Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:33

Bərdədə müəmmalı bir ölümün tarixçəsi... 


Bərdə
Bərdə

"Qardaşımı şantaj edib yüksək gərginlikli cərəyanın altında ağac kəsdiriblər. Cərəyan vurub, qardaşım elə oradaca keçinib. Sonra da buna məsuliyyət daşıyan adamlar puldan basıb işi ört-basdır elədilər".

Bərdə sakini Qoşqar Məmmədov deyir, bu il iyunun 13-də qardaşı İlqar Məmmədov yüksək gərginlik keçən ərazidə ağac kəsərkən həyatını itirib. Onun sözlərinə görə, bu ölümdə günahkar olan adamlar var. Gileyi də ondandır ki, istintaq orqanı həmin adamlara himayədarlıq göstərərək işi ört-basdır edib:

"Qardaşım Tərtərdə yaşayırdı, Bərdədəki gübrə zavodunda traktorçu işləyir, kəndlərə gübrə daşıyırdı. Hadisədən 3 gün əvvəl traktorunu yolda saxlayıblar. Hədələyiblər ki, "bu saat səni polisə aparacağıq, traktorun qoşqusunda yaş odun daşıyırsan". Qardaşım da and-aman eləyib ki, barama üçün kəsilmiş ağacın kötükləridir, ağac budanıb, yarpaqları götürülüb, kötüyü də onsuz da heç nəyə yaramır, evə aparıram ki, odun kimi işlədim". Qardaşımı qorxudublar, sonra da qarşısında şərt qoyublar ki, "səni bir şərtlə polisə vermirik, bizimçün bir gün pulsuz işlə".

İlqar Məmmədov
İlqar Məmmədov

Qardaşım bir gün pulsuz işləyib. Axşam yenə zəng vurub polislə hədələyiblər, deyiblər ki, " ya gəl iki gün "Qarabag" çörək zavodunun həyətində pulsuz işlə, ya da yaş ağac kəsdiyin üçün polisə verəcəyik". Bu dəfə də razılaşıb. Ona yağışlı gündə yüksək gərginlik keçən yerdə ağac kəsdiriblər. İki ağac kəsib, üçüncünü kəsəndə cərəyan vurub öldürüb".

“Ətrafdakılar qardaşıma deyiblər ki...”

Qoşqar Məmmədovun sözlərinə görə, ərazidən yüksək gərginlik keçdiyini qardaşı da, ona ağac kəsdirənlər də yaxşı bilirmiş:

"Hətta ətrafdakılar qardaşıma deyiblər ki, "yağışlı havada təhlükəlidir, ehtiyatlı ol, cərəyan vurar!". Qardaşım cavab verib ki, 2-3 gündür canımı boğazıma yığıblar".

İlqar Məmmədovun 3 övladı varmış. İlk övladı hərbi xidmətini Xöcavənddə döyüş xəttində keçir. Ailənin başçısının faciəli ölümündən sonra qazanc gətirən yoxdur deyə, ailə ən çətin günlərini yaşayır.

Həmin vaxt Daxili İşlər Nazirliyinin rəsmi saytına istinad edən xəbər saytları yazıblar ki, "... montyor İlqar Məmmədovu ehtiyatsızlıq üzündən cərəyan vurub, o, hadisə yerində keçinib. Ailəsi isə iddia edir ki, İlqar montyor yox, traktorçu olub və işıq diirəyində yox, ağacda olarkən cərəyan vurub.

Bərdə Rayon Prokurorluğundan "Qaynar xətt"ə bildirilib ki, İlqar Məmmədovun ölüm faktı üzrə qurumda araşdırma aparılıb. Onun ehtiyatsızlıq üzündən ölməsi təsdiqlənib və cinayət işi başlanması rədd edilib.

Məmmədovlar ailəsi isə iddia edir ki, onlara hər hansı qərar göndərilməyib. Yalnız şifahi bildirilib ki, iş bağlanıb.

Hüquqşünas deyir ki...

Hüquqşünas Vaqif Alıyev deyir, Məmmədovlar ailəsi xitam qərarını əldə etməli və qərardan şikayət verməlidir: "Qərardan həm məhkəməyə, həm də baş prokurorluğa şikayət verilə bilər. Ailəyə qərar verilmirsə, rəsmi müraciət edib istəyə bilər. Qərarı ələ aldıqda mütləq tarixinə diqqət yetirilməlidir ki, aldanmasınlar. Qərar ailəyə köhnə tarixlə verilsə, qərardan şikayət etmək müddəti də ötürülmüş hesab olunacaq".

XS
SM
MD
LG