Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:11

16 ildir özəlləşdirilə bilməyən telefon şirkəti


arxiv
arxiv

Nazirlər Kabinetinin ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin adı yoxdur

İyulun 19-da Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin təşkilati-hüquqi formasının dəyişdirildiyi və qurumun eyniadlı məhdud məsuliyyətli cəmiyyətə çevrildiyi elan edilib. Bunadək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki digər kommersiya təşkilatlarının təşkilati-hüquqi forması mülki qanunvericiliyə uyğunlaşdırılmışdı.

Kapital 2 paydan ibarətdir

Prosesin gedişi haqda AzadlıqRadiosuna məlumat verərkən «Bakı Telefon Rabitəsi» MMC-də deyiblər ki, şirkətin nizamnamə kapitalı iki paydan ibarətdir və 41 milyon 552,8 min manat həcmində müəyyənləşdirilib. Audit şirkəti də bu məqsədlə cəlb edilibmiş. Yaradıldığı zaman - 1997-ci ildə bu istehsalat birliyinin nizamnamə kapitalı 33,6 milyon manat olub.

Şirkətin ötənilki maliyyə hesabatının kənar auditinin təşkili məqsədilə keçirilən tenderin nəticəsinin ləğv edildiyi də bildirilib. Hazırda yeni tender prosedura aparılır və maliyyə hesabatı auditor rəyi ilə birgə ictimaiyyətə açıqlanacaq.

Özəlləşdirməyə açılmaqdan 16 il keçir

İki min nəfərdən çox işçinin çalışdığı, Bakıda stasionar telefon rabitəsi üzrə inhisarçı mövqeyə sahib olan bu dövlət şirkətinin özəlləşdirilməsini əngəlləyəcək hər hansı maneə yoxdur. Onun özəlləşdirməyə açılması haqda sərəncamı 2001-ci il martın 29-da ovaxtkı prezident Heydər Əliyev vermişdi.Həmin vaxtdan bəri rabitə sektoruna aid bir neçə müəssisədə, o cümlədən «Azərmətbuatyayımı» İB-də, «Bakı Teleqrafı»nda, Material Texniki Təchizat İdarəsində, «Azercell», «Bakcell» və «Ultel»də dövlətin payı özəlləşdirilib.

Ötən il oktyabrın 21-də Nazirlər Kabinetinin 550 saylı sərəncamı ilə ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı təsdiqlənib. Bu siyahıda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin adı yoxdur.

BTRİB-in mənfəəti 6 dəfə artıb

«Bakı Telefon Rabitəsi» MMC-nin tərkibinə Yasamal, Sabunçu, Xəzər, Xətai, Nizami və Qaradağ telefon qovşaqları və «Az-EvroTel» MMC, eləcə də Bakı Avtomat Telefon Qovşağı və başqa müəsssisələr daxildir. 2001-ci ildə yaradılmış «Bakİnternet» internet provayderi də BRRİB-in törəmə müəssisəsidir.

2015-ci ilin maliyyə hesabatına görə, BTRİB-in gəlirləri 1,9 faiz artıb və 67,3 milyon manata çatıb. Rabitə müəssisəsinin mənfəəti 6 dəfəyə yaxın artaraq 5,9 milyon manata çatıb.

2015-ci ilin sonunda rabitə müəssisələrinin rəhbərlərinə korrupsiya ittihamı ilə cinayət işi qaldırılıb. Müttəhimlər kürsüsündə əyləşənlar arasında BTRİB-in baş direktoru Beytulla Hüseynov da var. Hazırda cinayət işi üzrə məhkəmə prosesi davam edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG