Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:52

'İpoteka ilə alınan bəzi evlər ödəniş çətinləşdiyindən satılır' – Media icmalı


Tikinti

İpoteka ilə götürülən mənzillərin geri qaytarılması, ümumi daxili məhsulun azalması, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı strateji yol xəritəsi bu gün (21 iyun 2017-ci il) medianın aparıcı mövzularındandır...

İPOTEKA ÖDƏNİŞLƏRİNDƏ PROBLEMLƏR

«Yeni Müsavat» qəzetində «İpoteka kreditlərinin ödənilməsində problemlər yaşanır» sərlövhəli məqalə oxumaq olar.

Yazıda bildirilir ki, son vaxtlar ölkədə istehlak, biznes kreditlərinin qaytarılmasında problem yarandığı kimi, ipoteka kreditlərinin ödənişində də çətinliklər meydana çıxıb:

«Bu səbəbdən də ipoteka krediti ilə alınmış mənzillərin satışı artıb. Bakı və Xırdalanda ipoteka krediti ilə alınmış mənzillər ya şirkətə qaytarılır, ya da satışa çıxarılır. Səbəb də maddi vəziyyəti pisləşən ailələrin aylıq kredit borclarını ödəyə bilməmələridir».

Yazıda buna daha bir səbəb kimi aylıq ödənişlərin minimum və orta aylıq əməkhaqqından çox olması göstərilir.

Müəllif xatırladır ki, manatın devalvasiyalarına qədər tikinti şirkətləri Beynəlxalq Bankın xətti ilə ilkin ödənişsiz və ya 10 faiz ilkin ödənişli, 20 illik ipoteka ilə xeyli mənzillər satıb:

«Bu gün isə gəlirləri azalan bir çox ailələr krediti ödəməkdə çətinlik çəkirlər. Vəziyyət pisləşdiyi üçün Beynəlxalq Bank ipotekanın bir addan digərinə keçirməyə icazə verib. Yəni, borcunu ödəyə bilməyəcəyini görən alıcı mənzili başqasına təklif edə bilir».

Yazıda bildirilir ki, bəzi ailələr artıq mənzilini tikinti şirkətlərinə qaytarıb. Üstəlik, şirkətə dəyən ziyan da alıcıdan tutulur.

Bu sahədə durumu qəzetə ekspert Ramil Osmanlı belə şərh edib:

«Müxtəlif istiqamətlər üzrə problemli kreditlərin həcmi artıb. Ola bilər ki, ipoteka kreditlərində də problemli kreditlər meydana çıxıb».

R.Osmanlı hesab edir ki, ipoteka şərtlərinə yenidən baxılmalıdır. Bu şərtlər indiki iqtisadi duruma uyğunlaşdırılmalıdır.

Əmək yarmarkası
Əmək yarmarkası

ARTAN İŞSİZLİK, AZALAN İSTEHSAL

«Novoye Vremya» qəzetində «Əldə edilmiş nailiyyətlə dayanmağa dəyərmi?» sualına cavab axtarılır.

Müəllif yazır ki, bu günlərdə Dövlət Statistika Komitəsi Ümumi Daxili Məhsul (ÜDM) üzrə göstəriciləri açıqlayıb. Bəlli olub ki, ölkədə istehsal azalmaqdadır:

«Bu isə əsasən neftin ucuzlaşması və milli valyutanın ikiqat devalvasiyası ilə bağlıdır. Bu da sirr deyil ki, ÜDM-nin azalması həm də əhalinin məşğulluğu məsələsinə işıq salır. Bu dövrdə işsizlər ordusunun sayının artması istisna olunmur».

Müəllif hesab edir ki, azalma ən çox özünü tikinti sahəsində göstərir. Yazıda vurğulanır ki, elə bu sektorda da işini itirənlər çox olub.

Yazıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahədə optimist açıqlamasına da şübhə edilir. Nazir Səlim Müslümov bu günlər bildirib ki, işdən ötrü müraciət edənlərin sayı azalıb. Bu da əmək bazarında sabitləşmədən xəbər verir:

«İşlə bağlı vətəndaşların müraciətlərinin sayının azalmasının nə qədər yaxşı ənənə sayılması böyük sual doğurur. İstəyərdik ki, bu, qeyri-neft sektorunun inkişafı ilə bağlı olsun. Amma bəlkə onlar artıq dövlət xidmətinin kömək etməyəcəyinə inanmağa başlayıblar?».

Müəllif yazır ki, bu xidmətə etimad çoxdan itib. Artıq vətəndaşlar öz güclərinə iş tapmaq yolunu tutublar. Birjalarda adətən ixtisasa uyğun olmayan, az əməkhaqqılı işlər təklif edilir.

Yazıda bildirilir ki, son vaxtlar minlərlə insan bank sektorunda işini itirib. Tikinti sahəsində kütləvi ixtisarlar baş verib:

«Məhz işsizliyin səviyyəsinin artmasından irəli gələrək ölkədə qiymətlər bahalaşır, inflyasiya artır, ÜDM azalır. İş adamları isə öz bizneslərini dayandırmağa məcbur olurlar».

Biznes
Biznes

KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN YOL XƏRİTƏSİ

«Azərbaycan» qəzetində «Strateji Yol Xəritəsi kiçik və orta sahibkarların dünya bazarına çıxmasına xidmət edir» sərlövhəli məqalə dərc edilib.

Yazıda bildirilir ki, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı hazırlanan Yol xəritəsi sosial rifahın yüksəlməsinə, investisiyaların cəlbinə və azad rəqabət mühitinin yaradılmasına istiqamətlənib.

Müəllif xatırladır ki, ötən il ölkə iqtisadiyyatının 11 istiqaməti üzrə strateji yol xəritələri hazırlanıb. Onlardan biri də kiçik və orta sahibkarlığın (KOS) inkişafına dəstək verilməsidir:

«Məqsəd orta sahibkarlığın iqtisadi fəallığını artırmaq, özəl təşəbbüslərə dəstək olmaq, sağlam rəqabət mühitini formalaşdırmaq və dövlət əmlakının özəlləşdirilməsini sürətləndirməkdir».

Müəllif vurğulayır ki, iqtisadi islahatlar və iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dəstəklənməsi sayəsində bu sahədə artıq ciddi irəliləyişlər əldə edilib:

«Beləliklə, hər bir şəxs üçün istədiyi vaxt sahibkarlıqla məşğul olmağa və ya onu dayandırmağa imkan yaradılır. Həmçinin, iqtisadiyyatda durğunluğun aradan qaldırılması və iqtisadi inkişafın sürətləndirilməsi üçün bank sektorunun vasitəçiliyi ilə maliyyə mənbələrinə çıxış təmin edilir».

Yazıda bildirilir ki, indi ölkənin qarşısında duran ən ümdə vəzifə idxaldan asılılığı tam aradan qaldırmaq və ixrac imkanlarını daha da artırmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG