Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:16

Gənc fəalın atası: 'Qanun kimə necə sərfəlidir, o istiqamətdə istifadə edir'


Həsən İbrahimov. 13 iyul 2017
Həsən İbrahimov. 13 iyul 2017

Həbsdəki gənc fəal Qiyas İbrahimovun atası, hakimə hörmətsizliyə görə barəsində cinayət işi açılmış Həsən İbrahimov belə deyir.

O, iyulun 13-də Ədliyyə nazirliyinin İstintaq İdarəsində ifadə verməsindən də danışıb:

“Orda məni sorğu-sual etdilər. Guya hakimləri təhqir etmişəm. Suallar verdilər, mən də cavab verdim".

H.İbrahimovun sözlərinə görə, idarədə ona məhkəmə zalında çəkilmiş videonu göstəriblər. Ancaq videoda sözlər başa düşülmədiyindən, istintaq görüntülərin ekspertizaya göndərilməsinə qərar verib. Ekspertizadan sonra Həsən İbrahimovu yenidən istintaqa dəvət edəcəklər.

Buna da bax:​ Qiyas İbrahimovun atasına da cinayət işi açılıb

“Bəs, evimizə narkotik qoyanların cəzasını kim çəkəcək?”

“Onlara dedim ki, ədalətə, qanunun hamı üçün eyni olduğuna o zaman inanardım ki, Qiyası tutan zaman çəkilən videoları da məhkəməyə verərdilər. Vəkil dəfələrlə vəsatət qaldırdı, amma həmin videolar təqdim olunmadı, gizlədildi, məhv edildi. Qanun kimə necə sərfəlidir, o istiqamətdə istifadə edirlər. Mən dedim ki, onlardan fərqli olaraq, böhtan və yalan danışmıram. Amma Qiyasa böhtan atanların, evimizə narkotik qoyanların cəzasını kim çəkəcək? Təcridxanada uşağımı döyürlər, onun cəzasını kim çəkəcək?", - deyə ata sual edib.

“Rəis müavini məni aldatdı”

Həsən İbrahimov cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra oğluna qarşı münasibətin pis olmasından danışıb: “Qiyas buraya köçürülən kimi 16 gün cərimə kamerasına salıblar. Evimizlə telefon əlaqəsi saxlaya bilmir. Dünən getdim cəzaçəkmə müəssisəsinə, özünü rəis müavini kimi təqdim edən şəxs Qiyasın evlə telefon əlaqəsi saxlayacağını desə də, məni aldatdı. Qiyas hələ də evə zəng etməyib”.

Buna da bax: Avropa Məhkəməsi gənc fəalların şikayətini icraata götürüb

“Allahınız olsun...”

Həsən İbrahimova cinayət işi açılmasına səbəb olan hadisə Qiyas İbrahimovun apellyasiya şikayətinə baxılan zaman baş verib. Şüşə qəfəsdə olan Qiyas İbrahimov prokuror çıxış edərkən dəfələrlə sədrlik edən hakim Vüqar Məmmədova əlləri ilə eşidə bilmədiyini işarə edib. Onun işarələri diqqətə alınmadıqda, gənc fəal şüşə qəfəsdəki mikrofonu çıxararaq yerə atıb. Bu zaman məhkəmə nəzarətçiləri İbrahimovun qollarını arxadan qandallayıblar. Bunu görən fəalın atası hakimlərə etiraz edərək "Allahınız olsun" deyib. Cinayət işinin buna görə, başlandığı bildirilir.

Həsən İbrahimovun vəkili Elçin Sadıqov AzadlıqRadiosu-na bildirib ki, müvəkkilinə qarşı Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (hakimə hörmətsizlik) ilə cinayət işi qaldırılıb.

Buna da bax:​ Qiyas İbrahimovla görüşən vəkil onun həyatının təhlükədə olduğunu deyir

Xatırlatma

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra həbs olunublar. Ancaq onları qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək, hər birini 10 il azadlıqdan məhrum ediblər.

"Amnesty International" təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb.

Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG