Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 02:09

Növbəti gecə bahalaşması...


Azərbaycanda benzin bahalaşdı
Gözlə

No media source currently available

0:00 0:00:23 0:00

Azərbaycanda benzin bahalaşdı

Benzinin qiymətinin bahalaşması, ölkədə internet-ticarətin perspektivi və prezident İlham Əliyevin idarəçilik xüsusiyyətləri bu gün medianın (18 iyul 2017-ci il) aparıcı mövzularındandır...

TARİF ŞURASININ ARQUMENTLƏRİNƏ CAVAB

«Novoye Vremya» qəzetində «Gecəyarısı benzin» sərlövhəli məqalədə benzinin son bahalanmasından bəhs edilir.

Müəllif yazır ki, Tarif Şurası bir çox bahalanmanı gecəyarısı elan edir. Bu dəfə də bu qurum xasiyyətini dəyişmək istəməyib. Aİ-92 markalı benzinin satış qiyməti 70 qəpikdən 90 qəpiyə qaldırılıb.

Yazıda daha sonra Tarif Şurasının arqumentləri dəyərləndirilir:

«Məlum olur ki, daxili tələbat artıb, ixrac məhdudlaşıb, SOCAR-ın valyuta gəlirləri azalıb, bəzi işlər üçün pul lazımdır və ona görə də Tarif Şurasına qiymətləri qaldırmaq təklifi verilib».

Müəllif hesab edir ki, SOCAR-ın bu təklifi başa düşülmür. Çünki bu benzin markasının ixracının azalması 2015-ci ildən başlayıb. 2014-cü ildə 13.4 min ton ixrac olubsa, 2015-ci ildə bu, 4.7 min tona, 2016-cı ildə isə 4.5 min tona enib.

Amma müəllif vurğulayır ki, 2017-ci ilin ilk rübündə ixrac artıb:

«Ona görə də devalvasiyadan, əhalinin avtomobil bazarında alıcılıq qabiliyyəti bir neçə dəfə enəndən sonra «daxili tələbatın artması» kimi yanaşma təəccüb doğurur».

Müəllif Tarif Şurasının emal sənayesinin benzinin tarifinin qaldırılması hesabına modernləşdirilməsi barədə əsaslandırmasını isə gülünc sayır. Yazıda vurğulanır ki, belə nəhəng işlərin yerinə yetirilməsindən ötrü qiymət artımından gələn gəlirlər yetərli ola bilməz.

Müəllif Tarif Şurasının hətta bu artımdan sonra da Azərbaycanda benzinin qiymətinin ucuz olması haqda açıqlamasını da düzgün saymır. Yazıda bildirilir ki, Qazaxıstanda yanacaq Azərbaycandan ucuzdur.

Müəllif hesab edir ki, benzinin bahalanması əhalinin həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq. Nəticədə bu, SOCAR-ın da gəlirlərinə təsir edəcək.

E-ticarət
E-ticarət

İNFORMASİYA TEXNOLOGİYALARINA MANEƏLƏR

«Exo» qəzetində «Azərbaycanın internet-mağazaları üçün «qara siyahı»» sərlövhəli məqalə oxumaq olar.

Yazıda internet-ticarətin problemləri, Azərbaycanda inkişaf perspektivi ekspertlərlə müzakirə edilir.

İKT İnformasiya Mərkəzinin rəhbəri Fərid Kazımov qəzetə açıqlamasında internet-mağazaların vətəndaşları bəzən aldatmasına toxunub. O deyib ki, bu tip mağazalar heç də istisna təşkil etmirlər:

«Yəni, ölkədə istehlakçıların hüquqlarını qoruyan qanunvericilik var. Odur ki, qanun istər ənənəvi, istərsə də onlayn-ticarət üçün eyni dərəcədə işləyir».

Daha sonra ekspert vurğulayıb ki, onlayn-ticarətin əsas ağırlığı sosial şəbəkələr vasitəsilə fəallıq göstərən özəl satıcıların üzərinə düşür.

Ekspert Nəriman Ağayev də deyib ki, Azərbaycanda internet-ticarətin payına düşən dövriyyə olduqca azdır. İnternet-mağazalar da çox deyil:

«Əgər ciddi, iri mağazalardan danışmalı olsaq, bu, 10-a qədərdir. Sosial şəbəkələrdə hansısa səhifələr var ki, onu da internet-mağaza adlandırmağa adamın dili gəlmir».

Ekspert deyir ki, ölkədə ümumi mal dövriyyəsində internet-mağazaların payı cəmi 0.01 faiz təşkil edir.

N.Ağayev hesab edir ki, bu sahə perspektivlidir, Azərbaycanda da inkişaf qaçılmazdır. Amma bu inkişaf bəzi amillərlə bağlıdır:

«Əlbəttə, bu sahənin zəruri mallarla təmin edilməsindən ötrü gömrük orqanların həddindən artıq təzyiqləri dayandırılmalıdır. Əks halda bu sahədə inkişaf ləngiyəcək».

İ.Əliyev Ağsuda
İ.Əliyev Ağsuda

MƏMURLARA NÜMUNƏ - DÖVLƏT BAŞÇISI

«Azərbaycan» qəzetində «Vətəndaşa layiqli xidmət nümunəsi» sərlövhəli məqalə dərc edilib.

Yazıda məmurlara dövlət başçısının fəaliyyətindən örnək götürmək tövsiyə edilir.

Müəllif yazır ki, əsl siyasi lider cəmiyyətin həyatında istənilən neqativ meyllərə vaxtında adekvat reaksiya verir, istənilən situasiyada xalqının yanında olur, hər bir vətəndaşın mənafeyinə cavab verən çevik qərarlar qəbul edir:

«Dövlət başçısı İlham Əliyev ötən 14 il müddətində mövcud gerçəklikləri operativ və obyektiv şəkildə qiymətləndirərək cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etmiş, vətəndaşları narahat edən problemlərə daim böyük həssaslıqla yanaşmışdır. Zəruri anda yüksək qətiyyət, prinsipiallıq göstərən cənab İlham Əliyev hər bir addımda vətəndaşların mənafeyini əsas götürmüşdür».

Yazıda vurğulanır ki, İ.Əliyevin idarəçilik fəaliyyətində diqqəti çəkən üstün məqamlardan biri onun hər zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir.

Müəllif hesab edir ki, prezidentin bu xüsusiyyəti məmurlardan ötrü nümunə ola bilər.

Daha sonra yazıda Bakının Yasamal rayonunda «Ovçular evi» kimi tanınan ərazidə hündürmərtəbəli yaşayış binasının tikintisi zamanı 54 ağacın və yaşıllıqların kəsilməsinə sakinlərin narazılığı xatırladılır. Müəllif vurğulayır ki, prezident sakinlərin narazılığına həssaslıqla yanaşıb:

«Bu məsələyə prezident İlham Əliyev dərhal və kəskin reaksiya verdi. Dövlət başçısının göstərişi ilə «Ovçular evi» ərazisində inşa olunan həmin binanın tikintisi dayandırıldı, məsələ nəzarətə götürülərək araşdırılmağa başlandı».

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG