Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 04:45

Müğdət Həşimov: “Mənə 20 il verin, Allahşükür rahatlaşsın...”


Müğdət Həşimovun məhkəməsi

“Mənə 20 il verin, canım bu komediyadan qurtarsın. Allahşükür də, Cavanşir də rahatlaşsın, əl çəksinlər məndən...”, – Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və qardaşı, deputat Cavanşir Paşazadənin ailə üzvləriylə biznes ortağı olmuş Müğdət Həşimovun sözləridir.

Müğdət Həşimov Paşazadələrin yaxın adamı, “Hacı Mazan” kimi tanınan Ramazan Zeynalovun iddiası əsasında həbs olunub və bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Həşimov yuxarı instansiyaya şikayət edib və onun işinə indi Bakı Apellyasiya Məhkəməsində Mirpaşa Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Paşazadələrə məxsus “Medi-Sina” klinikasına avadanlıqların alınması məqsədilə ayrılmış vəsaitdən 193 min manatın mənimsənilməsində ittiham olunan Müğdət Həşimov özünü təqsirli bilmir.

Apellyasiya Məhkəməsində məlum olub ki, iş üzrə zərərçəkmiş qismində tanınan Ramazan Zeynalov da hökmdən narazıdır. O da apellyasiya şikayəti verərək, Müğdət Həşimovun cəzasının artırılmasını istəyir.​

DEPUTATIN DİNDİRİLMƏSİ TƏLƏB OLUNDU

Müğdət Həşimovun vəkili Elçin Sadıqov apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması haqda vəsatət qaldırıb. Müdafiəçi həmçinin Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadənin də məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb:

“Bu işdə sənədlərin saxtalaşdırılmasında iştirak etmiş Lalə Zərbəliyeva, Cavanşir Paşazadə və digərinin əlavə şahid qismində dindirilməsini istəyirik. Müğdət Həşimov bildirir ki, sənədlərdəki imzalar ona məxsus deyil. Təəssüf ki, birinci instansiya məhkəməsində bu işə baxılarkən imza ilə bağlı ekspertiza təyin olunub məsələyə aydınlıq gətirilmədi. Ekspertiza haqda vəsatət qaldırsaq da, təmin olunmadı. Ona görə bu vəsatəti yenidən qaldırıram”.

Vəsatətlər təmin olunmayıb.

“9 İL AZDIR, 20 İL VERİLSİN”

“Hacı Mazan”ın nümayəndəsi Siracəddin Kərimov deyib ki, onlar hökmdən əsasən cəzanın yüngüllüyünə görə narazıdılar: “Müğdət Həşimova ittiham olunduğu iki maddə ilə 20 il də cəza verilə bilərdi”.

Qarşı tərəfin bu tələbinə Müğdət Həşimovun reaksiyası belə olub: “Bu, əməlli-başlı şoudur. Mülki işi gətirib bu həddə çatdırıblar, yenə də əl çəkmək istəmirlər. İyirmi il verin, Allahşükür də, Cavanşir də rahatlaşsın, əl çəksinlər məndən. Mənim də canım bu komediyadan qurtarsın”.

Buna da bax: 'Paşazadələrin mənə elədiklərini..."

Müğdət Həşimovun vəkili Elçin Sadıqov müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə iyulun 14-də davam edəcək.

XATIRLATMA

Müğdət Həşimov Paşazadələrlə 2012-ci il dekabrın 6-da rəsmi qaydada «Birgə fəaliyyət haqqında» müqavilə imzalayıb. Müqavilə şərtlərinə görə, Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni onunla iş birliyində olublar. Yenə razılaşmaya əsasən, təsisçilər «Bank VTB»dən 700 min manat götürüb M.Həşimova veriblər. Həmin pulun banka qaytarılması 2018-ci ilədək Həşimovun öhdəliyində olub. Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməliydi. Kredit ödənişi başa çatandan sonra isə əldə olunan qazanc Paşazadələrlə bölünəcəkdi.

M.Həşimov deyir ki, kreditin başa çatmasına az qalmış onu həbs etdiriblər ki, vaxt tamam olanda onların qazancına şərik olmasın.

R.Zeynalov isə iddia edir ki, M.Həşimov Paşazadələrin təsisçisi olduğu klinikaya köhnə, yararsız avadanlıqlar almaqla, onları aldadıb və pulları mənimsəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG