Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:35

'Azərbaycan neftin qiymətini izləməkdən əl çəkməlidir' - Media icmalı


Səhiyyə
Səhiyyə

Azərbaycanda ürək-damar xəstəliklərin geniş yayılması, bank sektorunda risklərin artması və Cocuq Mərcanlı kəndinin bərpasının ikinci mərhələsi bu gün (19 iyun 2017-ci il) medianın aparıcı mövzularındandır…

AZƏRBAYCANDAKI ÖLÜMLƏRİN ƏSAS SƏBƏBİ

«Exo» qəzetində «Azərbaycanda ürək-damar xəstəlikləri problemi» sərlövhəli yazı oxumaq olar.

Tibb məsələləri üzrə ekspert Nabil Seyidov mövzunu qəzetə belə dəyərləndirib:

«Ürək-damar xəstəlikləri, o cümlədən infarkt və insult bu gün də Azərbaycanda ölümlərin əsas səbəbi kimi qalmaqdadır. Bütünlükdə isə inkişaf etməkdə olan ölkələrdə qeyri-infeksiya xəstəlikləri sahəsində ürək-damar xəstəliklərinin payı böyükdür».

N.Seyidov hesab edir ki, qeyri-infeksiya xəstəlikləri ilə vaxtında mübarizə son dərəcə vacibdir. Erkən mərhələdə bu xəstəlikləri müalicə etmək daha asandır:

«Bu xəstəliklərin çoxu risk amili ilə bağlıdır. Ona görə onların qarşısını almaq olar. Bu risk amilləri sırasına isə siqaret çəkmək, spirtli içkilərdən istifadə, fiziki fəallığın azlığı, düzgün qidalanma aiddir. Odur ki, təkcə bu amilləri nəzərə almaqla bu xəstəlik və qeyri-infeksiya nəticəsindəki ölümlərin sayını kəskin şəkildə azaltmaq olar».

N.Seyidov deyib ki, görülən əks tədbirlər baxımından Bakda vəziyyəti yaxşı saymaq olar. Amma rayonlarda bu sahədə durum yaxşı deyil. Vətəndaşlar həkim müayinəsinə çox gec müraciət edirlər. Bu da müalicəni çətinləşdirir:

«Nəticədə dövlətin üzərinə belə insanlara əlilliyə görə pensiya verilməsi kimi böyük yük qoyulur».

Yazıda rəsmi statistikaya əsasən bildirilir ki, Azərbaycanda ölümün səbəblərindən 63.2 faizi qeyri-infeksiya xəstəliklərinin payına düşür.

Moody's
Moody's

BANK SİSTEMİ «RİSK ZONASINDA»

«Novoye Vremya» qəzetində dərc edilən «Risk zonasında» sərlövhəli məqalədə ölkənin bank sisteminin durumu müzakirə edilir.

Müəllif yazır ki, «Moody's» beynəlxalq agentliyinin Azərbaycan banklarının durumu ilə bağlı verdiyi bədbin proqnozlar reallaşır.

Yazıda xatırladılır ki, agentlik bu yaxınlarda Azərbaycandakı bəzi bankların acınacaqlı duruma düşə biləcəyi haqda xəbərdarlıq edib.

Müəllif vurğulayır ki, agentlik «Xalq Bank», «Bank Respublika», «Bank of Baku» və «Bank VTB-Azərbaijan»ın reytinqini aşağı salıb:

«Agentlik hesab edir ki, Azərbaycan banklarına təzyiq bundan sonra da davam edəcək. Bu isə kreditləşmənin gələcəyi, ziyan, bankların ehtiyatlarına olan böyük təzyiq və dollarlaşmanın yüksək səviyyəsi ilə bağlıdır».

Agentliyə görə, yaxın 12-18 ay ərzində adları çəkilən banklar əlavə kapital cəlb etməlidir. Əks halda, bankların indiki ehtiyatları kredit risklərini aradan qaldırmağa yetərli olmayacaq.

Yazıda vurğulanır ki, digər xırda banklarda vəziyyət daha acınacaqlı ola bilər.

Müəllifə görə, dollarlaşma bankların iflas olmasının yeganə səbəbi deyil. Daha bir səbəb problemli kreditlərdir. Yazıda vurğulanır ki, problemli kreditlər bəzi bankların, az qala, bütün kredit portfelinin yarısını əhatə edir.

Müəllifin fikrincə, belə şəraitdə səmərəli fəaliyyət göstərmək mümkün deyil. Problemli kreditlərin həcmi artır, vəziyyət get-gedə daha da pisləşə bilər.

Müəllif hesab edir ki, Azərbaycan neftin qiymətini izləməkdən əl çəkməli, iqtisadiyyatda gerçək islahatlar start verilməlidir. Əks halda, bankların bir-birinin ardınca sıradan çıxması davam edəcək.

İ.Əliyev Cocuq Mərcanlıda
İ.Əliyev Cocuq Mərcanlıda

COCUQ MƏRCANLININ BƏRPASINDA İKİNCİ MƏRHƏLƏ

«Azərbaycan» qəzetində «Cocuq Mərcanlıda bərpa və quruculuğun yeni mərhələsi başlayır» sərlövhəli məqalə dərc edilib.

Yazıda 19 il əvvəl Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində tikinti-abadlıq işlərinin davam etməsindən bəhs olunur.

Müəllif yazır ki, Qarabağa böyük qayıdışın başlanğıcı hesab edilən Cocuq Mərcanlı kəndinin bərpasının birinci mərhələsi başa çatıb.

Birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan, əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək:

«Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində kənddə bərpa işlərinin birinci mərhələsi artıq başa çatıb və Cocuq Mərcanlı öz sakinlərini qəbul etməyə hazırdır. Bu kəndin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq».

Müəllif bildirir ki, növbəti mərhələdə təqribən 100-ə qədər ev, tibb məntəqəsi tikiləcək, iş yerləri yaradılacaq:

«Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin yürütdüyü əzmkar siyasəti birmənalı dəstəkləyir. Münaqişənin qısa zamanda ölkəmizin milli maraqlarına uyğun şəkildə öz həllini tapacağına ürəkdən inanır».

XS
SM
MD
LG