Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 17:25

“Google” ictimai fikirlə necə oynayır


Londonda Google-un ofisi

“Google” ictimai fikrə təsir göstərməkdən ötrü akademik tədqiqatlara milyonlar xərcləyir. Şirkət 2005-ci ildən ictimai siyasətlə bağlı 329 tədqiqatı maliyyələşdirib. ABŞ-da mənzillənən Hesabatlılıq uğrunda Kampaniyanın (ingiliscə qısa adı – CfA) bu tapıntısı haqda “The Guardian” qəzeti yazır.

Kampaniya bildirir ki, “Google” ictimai fikrə və siyasətçilərə təsir göstərmək məqsədiylə ABŞ və Avropada akademik araşdırmalara milyonlar sərf edib. Son 10 ildə maliyyələşdirilmiş tədqiqatlar bu texnologiya şirkətinin biznes maraqlarını dəstəkləyib, onu antimonopoliya və konfidensiallıq normativləriylə bağlı problemlərdən qoruyub. CfA hesabatında belə deyir.

“MALİYYƏ MƏNBƏLƏRİNİ AÇIQLASINLAR”

“’Google’ bütün səviyyələrdə siyasətçilərə təsir göstərmək məqsədiylə nəhəng sərvətindən və gücündən istifadə edir. Tənzimləyicilər azından bilməlidirlər ki, istinad etdikləri, müstəqil hazırlandığı iddia olunan hüquqi və akademik işi onlara qarşı ‘Google’ hazırlatdırıb”, – CfA-nın icraçı direktoru Daniel Stevens deyib.

“Google Academics Inc” adlı hesabatda CfA 2005-2017-ci illərdə dərc olunmuş 329 tədqiqat işindən söz açır. Bu araşdırmaların bəzilərinin müəllifləri Oksford, Edinburq, Stenford, Harvard, MIT və Berlin İqtisadiyyat Məktəbi kimi aparıcı təhsil ocaqlarından akademiklər və iqtisadçılardır.

Tədqiqatların yarıdan çoxunu “Google” birbaşa maliyyələşdirib, qalan hallarda isə pulu “Google”un dəstəklədiyi qruplar və institutlar ayırıb. “Google”dan 5 min – 400 min dollar (3 min 900 – 310 min funt sterlinq) almış müəlliflər ümumi işlərin 66%-də maliyyə mənbəyini açıqlamayıblar. Şirkətin birbaşa maliyyələşdirdiyi işlərin 26%-də isə mənbə açıqlanmayıb.

CfA “Google”un maliyyələşdirdiyi akademikləri maliyyə mənbələrini açıqlamağa çağırır ki, onların işinin dəyərləndirilməsində bu amil nəzərə alına bilsin.

Buna da bax: Google şirkətinə niyə 2,7 miyard dollar cərimə qoyulub?

“İRONİYA DOĞURUR”

“Google” isə hesabatı “yüksək səviyyədə çaşdırıcı” adlandırır, çünki sənədə şirkətin nə vaxtsa pul ayırdığı istənilən təşkilatın dəstəklədiyi istənilən tədqiqat salınıb.

“Bizim açıq internet prinsiplərinə dəstəyimizi, müəlliflik hüququ, patentlər və söz azadlığı kimi mövzuları araşdırmış bir çox akademiklər və institutlar paylaşır… Biz onların araşdırmaları davam etdirməsinə kömək məqsədiylə dəstək verir və onların ideyaları haqda maarifləndirmə aparırıq”, – şirkətin ictimaiyyətlə bağlı siyasət üzrə direktoru Leslie Miller bloqunda yazıb.

Miller-in sözlərinə görə, şirkət akademiklərin maliyyə mənbələrini açıqlayacağını və müstəqilliklərini saxlayacağını gözləyir. “The Guardian” yazır ki, hesabatda adı çəkilən akademiklərin bəziləri “Google”unantimonopoliya, konfidensiallıq və şəbəkə neytrallığı kimi məsələlərdə siyasətini nə vaxtsa tənqid edib.

Şirkət təmsilçisi bildirib ki, CfA-nın hesabatlılıq və şəffaflıqdan danışması ironiya doğurur, çünki özü maliyyə dəstəkçilərini açıqlamır. Onlardan biri Oracle şirkətidir, “bizə qarşı yaxşı sənədləşdirilmiş lobbiçilik kampaniyası aparır”, yüzlərlə tədqiqatı və tədbiri maliyyələşdirir, Miller belə yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG