Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 16:50

ABŞ prezidenti Donald Trump deyir ki, prezidentlik kampaniyası dövründə oğlunun rusiyalı vəkillə görüşməsindən xəbəri olmayıb. Ancaq prezidenti oğlunu bu addıma görə qınamır da.

İyulun 12-də “Reuters” informasiya agentliyinə müsahibəsində Trump-dan soruşublar ki, oğlunun ötən ilin iyununda vəkil Natalya Veselnitskaya ilə görüşündən xəbəri olubmu. “Xeyr, iki gün öncə bu barədə eşidənədək bilmirdim”, – o deyib.

Kiçik Donald Trump-ın bu həftə açıqladığı emaillər onun Rusiya hökumətinin vəkili olan qadınla görüşə həvəslə razılaşdığını üzə çıxarıb. Trump-a deyilibmiş ki, vəkildə demokratların namizədi Hillary Clinton-a zərbə vuracaq informasiya var və bu informasiya Moskvanın onun atasının seçki kampaniyasına rəsmi dəstəyi çərçivəsində veriləcək.

Buna da bax: Trump-ın oğlu qalmaqalın mərkəzində​

“BUNU HƏR KƏS EDƏ BİLƏRDİ”

Trump bildirib ki, oğlunu həmin görüşə getdiyinə görə qınamır, buna qeyri-ənənəvi siyasi kampaniya çərçivəsində verilmiş qərar kimi baxır. “Məncə, çox adam həmin görüşə gedərdi”, – Trump deyib.

Oğul Trump-ın emailləri bir məsələni də üzə çıxarıb, görünür, atasının kampaniya rəsmiləri Rusiyanın 8 noyabr seçkisinə köməyini qəbul etməyə hazır olublar.

Prezidentin “bunu hər kəs edə bilərdi” deməsinə baxmayaraq, oğul Trump-ın görüşü hüquqi suallar yaradıb. Belə ki, ABŞ qanunvericiliyi namizədlərin xarici hökumətdən hər hansı dəyərli şeyi qəbul etməsini yasaqlayır.

Artıq demokrat konqresmenlər ABŞ Federal Seçki Komissiyası qarşısında iddia qaldırıblar, həmin görüşün ABŞ seçki qanunlarını pozduğunu iddia edirlər. Konqresin bir neçə komitəsi isə görüşlə bağlı əlavə bilgi istəyib, bu görüşün Rusiyanın prezident seçkisinə müdaxilə iddialarını əsaslandırması məsələsini müəyyənləşdirməyə çalışır.

Buna da bax: FTB direktorluğuna namizəd Rusiyanın seçki müdaxiləsinin araşdırılacağını deyir

“BƏLKƏ DƏ BAŞQA CÜR DAVRANARDIM”

Kiçik Donald Trump iyulun 11-də Fox News-a müsahibəsində deyib ki, “bu gündən baxanda, bəlkə də biraz başqa cür davranardım”.

Ancaq o, israrla bildirib ki, həmin görüşdən Trump kampaniyasının xeyrinə heç nə çıxmayıb, o, Clinton-un seçki perspektivlərinə ziyan vurmaq məqsədiylə Kremllə əməkdaşlığa getməyib.

Kiçik Trump onu da söyləyib ki, Veselnitskaya ilə görüş barədə atasına heç nə deməyib, çünki “deməyə bir şey də olmayıb”.

“Sadəcə, 20 dəqiqəmi itirdim”, – oğul Trump vurğulayıb.

Prezident Trump-ın sözlərinə görə, o, Rusiya prezidenti Vladimir Putin-dən soruşub ki, ABŞ kəşfiyyat agentliklərinin bildirdiyi kimi, ölkəsinin ABŞ-da prezident kampaniyasına müdaxiləsində rolu olubmu. Putin bunu inkar edib.

ABŞ kəşfiyyat agentlikləri, hətta Trump-ın kabinet üzvlərindən bəziləri Rusiyanın seçkiyə müdaxilə etdiyini desə də, prezident bunu qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG