Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 07:31

Ağ Ev Rusiyaya qarşı yeni sanksiyalar layihəsində dəyişikliliyə çalışır


Ağ Ev

Ağ Ev Rusiyaya qarşı sanksiyalarla bağlı layihəyə dəyişiklik etməyə çalışır. Bunu Ağ evin rəsmisi iyulun 10-da deyib.

Rusiyanın ABŞ-da seçkiyə iddia olunan müdaxiləsi və digər məsələlərə görə yeni sanksiyalar layihəsini Senatda səs çoxluğuyla qəbul olunub, ancaq Nümayəndələr Palatasında ilişib. Layihədə İrana qarşı da yeni sanksiyalar var.

“TRUMP-IN ƏL-QOLU BAĞLANIR”

Ağ evin qanunvericilik üzrə direktoru Marc Short jurnalistlərə deyib ki, administrasiya Rusiya və İrana qarşı yeni sanksiyaları dəstəkləyir, ancaq Konqresə bu məsələdə daha böyük söz sahibliyi verilməsini qəbul etmir.

Layihənin bir maddəsində deyilir ki, prezident Donald Trump Moskvaya sanksiyaları yüngülləşdirməyə, yaxud bitirməyə qərar versə, Konqres buna bir daha baxa bilər.

“Bizim narahatlığımız Konqresin 535 üzvünə xarici siyasətdə görünməmiş səlahiyyət verilməsiylə bağlıdır. Öncəki sanksiyalar layihələrində olan, milli təhlükəsizlikdən dolayı etirazla bağlı maddələr bu layihəyə salınmayıb”, – Short deyib.

“Axios” vebsaytının məlumatına görə, Ağ Ev bu qanun layihəsinin Rusiya prezidenti Vladimir Putin-lə danışıqlarda “Trump-ın əl-qolunu bağlayacağından” narahatdır. Rusiyayla Birləşmiş Ştatlar bu yaxınlarda Suriyada sülhün əldə olunması üzrə danışıqlara başlayıblar.

“LAYİHƏ O QƏDƏR ZƏİF YAZILIB Kİ...”

“Qanun layihəsi o qədər zəif yazılıb ki, nə respublikaçılar, nə də demokratlar onunla rahat işləyə bilməyəcəklər. Çünki icraedici orqanın diplomatik səylərini böyük miqyasda əngəlləyir”, – Short Axios-a deyib.

Bu etirazı ilk dəfə dövlət katibi Rex Tillerson dilə gətirib. O, ötən ay deyib ki, Trump sanksiyaları Rusiyayla “təkamül edən diplomatik duruma uyğunlaşdırmaqdan ötrü çevikliyini” saxlamalıdır.

“Associated Press” agentliyinin məlumatına görə, Xəzinədarlığın və Dövlət Departamentinin rəsmiləri ötən həftə Nümayəndələr Palatasında görüş keçiriblər. Onlar prezidentin səlahiyyətini məhdudlaşdıran – konqresin nəzarətilə bağlı maddədən narazılıqlarını dilə gətiriblər. Ancaq həmin maddənin zəiflədilməsi konqresdəki demokratların və bəzi respublikaçıların müqavimətiylə üzləşər.

“ÇOX VACİB” HİSSƏ

Qanun layihəsinin hazırlanmasında əsas rol oynamış, senatın xarici əlaqələr komitəsinin sədri Bob Corker bu maddəyə konqresin səlahiyyətinin tətbiqindən ötrü vacib tələb kimi baxır.

Corker iyulun 10-da jurnalistlərə deyib ki, Ağ evin, Konqresin xarici siyasətə nəzarətinə qarşı çıxması qeyri-adi hal deyil. Onun fikrincə, sanksiyalara yenidən baxılmasıyla bağlı tələb qanunvericiliyin “çox vacib” hissəsidir.

ABŞ neft şirkətlərinin təmsil olunduğu Amerika Neft İnstitutu da qanun layihəsinə qarşıdır. Layihə ABŞ enerji şirkətlərinin Rusiyada yeni layihələrdə iştirakını yasaqlayır, qadağanı daha da genişləndirir. Belə ki, ABŞ şirkətləri dünyanın istənilən yerində Rusiya enerji şirkətlərinin qatıldığı layihələrdə iştirak edə bilməyəcəklər.

Neft assosiasiyası bunun ABŞ neft şirkətlərinə milyardlarla dollara oturacağını bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG