Sosial şəbəkərlərdə “Azərbaycanın zəngin balaları”... Onların kimin övladı olması dəqiq bəli olmasa da, öz varidatlarının nümayişi nəinki yerli media, hətta xaricilərin də diqqətini çəkir. Dəyəri 100 min dollarla ölçülən maşınlarda gəzən, qollarına bahalı saatlar taxıb, brend geyimlər geyinən gənclər bununla kifayətlənmir. Qalaq-qalaq pulların da şəkillərini paylaşırlar.
HAVAYI PULLAR
Kulturuloq Rəhman Bədəlov deyir ki, bu bir cəmiyyətin məhvinin göstəricisidir:
“Göydən havayı pullar düşdü, amma biz anlamadıq ki, bu pullar bizi sınağa çəkir. Təəssüf ki, bizlər bu sınaqlardan çıxa bilmədik. Bu bizi tamamilə korladı. Gələcəkdə bizim övladlarımız bizim hər birimizi lənətləyəcək. Bizdən soruşacaqlar ki, niyə bu pulları belə ifrat dərəcədə xərclədiniz. Öz varidatlarını fotolarda belə nümayişi pozğunluqdur. Bizi də Romanın sonu gözləyir. Dağılmaq ərəfəsində olan cəmiyyətlərdə bu cür pozğunluqlar olacaq. Bu dağılmanın göstəricisidir. Dağılma prosesi gedir”.
Prezident İlham Əliyev özü də məmur balalarının özbaşnalığına görə xəbərdarlıqlar edib. O, iyunun 11-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general Novruzəli Əliyevi vəzifəsindən azad edib. Rəsmi mətuat orqanlarında buna səbəb kimi onun oğlunun avtobus sürücüsünü döyməsi göstərilir. Prezident 4 il öncə də çıxışında məmurları təmtəraqdan uzaq olmağa çağırırdı:
«Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir. Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər. Yaraşırmı bu, dövlət məmuruna?!"
İlham Əliyev bu çıxışlarında təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr – bu kimi halları yığışdırmağı tapşırıb. Amma zaman-zaman ölkənin birinci xanımı, prezidentin qızlarının da geyimi medianın mövzusu olub. Meydan.tv 3 il öncə prezidentin qızlarının geyimi araşadırıb. Sayt onların ziyafət deyil, adi günəlik geyimlərinin qiymətinin azı 500 dollardan başladığını yazır. Məsələn, 1000 dollarlıq ətək, 945 dollarlıq ayaqqabı.
Bəs, Bakı sakinləri necə düşünür Azərbaycanda varlanmağın ən asan yolu nədir? Siz də şərhlər bölümündə bu sualı cavablaya bilərsiz.
SOSİAL BƏRABƏRSİZLİYİN GÖSTƏRİCİSİ
Sosioloq Nail Cəlilsə düşünür ki, bir yanda hansısa xəstəlikdən müalicə üçün pul yığılır, digər yanda zəngin balaları öz varidatlarını nümayiş etdirirlərsə, bu cəmiyyətdə bərabərsizliyin göstəricisidir:
“İqtisadi böhranın yaşandığı, iqtisadi gerimələrin olduğu bir dönəmdə, insanların aqresiv olduğu məqamda belə paylaşımları insanlar aqresivliklə qarşılayır. İnsanlarda narazılıq və qınaq doğurur. Bu paylaşımları edənlərə qarşıda mənfi reaksiya oyadır”.
Hələlik Azərbaycanda kimlərinsə milyonçu olması rəsmi elan edilməyib. Hər il dünyada milyonçuların siyahısını dərc edən "Forbes" jurnalının siyahısında da Azərbaycandan kimlərsə adı görünmür. Bəs, belə olan halda bu pullar hardandır?
Buna da bax: Azərbaycanda ataların ərköyün balalarının bəlaları...
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyir ki, bütün bu hallar ayrı-ayrılıqda araşdırılmalıdır:
“Prezident özü də məmurları və onların övladlarını etik normalara əməl etməyə çağırır. Çünki onlar diqqətdə, ictimai rəydə olan insanlardırlar və onlar nümunəvi davranmalıdılar. Amma bütün məmur övladlarını da eyniləşdirmək olmaz, o qədər məmur övladı var ki, heç hiss etmək olmaz ki, onun atası vəzifədədir. Hansı məmur korrupsiya ilə məşğulsa, övladı dələduzluq, harınlıq edirsə və bunu da göstərən fotoşəkillər varsa, bu məsələ araşdırılmalıdır”.
Hələki, başqa prezidentin özü olmaqla digər rəsmilər də bu cür halları pisləyir. Amma zəngin azərbaycanlı balalarına aid olduğu iddia edilən şəkillər social şəbəkələri bəzəməkdədir.