Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 06:16

Avropa Məhkəməsi müxalifətçilərə görə hökuməti 51 min cərimələdi


Avropa İnsan Hüquqları Məhkəməsi

Bu gün, iyulun 20-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı növbəti iki qərarını elan edib. Həmin qərarlar müxalif siyasi qüvvələrin Bakı şəhərində keçirdikləri etiraz aksiyalarında saxlanan 5 nəfərin şikayəti əsasında çıxarılıb.

Qərarlar Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) saytında açıqlanıb.

Şikayətçilər 2011-2013-cü illər ərzində keçirilmiş razılaşdırılmamış etiraz aksiyalarında saxlanıblar. Onlar Dəyanət Babayev, Ülvi Həsənli, Şahin Mirzəyev, Turqut Qəmbərİlkin Rüstəmzadədir.

Qərarda göstərilir ki, D.Babayev etiraz aksiyasında iştirakına görə 2011-ci ildə 10, 2012-ci ilin oktyabrında yenidən 10, noyabr ayında isə 7 gün inzibati qaydada həbs edilib. Ü.Həsənli isə 2011-ci ilin martında 7, 2012-ci ilin oktyabrında isə 7 gün inzibati həbs cəzası alıb.

Ş.Mirzəyev, T.Qəmbər və İ.Rüstəmzadə isə 2013-cü ilin yanvar, mart və sentyabr aylarında keçirilmiş aksiyalarda saxlanıblar.

Şikayətçilər əvvəlcə yerli məhkəmələrə müraciət ediblər. Onlar saxlanmalarını onların hüquqlarına müdaxilə kimi qiymətləndirərək, pozuntuların tanınmasını tələb ediblər. Amma milli məhkəmələr onların şikayətlərini rədd edib. Milli məhkəmə qərarlarından AİHM-ə şikayət edilib.

AİHM şikayətçilərin iddia etdikləri pozuntuları tanıyıb. Qərara görə, etiraz aksiyasında saxlanan şikayətçilərin Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (toplaşmaq hüququ) maddələri ilə hüquqları pozulub.

Azərbaycan hökuməti şikayətçilərdən D.Babayev, Ü.Həsənli və T.Qəmbərin hər birinə mənəvi zərər əvəzi 10 min avro ödəməlidir. Qərar mənəvi zərərə görə Ş.Mirzəyevə 8, İ.Rüstəmzadəyə isə 6 min avro ödənilməsini nəzərdə tutur.

T.Qəmbərə əlavə olaraq, maddi zərər əvəzi 2 min 860 avro da ödənməlidir.

Bundan başqa, D.Babayev və Ü.Həsənli işində hökumət hüquqi məsrəflərdən ötrü ümumilikdə 1300 avro da ödəməlidir.

Habelə, hüquq xidməti məsrəflərdən ötrü Ş.Mirzəyevlə T.Qəmbərə birlikdə 1150, İ.Rüstəmzadəyə isə 2 min avro da verilməlidir.

Qərarlar 3 aydan sonra qüvvəyə minir.

Fikrət Məmmədov
Fikrət Məmmədov

RƏSMİLƏR NƏ DEYİR

Bir müddət öncə ədliyyə naziri Fikrət Məmmədov AZƏRTAC-a müsahibəsində demişdi ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasına xüsusi önəm verir:

«Bu qərarlar, ilk növbədə, hüquq sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi qəbul olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ da məhz buna xidmət edir».

Nazirin deməsinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan əleyhinə çıxardığı qərarların sayı digər ölkələrlə müqayisədə qat-qat azdır:

«Belə ki, 2016-cı ildə Azərbaycana qarşı cəmi 16 qərar çıxarılıb. Halbuki əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Bolqarıstana qarşı 33, Macarıstana qarşı 40, Yunanıstana qarşı isə 41 qərar çıxarılıb. Ümumiyyətlə, məhkəmənin fəaliyyətinə nəzər yetirsək görərik ki, çıxarılan bütün qərarların təxminən yarısı yalnız 4 ölkəyə: Rusiya, Ukrayna, Türkiyə və Rumıniyaya qarşı olub».

Bu ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ilin yekunları ilə bağlı hesabatını açıqlamışdı. Azərbaycan hesabatda adı daha çox nəzərə çarpan 10 ölkədən biri idi.

Sənəddə bildirilirdi ki, hazırda Azərbaycandan daxil olan 1650 şikayət baxılmasını gözləyir.

Azərbaycan bu kateqoriyada 8-ci pillədə dayanır.

2016-cı ildə AİHM-ə göndərilən şikayətlərin statistikasına gəlincə, burda da Azərbaycanın adı qabarıq nəzərə çarpır. Sənədə görə, şikayətlərin sayında artım var.

Ötən il Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə 333 şikayət daxil olub. Əvvəlki ildə isə bu göstərici 268 olub.

Ötən il AİHM-ə ən çox şikayət göndərilən ölkə Ukrayna olub - 8658. Türkiyədən 8308, Rumıniyadan 8204, Macarıstandan da 5569 şikayət göndərilib.

Üstəlik, Azərbaycanda AİHM-nin bir sıra qərarlarının yerinə yetirilmədiyi göstərilir. Belə qərarlar kimi, REAL sədri İlqar Məmmədov və keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa buraxılması ilə bağlı qərarın yerinə yetirilmədiyi vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG