Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 08:47

«Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılan qondarma rejimin «parlament»inə 2015-ci il mayın 3-də keçirilmiş qurama «seçkilər» və bu il fevralın 20-də «konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum»u beynəlxalq ictimaiyyət tanınmayıb. Qanunsuz «parlament» tərəfindən saxta «prezident seçkisi»nin keçirilməsi özünü gülünc vəziyyətinə qoymaqdan və öz-özünü aldatmaqdan başqa bir şey deyil. Hər kəsə çox yaxşı məlumdur ki, qondarma rejimin kriminal rəhbərliyi, eləcə də saxta «parlament»in üzvlərini Ermənistanın siyasi-hərbi hakimiyyəti təyin edir və yalnız marionet funksiyasını yerinə yetirirlər».

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev iyulun 19-da Dağlıq Qarabağdakı separatçı rejimdə «prezident seçkisi»nin keçirilməsi ilə əlaqədar məsələni şərh edərkən deyib.

«ERMƏNİSTAN İŞĞALA ƏSASLANAN STATUS-KVONU SAXLAMAĞA ÇALIŞIR»

H.Hacıyev bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim etnik təmizləmə siyasətinin nəticəsidir:

«Qeyri-qanuni və saxta «prezident seçkisi» Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır. Ermənistanın bu addımı növbəti siyasi təxribatdır. Qoşunların təmas xətti boyunca vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistanın törətdiyi hərbi təxribatların davamı olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində olan səylərinin pozulmasına xidmət edir. Bütün bunlar bir daha onu sübut edir ki, Ermənistan münaqişənin siyasi həllində həqiqətən maraqlı deyil və hər bir vəchlə işğala əsaslanan status-kvonu saxlamağa çalışır».

H.Hacıyev vurğulayıb ki, münaqişənin həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasından, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasından asılıdır. Onun fikrincə, Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları sülh şəraitində birgə yaşamalıdırlar.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG