Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 23:40

Azərbaycanın ixrac imkanları, ÜDM-in azalması səbəbləri, taxıl məhsullarının bahalaşacağı ilə bağlı gözləntilər bu gün (20 iyun 2017-ci il) medianın aparıcı mövzularındandır…

ÜDM ÜZÜAŞAĞI GEDİR

«Novoye Vremya» qəzetində «Ümumi Daxili Məhsul (ÜDM) inamla enir» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, ölkədə istehlak malları və xidmətləri bahalaşmaqda davam edir. İnflyasiya da buna uyğun artmaqdadır:

«Dövlət Statistika Komitəsi orta illik inflyasiyanın 13.5 faiz olduğunu bildirir. Bizim statistikanın duruma «bəzək-düzək» verməsini nəzərə alsaq, gerçək inflyasiya həddini bilmək olar. Amma artan təkcə bahalıq və inflyasiya deyil. Azərbaycanda ÜDM azalır ki, bu daha çox narahatlıq doğuran məsələdir. Bu ilin 5 ayında ÜDM istehsalı 25.3 milyard manat təşkil edib. Bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 0.9 faiz azdır».

Yazıda vurğulanır ki, istehsalın həcmində ciddi eniş olmasaydı, inflyasiya belə sürətli ola bilməzdi.

Müəllifin fikrincə, istehsalın azalması isə 2015-ci ildən özünü göstərir:

«Bu isə iki ildən bir qədər çox müddət deməkdir. Bu müddət ərzində ÜDM-nin azalmasının qarşısını almaq üçün əks tədbirlər görmək olardı. Əlbəttə, söhbət ilk növbədə qeyri-neft sektorunun inkişafından gedir. Bu dəfə Dövlət Statistika Komitəsi istehsalın daha çox harada azalmasını göstərmir. Amma onsuz da bilinir ki, ÜDM-in azalmasına ciddi təsir göstərən sahə məhz tikintidir».

Yazıda ÜDM azalmasına əsas səbəb kimi neftin ucuzlaşması və baş verən devalvasiyalar göstərilir:

«Təəssüf ki, bu gün ixrac azalır, idxalın həcmi artır və belə bir durumda istər-istəməz ÜDM-nin artmasını gözləmək olmaz».

Taxıl
Taxıl

HAVALAR MƏHSULDARLIĞA NECƏ TƏSİR EDƏCƏK?

«Yeni Müsavat» qəzetində «İyun yağışları bəzi məhsulları bahalaşdıra bilər» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda bildirilir ki, bu il ölkənin bir çox rayonlarına güclü yağış, dolu düşüb. Müəllif belə hava şəraitinin məhsuldarlığa mümkün təsirini ekspertlərlə dəyərləndirib.

Ekspertlərdən Müslüm İbrahimov deyib ki, yağışlar meyvə-tərəvəzin qiymətinə elə də böyük təsir etməyəcək:

«İstər-istəməz mövsüm amili var və kənd təsərrüfatı məhsullarının istehsalı davam edir. Yağışlar böyük ziyan vura bilməz. Bu qiymətlərdə də öz əksini tapmayacaq. Bəzi ağaclarda çiçəkləmə dövrü getdiyindən yağışlar onlara mənfi təsir edə bilər».

Ancaq o, yağışların bəzi məhsulların qiymətinə təsir edəcəyini istisna etmir. Söhbət ilk növbədə taxıl məhsullarından gedir:

«Bu sahədə sığorta şirkətlərinin işləməsi çox yaxşı olardı. Sığorta olsaydı, bu kimi strateji məhsulların qiymətini tənzimləmək mümkün olardı. İndiki mərhələdə taxılın biçilmə dövründə yağışın yağması məhsuldarlığa mənfi təsir göstərəcək. Ancaq bu situasiyanı aradan qaldırmaq üçün tezliklə sığorta sisteminin işə salınmasına ehtiyac var».

Ekspert hesab edir ki, yağıntının miqdarının artması yemlik otun qıtlığına da səbəb ola bilər.

Ekoloq Telman Zeynalov isə deyib ki, taxıl Azərbaycana əsasən Rusiyadan idxal olur. Bu il orada da hava yağmurlu olub. Bu üzdən ekspert idxal olunan taxılın qiymətində də artım gözləyir.

Eksport
Eksport

AZƏRBAYCAN DÜNYA BAZARINA NƏLƏR ÇIXARIR?

«Azərbaycan» qəzetində «İxrac İcmalı: Azərbaycandan əsasən nə ixrac olunur?» sərlövhəli məqalədə dərc edilib.

Yazıda əsasən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) «İxrac İcmalı»na istinad edilir.

İcmalda vurğulanır ki, may ayında qeyri-neft sektoru üzrə 445 şirkət 149 milyon ABŞ dolları həcmində ixrac əməliyyatları həyata keçirib:

«May ayı üzrə ixrac olunan əsas mallar pomidor, kartof, şəkər, xüsusi kütləsi 0.94-dən az olan ilkin formalı polietilen, metanol (metil spirti), alüminium ərintilərindən qalınlığı 0.2 millimetrdən çox olan düzbucaqlı plitələr, vərəqlər və zolaqlardır».

İcmalda bu siyahıya qızıl, emal olunmamış alüminium, qabığı təmizlənmiş meşə fındığı, pambıq lifi, üzüm çaxırı, mis filizləri, günəbaxan, alma və soğan da aid edilir.

Yazıda bildirilir ki, beş ay ərzində qeyri-neft sektoru üzrə ümumilikdə ixrac 557 milyon ABŞ dolları olub. İxrac əməliyyatlarında 1021 şirkət iştirak edib.

İcmalda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısı da təqdim edilir. Siyahının ilk beşliyində Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan qərarlaşıb.

Müəllif yazır ki, bütünlükdə beş ay ərzində Azexport.az portalına 45 ölkədən 130 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG