Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:35

'Şəhid bulağı'nın yerində... kababxana


arxiv
arxiv

"’Şəhid bulağı’nı gecəylə söküb, yerində kababxana-pivəxana açıblar, pivə masaları, stullar düzüblər, elə oradaca əti kəsib kabab çəkirlər. Bu, şəhid ruhuna həqarət, ailəsinə təhqirdir".

Yeni Yasamal sakinləri AzadlıqRadiosu-na müraciət ediblər. Onlar Yeni Yasamalın girişində – Talıblı və Şərifzadə küçələrinin kəsişməsindəki “Şəhid bulağı” adlı kompleksin gecəylə söküldüyünü və səhər yerində kababxana açıldığını iddia edirlər. Sakin Ədalət Cəbiyev deyir, ərazidə Qarabağ döyüşlərində həlak olmuş Məhəmməd Allahverdiyevin adına bulaq-kompleks olub:

"Mayın sonunda gördük ki, bir neçə şəxs kompleksin ətrafını ölçüb-biçir. Maraqlananda dedilər, Yasamal rayon icra hakimiyyəti kompleksi genişləndirmək istəyir, ona görə də ölçüb biçirlər. Sakinlər də başçının canına dua etdilər. Dedik, heç olmasa, şəhidlərimizə dəyər verən bir başçı tapıldı. Hələ bu xəbəri şəhidin ailəsinə də çatdırdıq. Üstündən 2-3 gün keçdi, gecənin bir vaxtı səsə ayıldıq, gördük, kompleksi sökürlər".

“BİR GECƏDƏ BULAĞI SÖKÜB YERİNƏ STOL-STUL DÜZDÜ”

Beləcə, aldadıldıqlarını deyən sakinlərin sözlərinə görə, kompleksin yerinə stol-stullar düzüb pivə satışına başlayan şəxs buna qədər ərazidə bir kababxana və ət kəsimi yeri açıbmış. Sakin deyir, yerli icra hakimiyyəti qarşısını almasa, bulaq kompleksi bərpa olunmasa, onlar özləri bu işə "qol qoymalı" olacaqlar:

"Bu nə acgözlükdür, bu nə biabırçılıqdır? Bilirsiz, ərazi kifayət qədər böyük idi. O səbəbdən buraya göz dikən, adı sakinlərdən gizli saxlanılan şəxs əvvəlcə ərazinin bir hissəsini "qapazlayıb", orada kababxana açıb, adını da "Qarabağ" qoyub. Ancaq görünür, kababxana azlıq etdi, başladı insanların gediş-gəliş yerində heyvan kəsib satmağa. Sonra da başqa "siyasətə" əl atdı – yüzlərlə insanın istifadə etdiyi “Şəhid bulağı”na gələn suyu kəsdi. Bu da nəticə – bir gecədə bulağı söküb yerinə stol-stul düzdü. Hər kimdirsə, gözü doymur ki, doymur..."

Sakinlərin iddiasına görə, etirazını bildirən icra hakimiyyəti tərəfindən cəzayla hədələnir.

“BAŞÇI MÜNASİBƏT BİLDİRSƏ...”

Yasamal rayon icra hakimiyyətindən AzadlıqRadiosu-na deyilib ki, yaxın günlərdə məsələyə münasibət bildiriləcək:

– Başçı yerində yoxdur, məsələni ona məruzə edib yaxın günlərdə özümüz sizə məlumat verəcəyik.

– Kompleksi sökdüyü iddia olunan sahibkarın kimliyi ilə bağlı məlumat verə bilərsizmi?

– Təəssüf ki, yox. Siz yenə də gözləyin, başçı özü münasibət bildirsə, biz sizə xəbər edərik.

Sakinlərsə bulaq kompleksinin sökülməsi və ərazidəki obyektlərin qanunsuz saydıqları fəaliyyəti ilə bağlı məhkəməyə müraciət edəcəklərini deyirlər.

XS
SM
MD
LG