Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:42

'985 dövlət satınalması bir iştirakçı ilə keçirilib' - Media icmalı


Dollar
Dollar

Azərbaycan-Latviya münasibətləri, problemli kreditlərin artması və dövlət satınalmalarında şübhəli məqamlar bu gün (20 iyul 2017-ci il) medianın aparıcı mövzularındandır...

DÖVLƏT SATINALMALARINDA ŞÜBHƏLİ MƏQAMLAR

«Novoye Vremya» qəzetində «Dövlət vəsaitinə necə qənaət edək?» sualına cavab axtarılır.

Müəllif yazır ki, indi dövlət satınalmaları korrupsiyanın yayıldığı əsas sahələrdən biridir. Məhz bu sahədə qiymətlər bir neçə dəfə şişirdilir və vəsaitlərin bölüşdürülməsində ciddi nəzarət olmadığından böyük itkilərə yol verilir.

Yazıda vurğulanır ki, 2016-cı ildə ümumi həcmi 3 milyard manat olan 8 min 757 dövlət satınalması icra edilib. Bu satınalmaların 67.2 faizi ilin birinci, 32.8 faiz i isə ilin ikinci yarısına təsadüf edir:

«Şəffaflıq problemləri elə buradan başlanır. Belə ki, Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidmətinin portalında bu barədə yetərli informasiyalar yoxdur. Yekun hesabatda hətta tenderlərin keçirilməsi barədə məlumatlar belə verilmir. Bundan da irəli gələrək kontraktlar imzalanması, reallaşdırma müddəti barədə danışmağa yer qalmır».

Yazıda bildirilir ki, 985 satınalma rəqabətdən uzaq keçirilib və bu da əsas korrupsiya mənbəyidir. Həmin tenderlərə yalnız bir iştirakçı qatılıb.

Yazıda vurğulanır ki, ilin sonunda «yeganə iştirakçı ilə satınalmalar» üstünlük təşkil edib.

Müəllif yazır ki, dövlət satınalmalarının 298-i «təcili tələbat», 293-ü «keçən il başlanan işləri yekunlaşdırmaq», 160-ı isə «ölkənin müdafiəsi və təhlükəsizliyi» ilə əsaslandırılıb. 65 halda isə belə satınalmalara «sosial inkişaf və işsizliyin aradan qaldırılması» adı verilib.

Yazıda bildirilir ki, dövlət satınalmalarına cavabdeh qurumun portalı şəffaflıq baxımından yetərli deyil.

Dilənçi-bank. Karikatura
Dilənçi-bank. Karikatura

PROBLEMLİ KREDİTLƏRİN HƏCMİ GİZLƏDİLİR

«Exo» qəzetində «Azərbaycanda problemli kreditlər antirekord səviyyəyə çatıb» sərlövhəli məqalə oxumaq olar.

Yazıda ölkədə problemli kreditlər mövzusu ekspertlərlə müzakirə edilir.

«Azərbaycanın maliyyə orqanları problemli kreditlərin real həcmini gizlədir. Bizim apardığımız təhlillər belə deməyə əsas verir ki, onun payı bütün ölkə üzrə ümumi portfelin 20 faizinə yaxındır. Elə banklar var ki, kredit portfelinin yarısı problemlidir, bu isə kirtik göstəricidir. Problemli kreditlər artıq antirekord səviyyəyə çatıb», - deyə iqtisadçı-ekspertlərdən Samir Əliyev bildirib.

Ekspert deyib ki, birinci devalvasiyadan sonra Azərbaycanın 13 bankının bazarı tərk etməsində bu problemin də böyük təsiri olub:

«Vaxtıkeçmiş kreditlərin əksəriyyəti xarici valyuta ilə verilmişdi. Rəsmi rəqəmlərə görə, hazırda problemli kreditlərin həcmi ümumi portfeldə 11.8 faiz təşkil edir. Bu isə o deməkdir ki, hər 100 manatlıq əsginasın 11 manatından bir az çoxu qayıtmır və ya bu 11 manat problemli kreditdir. Amma real rəqəm rəsmi informasiyadan əhəmiyyətli dərəcədə fərqlənir».

Ekspert xatırladıb ki, beynəlxalq reytinq agentlikləri də Azərbaycanda problemli kreditlərin həcminin 20 faizə çatmasını bəyan ediblər.

İqtisadçının fikrincə, hökumət hələ devalvasiyadan öncə bu problemi çözməli idi. Ancaq problemi çözmək əvəzinə gözləmə mövqeyi tutulub:

«İndi bankları necə xilas etməyin özünü düşünmək olmur. Bu azmış kimi, ən iri bank olan Beynəlxalq Bankın nümunəsində hökumətə başağrısı da yaranıb. İndi hamı da bilir ki, bu sektor olmadan iqtisadiyyat inkişaf edə bilməz».

Riqa
Riqa

AZƏRBAYCANIN AVROPA İTTİFAQINDA 11-Cİ STRATEJİ TƏRƏFDAŞI

«Azərbaycan» qəzetində «Avropa İttifaqındakı 11-ci strateji tərəfdaş» sərlövhəli məqalədə Azərbaycan-Latviya münasibətləri dəyərləndirilir.

Yazıda dövlət başçısı İlham Əliyevin bu günlərdə bu ölkəyə səfəri fonunda iki ölkə arasında münasibətlər təhlil edilir.

Müəllif yazır ki, hər iki ölkə müstəqilliyini qazanmaqdan ötrü çətin yol keçib:

«Həm Azərbaycanı, həm də Latviyanı müstəqilliyə aparan yollar rahat olmayıb, hər iki ölkə qurbanlar verib. Müstəqillik illərində isə iki dövlətin diplomatik münasibətləri 1994-cü ilin yanvarında qurulub. 2005-ci ildən Azərbaycanla Latviya arasındakı münasibətlərdə xüsusi fəallıq müşahidə olunub, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb».

İ.Əliyevin Latviyaya son rəsmi səfərinə toxunan müəllif bunu iki ölkə arasındakı siyasi münasibətlərin yüksək səviyyədə olmasının təzahürü sayır. Yazıda vurğulanır ki, səfər çərçivəsində keçirilən görüşlərdə dövlətlərarası əlaqələrin müxtəlif aspektləri müzakirə edilib.

Müəllifin gəldiyi nəticəyə görə, Azərbaycan-Latviya münasibətlərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri baxımından da əhəmiyyəti var. Latviya Avropa İttifaqının (Aİ) üzvüdür. Burada strateji tərəfdaşlığa dair Bəyannamə Aİ üzvü olan 11-ci ölkə ilə imzalanan sənəddir.

Yazıda bildirilir ki, Latviya Qarabağ münaqişəsində də Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir.

Yazıda mövzu ilə bağlı dövlət başçısı İlham Əliyevdən də sitat gətirilir:

«Müstəqilliyin bərpasına eyni vaxtda nail olmuş dövlətlərimiz qarşıdan gələn ildə dövlət quruculuğunun 100 illiyini qeyd edəcəklər. Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra ikitərəfli münasibətlərimizin tarixində yeni səhifə açıldı. Ölkələrimiz bu illərdə böyük uğurlar qazanıb, xalqlarımız isə sabitlik və təhlükəsizlik şəraitində rahat yaşayırlar».

XS
SM
MD
LG