Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:01

Dəmiryolda qiymətləri kim qaldırır? - Media icmalı


Qatar
Qatar

«Novoye Vremya» qəzeti «Tariflərin artmasının anonsunu kim verir» başlıqlı məqalədə bu suala cavab axtarır.

Bu il iyulun 15-dən kupe və plaskart vaqonlarda qiymətlər 20% bahalaşacaq.

«Dəmiryol rəhbərliyi bu qiymət bahalaşmasını nə qədər əsaslandıra biləcək, bunu zaman göstərər, amma bilet tariflərinin artmasının sadə vətəndaşların cibinə zərbə vurması faktdır. Sual edilir ki, niyə məhz indi, yay mövsümündə, məzuniyyətlər dövründə, ölkə daxilində qatardan istifadə edənlərin sayı artan vaxtda bu qiymətlər qaldırılır? Belə çıxır ki, bu qurum biletin qiymətini bahalaşdırmaqla bu və ya digər dərəcədə vəziyyətdən istifadə edir, əvəzində də heç nə təklif etmir», - məqalədə deyilir.

Müəllif yazır ki, qiymət qaldırılmazdan öncə sərnişinlər üçün şərait yaxşılaşdırılmalıdır, amma sərnişindaşımada qiymətlərin artırılması, heç olmasa, servis xidmətiylə də kompensasiya olunmur.

Məqalədə o da vurğulanır ki, ölkənin dəmir yollarının inkişafına dövlət milyard manatlarla sərmayə qoyur, bu azlıq edir, hələ üstəlik də vətəndaşın cibinə girirlər:

«Sadə vətəndaşlar barədə heç kəs düşünməyib, istər bu, istərsə də başqa sahədə sağlam rəqabət olmadığından qiymət özbaşınalığı baş verir».

Dollar
Dollar

KÖLGƏ İQTİSADİYYATININ LİDERİ

Yerli mətbuat son günlərin başlıca mövzularından birinə - kölgə iqtisadiyyatına diqqət yetirir. Məsələn, «Exo» qəzetinin məqaləsi belə adlanır: «Azərbaycanın kölgə iqtisadiyyatı dünyada birinci yerdədir».

Müəllif Beynəlxalq Diplomlaşdırılmış və Sertifikatlaşdırılmış Müsahiblər Assosiasiyasının açıqladığı göstəricilərə istinadla yazır ki, ən böyük kölgə iqtisadiyyatına malik ölkələr siyahısında Azərbaycan birinci yerdədir və tədqiqatların nəticələri göstərir ki, qeyri-formal sektorun həcmi bütün Ümumi Daxili Məhsulun (ÜDM) 67%-ni təşkil edir.

«Keçən il üçün Azərbaycanın illik ÜDM-si 59 milyard 987.7 milyon manat olub ki, bunun da 60%-i kölgə iqtisadiyyatının payına düşür. Hesab edilir ki, ildə təqribən 36 milyard manat «kölgə»yə gedir», - ekspert Nəriman Ağayev qəzetə belə deyir.

Ekspertin sözlərinə görə, əvvəllər kölgə iqtisadiyyatının həcmi daha çox idisə, indi bir qədər azalıb, amma bu, heç də həmin hala qarşı aparılan mübarizənin yox, sadəcə, iqtisadiyyatın kiçilməsinin nəticəsidir.

N.Ağayev deyir ki, ölkədə korrupsiyaya qarşı qanunlar qəbul edilsə də, onlar işləmir, məmurlar öz bizneslərini inkişaf etdirmək üçün qanundan yan keçirlər.

Ekspert Samir Əliyevsə hesab edir ki, nağdsız hesablaşmaya keçmək kölgə iqtisadiyyatına qarşı səmərəli mübarizə üsullarındandır:

«Bu sahədə müəyyən tərəqqi var, amma bu məsələdə xüsusi uğur qazanılmasından danışmaq olmaz. Nağdsız hesablaşma sisteminə keçid başlanıb, ancaq bu, hələlik bütün hesablaşmaların 5-10%-i deməkdir. Avropa ölkələrində isə bu faiz 80-90%-ə yüksəlir».

İ.Əliyev İsmayıllıda velosiped zavodunun açılışında
İ.Əliyev İsmayıllıda velosiped zavodunun açılışında

İNKİŞAFI DAVAMLI EDƏN SİYASİ KURS

«Azərbaycan» qəzeti yenə də ölkədə aparılan iqtisadi islahatların uğurunu önə çəkir: «İnkişafın davamlılığını təmin edən islahatlar kursu».

Müəllif yazır ki, son illər dünyada neftin qiymətinin kəskin azalması Azərbaycan iqtisadiyyatına mənfi təsir edib, ölkə bu böhrandan az itkiylə çıxsa da, qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə prioritetə dönüb:

«Beləliklə, bu sektorun inkişafı üçün sərmayə və biznes mühitinin yaxşılaşdırılması, neftdən asılılığın minimuma endirilməsi, ixracın artırılması, sahibkarlara dövlət dəstəyi yeni iqtisadi islahatların strateji hədəfləri kimi müəyyən edildi».

Məqalə belə bir fikirlə yekunlaşdırılır ki, aparılan iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi artıb, ixrac potensialı yüksək olan rəqabətqabiliyyətli malların istehsalı genişlənib, bu da bir daha yeni islahatlar kursunun inkişafın davamlılığını təmin etməsinin təsdiqidir.

XS
SM
MD
LG