Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 12:28

'Bakıda hər nəfərə düşən yaşıllıq azalır'-Media icmalı


Neft Daşları

Azərbaycanın islam birliyinə töhfələri, ölkə iqtisadiyyatında neftdən asılılığın davam etməsi və Bakıda həyatın dəyəri bu gün (27 iyun 2017-ci il) medianın aparıcı mövzularındandır...

ÖLKƏNİN NEFTDƏN ASILILIĞI ARTIB

«Exo» qəzetində «Azərbaycan «neft iynəsi»dən qurtula biləcəkmi?» sualına ekspertlərlə cavab axtarılır.

Müəllif yazır ki, Azərbaycan iqtisadiyyatı bütünlükdə neftdən asılıdır. Uzun müddət ölkə ixracının 90 faizdən çoxu neft-qaz sektorunun payına düşüb.

Yazıda vurğulanır ki, hazırda hökumət qeyri-neft sektorunu inkişafını qarşıya əsas məqsəd kimi qoyub. Amma:

«Hələlik, bu sahədə öyünəcək bir uğur qazanılmayıb. Ölkənin neft asılılığından əhəmiyyətli dərəcədə qurtulduğunu söyləmək olmaz. Təəssüf ki, Azərbaycan indiyə kimi neft-qaz sənayesindən asılıdır və keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin 5 ayında ixracın 88 faizi neftin, qazın payına düşür. Qeyri-neft sektorunun ixracda payı cəmi 12 faizdir. Keçən il ixracda neft, qaz 85 faiz idisə, bu il daha 3 faiz artıb».

İqtisadçı Samir Əliyev deyib ki, hələ bundan sonra da ixrac baxımından ölkənin neftdən asılılığı davam edəcək. Ekspert iqtisadiyyatın şaxələndirilməsi yönündə hökumətin səylərini belə dəyərləndirir:

«Son iki ildə neftin qiyməti demək olar ki, artmayıb. Bununla da qeyri-neft sektorunu inkişaf etdirmək fürsətləri əmələ gəlib. Bunun üçün isə ciddi struktur islahatları lazımdır. Hələ ki, bu ölkədə müşahidə edilmir».

S.Əliyev deyib ki, ölkədə kiçik və orta biznesin inkişafına şərait yaradılmalıdır. Rəqabətə imkan tanınmalıdır:

«Bizə indi bazarlar lazımdır ki, neftdən də başqa təkliflərlə çıxış edə bilək. Bu hələ ki, əsasən meyvə-tərəvəzi xam şəkildə bazara çıxarmaq ola bilər. Çünki ölkədə kənd təsərrüfatı mallarının emalı ilə dərindən məşğul olacaq müəssisə yoxdur…».

Bakı bulvarı
Bakı bulvarı

BAKIDA HƏYATIN DƏYƏRİ

«Novoye Vremya» qəzetində isə «Bakıda həyat keyfiyyəti: müvəqqəti pisləşmə» sərlövhəli məqalə oxumaq olar.

Yazıda bildirilir ki, beynəlxalq Numbeo portalının tədqiqatına görə, iyun ayında Bakı həyat keyfiyyətinə əsasən öz mövqelərini pisləşdirib.

Müəllif xatırladılır ki, Bakı həyat keyfiyyətinə görə, 187 şəhər arasında 165-ci yeri tutub:

«Tədqiqatda bildirilir ki, alıcılıq qabiliyyətinin, səhiyyə, ekologiya və həyat dəyərinin aşağı reytinqdə olması sıralamada belə bir yer tutmağa səbəb olub».

Yazıda əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi dalbadal baş verən devalvasiyalarla izah edilir:

«Bilirik ki, son iki ildə Azərbaycan manatı ilə mal almağın həcmi azalır. Bu isə manatın devalvasiyası və inflyasiya ilə bağlıdır. May ayında ölkədə inflyasiya 13.8 faiz həcmində olub. Ölkə əhalisinin gəlirləri isə cəmi 7.3 faiz artıb. Keçən il isə inflyasiya 12.4 faiz, gəlirlərin artımı isə 8.7 faiz həddində idi. Yəni, alıcılıq qabiliyyətinin azalması son iki ilin məhsuludur. Son iki ildə manat dollara nisbətdə iki dəfədən də çox ucuzlaşıb».

Səhiyyənin vəziyyətinə gəldikdə isə, müəllif vurğulayır ki, bu sahədə müəyyən islahatlara əl atılıb. İndi də məcburi tibbi sığorta istiqamətində pilot layihələr həyata keçirilir.

Bununla belə müəllif yazı ki, Azərbaycanda səhhətində ciddi problemlərlə üzləşən insanların çoxu müayinə və müalicədən ötrü xarici ölkələrə üz tuturlar.

Müəllif güman edir ki, bu sahədə vəziyyətin düzəlməsindən ötrü Azərbaycana azı 10 il lazımdır.

Yazıda bildirilir ki, son illər Bakıda əhalinin hər nəfərinin payına düşən yaşıllıqlar azalır:

«Bu bir tərəfdən avtomobillərin sayının artması, ölkədə istehsal edilən benzinin keyfiyyətinin aşağı olması, bundan irəli gələrək havanın qaz tullantıları ilə çirklənməsi ilə bağlıdır».

Müəllif yazır ki, son illər paytaxtda tikintinin artması, əhalinin sayının çoxalması da havanın çirklənməsində az rol oynamayıb. Çirkab sularının Xəzərə axıdılması üzündən isə çimərliklər istifadəyə yararsız hala düşüb.

Prezident İlham Əliyev Bakıda Səudiyyə kralı Salman-ı qəbul edir
Prezident İlham Əliyev Bakıda Səudiyyə kralı Salman-ı qəbul edir

AZƏRBAYCANIN İSLAM BİRLİYİNƏ TÖHFƏLƏRİ

«Azərbaycan» qəzetində «Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə layiqli töhfə verir» sərlövhəli məqalə dərc edilib.

Yazıda İslam dünyasında birliyin möhkəmləndirilməsində Azərbaycanın fəaliyyəti dəyərləndirir.

Müəllif bildirir ki, hazırda İslam dünyasında son dərəcə mürəkkəb tarixi proseslər baş verir:

«Uzun illərdir davam edən müharibələr, yüz minlərlə günahsız insanın ölümü, ayrı-ayrı müsəlman ölkələrinin gələcək taleyinin böyük sual altında qalması bütövlükdə bəşər tarixinin ən dramatik səhifələrindən birini təşkil edir».

Müəllif hesab edir ki, müsəlman dünyasını müharibə meydanına çevirənlər İslam dinini terrorla əlaqələndirmək, bu dinin sülh, mərhəmət, insanpərvərlik missiyasına kölgə salmaq istəyən qüvvələrdir.

Yazıda vurğulanır ki, belə bir ağır şəraitdən çıxmaqdan ötrü müsəlman ölkələrinin həmrəyliyi ilkin şərtdir və İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan bu baxımdan nümunədir:

«Rəsmi Bakının yürütdüyü xarici siyasətin prioritet istiqamətlərindən biri İslam aləmi ilə daha sıx münasibətlər yaratmaq, zülmə məruz qalan yüz milyonlarla müsəlmanın dərdinə şərik çıxmaqdır».

Müəllif yazır ki, Azərbaycan dövləti İslam həmrəylinin möhkəmləndirilməsi naminə nümunə göstərir və bu nümunə digər müsəlman ölkələrinə faydalı ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG