Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 21:41

'Azərbaycana sanksiya qoyulmayıb, amma...' - Media icmalı


Dollar

Bakıda xaotik tikintilərin dayandırılması, xarici sərmayədarların ölkəni tərk etməsi və qeyri-neft sektorunun durumu bu gün (30 iyun 2017-ci il) medianın aparıcı mövzularındandır...

AZƏRBAYCANI TƏRK EDƏN PULLAR...

«Exo» qəzetində «Azərbaycandan 10 milyard dollardan çox xarici investisiya «axıb»» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, hazırda Azərbaycandan ötrü xarici investisiya olduqca əhəmiyyətlidir. Bu, yerli iqtisadiyyatın sabit inkişafı və dayanıqlı iqtisadi artımdan ötrü zəruridir:

Amma ekspert Nəriman Ağayev durumu heç də ürəkaçan saymır:

«Hazırda postsovet ərazisinin əksəriyyətində iqtisadi böhranın tüğyan etməsi üzündən xarici kapital bu ölkələrdən gedir. Azərbaycandan da xarici kapital axını baş verir və bu, manatın birinci devalvasiyasından dərhal sonra baş verib. O zaman bir çox investorlar öz ofislərini Gürcüstana köçürdülər».

Ekspert deyib ki, Azərbaycan iqtisadiyyatı ildə 10-20 milyard dollar arasında sərmayə qəbul etməyə hazırdır. Amma ölkəyə belə sərmayə axını yoxdur.

Ekspert Seyfəl Əliyev də deyib ki, iqtisadiyyatda son iki ildə böhran yaşanması üzündən bir çox xarici investorlar ölkəni tərk edib:

«İstehsalın enməsi sərmayəçilərin ovqatına təsir edən əsas amillərdir. Cari ilə gəlincə, xarici sərmayə axını azala bilər. Amma hələlik ölkəyə xarici kapital cəlb etmək baxımından öyünəcək bir hal yoxdur».

Başqa bir ekspert Samir Əliyev də deyib ki, Azərbaycan iqtisadiyyatı ölkədən xarici kapital axınını kifayət qədər hiss edib:

«Birinci, neft pullarının həcminin azalması ilə Azərbaycanda biznes dövriyyəsi kəskin şəkildə azalıb. İkinci isə, bu durumun nəticəsi kimi vergi yığılması ilə bağlı problem yaranıb. Bundan irəli gələrək Azərbaycanda çalışan şirkətlərə təzyiqlər başlayıb və onların da çoxu ölkədən getməyə qərar verib».

Ekspert deyib ki, son iki ildə Azərbaycandan 10 milyard dollar xarici investisiya çıxarılıb.

İqtisadçı vurğulayıb ki, hətta bəzi yerli şirkətlər də təzyiqlərə dözməyərək, Gürcüstan, Ukrayna və Qazaxıstana gedirlər.

Dollar
Dollar

SANKSİYASIZ ƏLİ-QOLU BAĞLANMAQ

«Novoye Vremya» qəzetində «Azərbaycan 20 milyard dollar itirib?» sərlövhəli məqalədə də ölkədəki iqtisadi durumun təhlili davam etdirilir.

Bu yazıda da iqtisadi vəziyyət böhran kimi xarakterizə olunur və onun fəsadlarından bəhs edilir.

Müəllif hesab edir ki, bu böhran üzündən Azərbaycan bütünlükdə 20 milyard dollar itirib:

«Böhranın başqa ölkələrə təsirini bilmirik. Amma Azərbaycan iqtisadi böhranın bütün «gözəllik»lərini öz üzərində hiss edib. İki dağıdıcı devalvasiya, Beynəlxalq Bank ətrafındakı qalmaqal yerli iqtisadiyyatın bütün problemlərini aşkara çıxarıb. Davam edən böhran üzündən daxili investisiyanın da həcmi azalır».

Yazıda bildirilir ki, bu dövrdə daxili investisiya 12.72 milyard manatdan 6.65 milyard manata enib.

Müəllif vurğulayır ki, neftdən asılılıq hələ də azalmayıb. Hökumət bu problemi vergilərin qaldırılması ilə həll etmək istəyir. Amma böhran dövründə vergilərin qaldırılması təhlükəli tədbirdir:

«Biznesin yenicə inkişaf etdiyi halda vergilərin qaldırılması iqtisadiyyatda enişin daha da sürətlənməsinə, büdcənin gəlir bazasının azalmasına səbəb ola bilər».

Müəllif hesab edir ki, hökumət neft bumu illərində iqtisadiyyatı şaxələndirə bilməyib. Ölkə ixracının 95 faizi neftdən asılı olub.

Yazıda vurğulanır ki, Azərbaycana sanksiya qoyulmayıb. Qonşu ölkələrlə, dünya ilə ticarət apara bilər. Amma neftdən başqa satmağa elə bir şey yoxdur.

Tikinti
Tikinti

BAKIDA XAOTİK TİKİNTİ DÖVRÜ BİTİB

«Azərbaycan» qəzetində «Bakıda xaotik tikinti dövrü başa çatdı» sərlövhəli məqalə dərc edilib.

Yazıda bildirilir ki, Azərbaycanda son illər tikinti dinamik inkişaf edən sahələrdən biridir:

«Bunun nəticəsi kimi həm genişmiqyaslı quruculuq işləri görülüb, zəruri infrastruktur yaradılıb, həm yeni zavod və fabriklər fəaliyyətə başlayıb, həm də ölkədə mənzil fondu əhəmiyyətli dərəcədə artıb».

Yazıda vurğulanır ki, tikinti işləri əhalinin mənzil təminatında, yeni infrastruktur sahələrinin yaradılmasında mühüm rol oynamaqla yanaşı, ciddi narahatlıq doğuran problemlər də yaradıb:

«Əsas problemlərdən biri şəhərsalma prinsiplərinin pozulması idi. Bir sıra hallarda binaların tikintisi inşaat işləri üçün nəzərdə tutulmayan ərazilərdə aparılıb. Şəhərin bir çox ərazilərində dövlət fondunda və ümumi istifadədə olan ərazilər tikinti üçün ayrılıb».

Müəllif belə tikinti sistemini tənqid edir:

«Məsələn, birmərtəbəli evlərdən ibarət hansısa böyük ərazidə bir neçə şirkət tərəfindən binalar inşa olunub. Bu zaman kim harada gəldi sakinlərlə anlaşıb və bir neçə evi satın alıb. Beləliklə, ərazidə ara məsafələrinə riayət edilmədən xaotik şəkildə binalar tikilib. Bu binalar həm bir-birinə son dərəcə yaxın inşa edilib, həm də yersiz şəkildə aparılıb».

Müəllif vurğulayır ki, dövlət başçısı İlham Əliyevin göstərişi ilə keçən ildən bu sahədə durum müsbətə doğru dəyişib. Yazıda bununla bağlı Nazirlər Kabinetinin 2016-cı il fevralın 25-də verdiyi qərar da yada salınır. Müəllifə görə, bu qərar Bakıda xaotik tikinti dövrünün sona çatması demək idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG