Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:30

Yeni avtobus dayanacaqları qıfıllı qalıb


Aşqabadda avtobus dayanacağı
Aşqabadda avtobus dayanacağı

Aşqabadın yeni müasir avtobus dayanacaqları qıfıllı qalıb

Türkmənistan paytaxtının mərkəzi küçələri boyu quraşdırılmış, kondisionerlərlə təchiz edilmiş yeni müasir avtobus dayanacaqları kilidli qalıb.

Aşqabad sakinlərinin sözlərinə görə, isti havada ictimai nəqliyyatı gözləyən sərnişinlər bu kondisionerli, müasir dayanacaqlardan yararlana bilmirlər.

Türkmənistan paytaxtında belə müasir avtobus dayanacaqlarının sayı onlarladır. Bu dayanacaqları Saparmurad Turkmenbaşı, Müstəqillik və Neytrallıq küçələrində görmək olar. Ancaq hamısı qapalıdır.

“BU DAYANACAQLARI NİYƏ TİKİRLƏR?”

"Bu dayanacaqlarda heç qəzet və jurnal satışı üçün nəzərdə tutulmuş köşklər də işləmir. Temperaturdan asılı olaraq havanı qızdıran və soyudan sistemlərlə təchiz olunmuş bu məkanlar daim bağlıdır. Sərnişinlərə ora girmək qadağandır", – Aşqabaddan olan şərhçi Amanmurad Bugayev AzadlıqRadiosuna deyib.

Son illər tikilmiş müasir avtobus dayanacaqları kondisionerlərdən başqa sərnişinlər üçün oturacaqlar və televizorlarla təchiz edilib və canlı çiçəklərlə bəzədilib.

Belə dayanacaqlarda avtobus gözləyən sərnişinlər 40 dərəcə istidə günəşdən qorunmaq üçün ya qapalı dayanacağın, ya da yaxınlıqdakı ağacların kölgəsində dayanmalı olurlar.

"Uzun müddət avtobus gözləyən sərnişinlərin qışda soyuqdan, yayda istidən qorunmasından ötrü nəzərdə tutulmuş dayanacaqların tikintisinə böyük vəsait sərf edilib. Ancaq sərnişinləri ora buraxmırlar. Onda bu dayanacaqları niyə tikirlər?" – adının Mengli olduğunu deyən bir Aşqabad sakini AzadlıqRadiosuna müsahibəsində söyləyir.

“GİZLİ TAPŞIRIQ VAR”

Radionun türkmən xidmətinin əməkdaşları avtobus dayanacaqlarının qapalı qalmasının səbəblərini araşdırmaq üçün Aşqabad administrasiyasına müraciət ediblər. Administrasiya nümayəndəsi bildirib ki, sərnişinlərin kondisionerli avtobus dayanacaqlarına buraxılmaması haqda xəbərlər həqiqətə uyğun deyil.

Ancaq ölkənin avtomobil nəqliyyatı nazirliyində çalışan, adlarının çəkilməsini istəməyən bəzi məmurlar AzadlıqRadiosuna bildiriblər ki, sentyabrda keçirilməsi nəzərdə tutulmuş Asiya oyunlarına qədər həmin dayanacaqları qapalı saxlamaq haqda gizli tapşırıq var.

"Ali rəhbərlik tələb edir ki, bu dayanacaqlar bağlı qalsın. Çünki sərnişinlər ora buraxılarsa, dayanacaqlar çirklənər. Split sistemlər sınaraq sıradan çıxa bilər. Deyiblər ki, Asiya oyunlarının başlanğıcında qonaqlar gəlməyə başlayanda açacaqlar", – deyə avtomobil nəqliyyatı nazirliyinin məmurlarından biri bildirib.

Ancaq Radionun türkmən xidməti bu məlumatı rəsmi təsdiqlədə bilməyib.

Buna da bax: Türkmənistaqnda “Asiya oyunları”na görə tələbələri də tətilə buraxmırlar

HAZIRLIQ TƏDBİRLƏRİ

Aşqabad şəhəri Asiada - 2017-nin keçirilməsinə "yüksək səviyyədə" hazırlaşır. Bu beynəlxalq idman yarışı ərəfəsində ölkə əhalisinin paytaxta gəlişinin məhdudlaşdırıldığı, küçə ticarətinin yasaqlandığı, sahibsiz heyvanların kütləvi şəkildə məhv edildiyi, ən azı yüzlərlə yaşayış evinin söküldüyü, tədris ilinin başlanmasının ertələndiyi, dövlət idarələrinin işçilərindən və kiçik sahibkarlıqla məşğul olan şəxslərdən pul vəsaitinin toplandığı bildirilir. Bundan başqa, tədris ocaqlarının şagird və tələbələrinin, habelə büdcə qurumları əməkdaşlarının kütləvi şəkildə Asiya oyunlarına hazırlığa cəlb edildiyi haqda məlumatlar var.

Ancaq Türkmənistanın rəsmi kütləvi informasiya vasitələri ölkə əhalisinin insan hüquqları və vətəndaş azadlıqlarının bu şəkildə pozulması halları barədə heç bir bilgi vermir.

Prezident Gurbanguly Berdymuhamedov bəyan edib ki, Asiya oyunları Türkmənistanın dünya səviyyəsində nüfuzunu qaldırmağa kömək edəcək.

Rəsmi məlumatlara görə, Türkmənistan hökuməti sentyabrın 17-dən 27-dək paytaxt Aşqabadda keçiriləcək, ölkə tarixində ən böyük idman tədbiri olacaq V Asiya oyunlarına on minlərlə xarici turistin gələcəyini gözləyir.

Dünyanın 60-dan çox ölkəsindən gələn idmançıların 21 idman növü üzrə yarışacağı tədbirlər Aşqabadın mərkəzində tikilmiş Olimpiya kompleksində keçiriləcək. Kompleksin 5 milyard ABŞ dollarına başa gəldiyi bildirilir. Bundan başqa, 2,3 milyard dollara başa gəlmiş yeni beynəlxalq hava limanı da istifadəyə verilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG