Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 05:13

Nazirin qardaşının yenə məhkəməyə çağırılması tələb olundu


Məhkəmə önü, arxiv

Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalovun şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunan Samir Nəbiyev nazir qardaşının bir daha məhkəməyə çağrılmasını istəyir. Bu barədə onun vəkili Ceyhun Yusifov məhkəmədə vəsatət qaldırıb.

Nazirin qardaşından 18 min manat və 2 min 500 dollar pul alıb qaytarmamaqda suçlanan Samir Nəbiyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Şəkər Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.

İyulun 12-də məhkəmə iclasında iş materiallarındakı sənədlər elan olunandan sonra hakim məhkəmə istintaqının yekunlaşması və çıxışlar mərhələsinə keçidlə bağlı tərəflərin fikirlərini soruşub. Samir Nəbiyevin vəkili etiraz edib, deyib ki, hələ istintaq tamamlana bilməz. Vəkil bildirib ki, Əlikram Camalov yenidən dindirilməlidir: "Onunla bağlı bəzi xüsusatlar var ki, aydınlaşdırılmayıb. Mütləq onun iştirakı ilə həmin məsələlərə aydınlıq gətirilməlidir".

Vəkilin sözlərinə görə, təqsirləndirilən Samir Nəbiyev də əlavə ifadə vermək istəyir. Hakimlər vəkilə təklif edib ki, nazir qardaşının aydınlıq gətirməli olduğu detalları konkretləşdirib yazılı şəkildə məhkəməyə təqdim eləsin.

Bu səbəbdən məhkəmə iyulun 19-na qədər təxirə salınıb.

XATIRLATMA

Samir Nəbiyev icarə əsasında elektrik avadanlıqlarının satıldığı mağaza işlədib. O, şərikli işləmək üçün nazirin qardaşından 18 min manat və sonradan da 2500 dollar pul alıb. Razılaşmaya görə, Nəbiyev hər ay qazancın yarısını Camalova verməli idi.

Təqsirləndirilən bildirir ki, 18 min manata görə ümumilikdə 5 min, 2500 dollara görə də 1500 dollar pul verib. Əlikram Camalov da o pulu aldığını təsdiqləyir.

Nazirin qardaşı məhkəmədə deyib ki, verdiyi pulların o vaxtın məzənnəsi ilə hesablanıb dollarla qaytarılmasını istəyir. Əlikram Camalov onu da bildirib ki, indiki mərhələdə 10 min dollar geri alsa, Samir Nəbiyevdən şikayətçi olmaz.

Samir Nəbiyev isə dələduzluq etmədiyini, devalvasiyadan sonra maddi vəziyyətinin pisləşdiyini, bu səbəbdən aldığı pulu qaytara bilmədiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG