Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:50

550-yədək uşaq katolik xorunda zorakılığa uğrayıb


Georg and Josef Ratzinger (sağda) Freisingdə, 1951-ci il
Georg and Josef Ratzinger (sağda) Freisingdə, 1951-ci il

Almaniyalı vəkil Ulrich Weber iyulun 18-də Reqensburq çəhərinin məşhur "Regensburger Domspatzen" katolik xorunda 547 uşağın fiziki və cinsi zorakılığa məruz qalmasına aid dəlilləri ictimailəşdirib. Reqensburq Almaniyada ən mühafizəkar şəhərlərdən biridir.

Ulrich Weber-in ikiillik araşdırması nəticəsində Müqəddəs Pyotr kafedral kilsəsinin 49 rahibi zoraklıqda şübhəli bilinir. Onlardan 9-u azyaşlı uşaqları yoldan çıxarmaqda ittiham olunur. Sözügedən hadisələrin çoxu ötən əsrin 60 - 70-ci illərində baş verib. Rahiblərin xorda oxuyan uşaqları tərbiyələndirmək üçün onları döyməsi hallarına gəlincə, qurbanlar 1992-ci ilədək bu barədə danışırdılar.

Xor ifaçılarının kütləvi zorakılığa məruz qalması barədə ilk məlumatlar hələ 2010-cu ildə üzə çıxmağa başlayıb. O zaman mediada 231 belə hal barədə məlumat yayılmışdı. Bu hallardan bir hissəsinin xor yanında hazırlıq məktəbində baş verdiyi bildirilirdi.

"SADİST CƏZA SİSTEMİ"

Məktəbin keçmiş şagirdi, bəstəkar Franz Wittenbrink Almaniyanın "Der Spiegel" jurnalında məktəbdəki bütöv bir seksual çalarlı "sadist cəza" sistemindən söz açmışdı.

Vəkil Ulrich Weber-in sözlərinə görə, bəzi qurbanlar özlərinin xordakı yaşantılarını "həyatlarının qorxu, zorakılıq və çarəsizliklə dolu ən pis vaxtı" adlandırıblar.

Ötən il özünü Reqensburqda kilsə mənsublarının əməllərindən zərər çəkmiş sayanların sayı 422-yə çatıb. Bu barədə daxili araşdırmadan sonra kilsənin yepiskopu Rudolf Voderholzer məlumat verib. O, törədilmiş cinayətin və dəymiş ziyanın ağırlığından asılı olaraq bütün qurbanlara 5 min avrodan 20 min avroyadək təzminat ödəniləcəyini də bildirib.

Bununla yanaşı, zorakılıq qurbanları yenə də Vatikanı zorakılıq faktlarını gizlətməkdə, xorun özünü isə onun real miqyası barədə susmaqda ittiham edirlər.

Joseph Ratzinger Roma papası olmağa doğru
Joseph Ratzinger Roma papası olmağa doğru

İşin bir maraqlı tərəfi də odur ki, Josef Ratzingerin - Roma papası XVI Benediktin qardaşı Georg Ratzinger həmin xorun kapelmeysteri olub. Əsas ittihamlar da elə onun kapelmeyster olduğu dövrlə bağlıdır. Ratzinger 1964-cü ildən 1994-cü ilədək Müqəddəs Pyotr kilsəsində xidmət edib. O, ittihamlara cavab olaraq bildirib ki, xor ifaçılarının cinsi zorakılığa məruz qalması haqda, cüzi təsəvvürü də olmayıb. O deyib ki, belə hadisələr baş veribsə də, onun kilsədə xidmətə başlamasından öncə olub.

Ancaq keçmiş kapelmeyster xorda nizam-intizamın çox sərt olduğunu etiraf edib. Onun özü də vaxtaşırı uşaqlara əl qaldırırmış. Bəzi şagirdlər rektorun bəzən uşaqları döydüyünü deyiblər. Ratzingerin sözlərinə görə, bu, ona çox böyük narahatlıq yaşadırmış. 1980-ci ildə - Almaniyada fiziki cəzaların yasaqlanmasına sevinib və o vaxtdan bəri qanuna əməl edib.

Buna da bax: Şərqi Avropada yəhudiləri, müsəlmanları sevməyən az deyil

30 illik fəaliyyətsizlik?

Keçmiş şagirdlərsə danışırlar ki, hətta qadağanın tətbiqindən sonra da Ratzinger hirslənərək xor ifaçılarına stullarla hücum edirmiş. Keçmiş tələbələrin fikrincə, tələbələrin cinsi zorakılığa uğramasından onun xəbəri olmaya bilməz.

Dəlilləri təqdim edən vəkil Weber bildirib ki, Ratzingeri, ən azı, 30 illik fəaliyyətsizlikdə ittiham etmək olar.

2010-cu ildəki ilk bəyanatlardan sonra Vatikan geniş araşdırmanın aparılacağını, günahkarların layiqli cəza alacaqlarını bildirmişdi.

Reqensburq şəhərinin yepiskopu Gerhard Ludwig Müller deyib ki, sözügedən məktəbdə yalnız bir şagirdin cinsi təcavüzə məruz qalması halı qeydə alınıb və bu hadisə 1958-ci ildə baş verib.

2010-ci ildə Vatikan nümayəndəsi bildirib ki, kilsə 2000-ci illərin əvvəllərində üzə çıxmağa başlamış seksual qalmaqallar ətrafında "susqunluq divarı" ucaltmır.

Hələ xorda baş verənlər barədə ilk xəbərlərin üzə çıxmasından bir neçə ay öncə Almaniyada daha bir katolik təhsil ocağında cinsi zorakılıq hallarının baş verdiyi məlum olub. Söhbət ötən əsrin 70-80-ci illərində Berlinin prestijli "Müqəddəs Canisius Kolleci”ndə baş verən olaylardan gedir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG