Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:05

Jurnalist Natiq Cavadlı da prokurorluqda dindirilib


Natiq Cavadli

Bu gün, iyunun 21-də jurnalist Natiq Cavadlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində üç saata yaxın dindirilib.

Bu haqda AzadlıqRadiosu-na jurnalistin özü bildirib.

Onun sözlərinə görə, dindirmə jurnalist Əfqan Muxtarlı "Meydan TV" İnternet resursun fəaliyyəti üzrə cinayət işi ilə bağlı olub.

Jurnalistdən dindirmənin açıqlanmaması barədə iltizam alınıb.

Buna da bax:​ Ölkədən buraxılmayan jurnalistin işi Avropa Məhkəməsində

Bundan öncə jurnalistlər Sevinc Vaqifqızı, Xədicə İsmayıl, Müsavat Partiyasının keçmiş, indiki rəhbərləri İsa Qəmbər, Arif Hacılı və təşkilatın İcra Aparatın sədri Gülağa Aslanlı da Ə.Muxtarlının işi üzrə dindiriliblər.

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən başına torba keçirilib, ona işgəncə verilib. Zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Buna da bax:​ '12 jurnalist, bloqçu ifadə azadlığına görə həbsdədir'

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıdakı rəsmi qurumların bildirməsinə görə isə, o, sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Ə.Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Buna da bax:​ AŞPA məruzəçisi: 'Əfqan Muxtarlı azad edilməlidir'

Hazırda jurnalistin işi üzrə istintaq Baş Prokurorluqda aparılır. Bir neçə ictimai-siyasi fəal və jurnalistlər şahid qismində cinayət işinə cəlb edilərək prokurorluqda dindirilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG