert Əkrəm Həsənovla təhlil edilir.

Yazıda xatırladılır ki, Azərbaycan Beynəlxalq Bankının əksər kreditorları öhdəliklərin könüllü restrukturizasiyası planını qəbul edib. Bu plana əsasən, 3.34 milyard dollar xarici borc əvəzinə kreditorlara qiymətli kağızlar təqdim ediləcək.

Amma Ə.Həsənov deyir ki, burada ziddiyyətli məqam var:

««Banklar haqqında» qanuna görə, kreditorların 2/3 hissəsinin səsi planın reallaşdırılmasından ötrü yetərlidir. Mülki Məcəlləyə görə isə, bütün kreditorların razılığı tələb edilir. İndiki halda kreditorların 93 faizi razıdır».

Ekspert hesab edir ki, indi əsas məsələ dövlətə bu qədər ziyan vuran şəxslərin cəzalandırılmasıdır:

«Bizi indi digər iki məsələ daha çox düşündürməlidir. Əvvəla, bank dövlət vəsaiti hesabına xilas olundu. Odur ki, bankın bu vəziyyətə düşməsinin bütün təqsirkarları cəzalandırılmalıdır. Habelə itirilmiş vəsaitlərin qaytarılması üzrə ciddi tədbirlər görülməli, ictimaiyyət daim məlumatlandırılmalıdır».

Ekspert deyir ki, ABB-nin səhmlərinin az da olsa bir hissəsi fiziki və hüquqi şəxslərə mənsubdur. Dövlət bankın borclarını üzərinə götürməklə faktiki həmin səhmdarlara da hədiyyə etmiş olub.

Qubad İbadoğlu
Qubad İbadoğlu

NEFT-QAZ SATIŞINDAN 160 MİLYARD DOLLAR ƏLDƏ EDİLİB

Azadliq.info saytında «125 milyard dollar necə talan edilib?» sualına cavab axtarılır.

Yazıda iqtisadçı Qubad İbadoğlunun düşüncələrinə yer verilib. İqtisadçı israfçılıqdan bəhs edir:

«Son 15 ildə yalnız neft-qaz satışından əldə etdiyimiz gəlirlər 160 milyard dollardan çoxdur. Onun da 130 milyardı bu illər ərzində Dövlət Neft Fondunda toplanıb. Amma həmin vəsaitin artıq 95 milyarda qədəri xərclənib. Yerdə qalan 30 milyard dollardan çox vəsait isə Dövlət Neft Şirkəti və Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən dövlət büdcəsinə ödənilib. Beləliklə də, bu günə qədər bütün mənbələrdən əldə edilən 160 milyard dollardan çox neft-qaz gəlirlərindən qalan 36 milyard dollardır. Yerdə qalan 125 milyard dolların xeyli hissəsi isə son 10 ildə əsasən qeyri-kommersiya xarakterli, mənfəətsiz nəqliyyat və sosial-mədəni, idman təyinatlı infrastrukturun formalaşmasına xərclənib».

Q.İbadoğlu bildirir ki, hətta zəngin ölkələr də bədxərclik edəndə yoxsullaşır. İndi Azərbaycan da belə bədxərcliyin ziyanını çəkir:

«Qəbələdə icra hakimiyyətinin binası Bakıdakı Prezident Aparatından geri qalmır. Yaxud 22-mərtəbəli ofis binası olan Dövlət Neft Fondunda hər mərtəbəyə 3 nəfər ştatlı işçi düşür. Hər rayon mərkəzində müasir görünüşlü, kabinetləri isə bahalı mebellərlə bəzənən və son nəsil texniki avadanlıqlarla təchiz olunmuş ən azı 15 yeni inzibati binaya rast gəlmək mümkündür. Onların hər birinin tikintisi və komplektləşdirilməsinə orta hesabla ovaxtkı məzənnə ilə 12 milyon dollar xərclənib. Məlum olur ki, bu məqsədlərə 2 milyard dollara qədər vəsait xərclənib...».

Lənkəranda çimərlik
Gözlə
Embed

No media source currently available

0:00 0:00:18 0:00

DƏNİZİN «ZƏBTİ»

«Azərbaycan» qəzetində «Qadağan olunmuş çimərliklər və qanunsuz ödənişlər» sərlövhəli məqalə dərc edilib

Müəllif yazır ki, yay aylarında çimərliklərə böyük tələbat yaranıb. Amma pullu çimərliklərdə qiymətlər yüksək, baxımsız qalan pulsuz çimərliklərdə isə su təmiz deyil:

«Konkret desək, ayrı-ayrı şəxslər vaxtilə çimərlik zonalarını özəlləşdirib və orada öz «qanunlarını» tətbiq ediblər. Çimərliyə giriş üçün istədikləri qiyməti qoymaqla bərabər, sahil zolağındakı stol-stul və günlük üçün də əlavə haqq-hesab tələb edirlər. İnsanların üzünə açıq olan pulsuz ictimai çimərliklər isə demək olar ki, yox dərəcəsindədir. Olanlara da suyun çirkliliyi ilə əlaqədar «çimmək qadağandır» lövhələri yerləşdirilib».

Müəllif yazır ki, bir tərəfdən dəniz sahilinin zəbti, digər tərəfdən keyfiyyətsiz xidmət və qiymətlərin bahalığı haqlı olaraq istirahətə gələnlərin narazılığına səbəb olur.

Yazıda bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan ərazisindəki çimərliklərə girişin pulsuz olduğunu deyir. Amma reallıqda bir çox çimərlikdə hamı ödəniş edir.

Müəllif yazının sonunda da vətəndaşlara xatırladır ki, dənizlə onların təmasını heç kim məhdudlaşdıra bilməz. Odur ki, vətəndaşlar öz hüquqlarını bilməli və onu tələb etməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG