Keçid linkləri

2017, 26 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:14

Vətəndaş cəmiyyəti hakimiyyətlərə üz tutdu


Əfqan Muxtarlı

Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan və Gürcüstan hakimiyyətinə üz tutub.

"Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun Daimi Komitəsi Avropa Parlamentinin Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı 15 iyun tarixli qətnaməsini müsbət qiymətləndirir".

Komitənin bu gün, iyunun 17-də yaydığı sənəddə belə deyilir.

Sənəd Gürcüstan, Azərbaycan və Avropa Birliyinin ali rəhbərliyinə ünvanıb.

Açıqlamada Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyəti Gürcüstan hökumətindən jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı olayın ətraflı araşdırılmasını istəyirlər.

Bəyanatda həmçinin, Avropa Parlamentinin qətnaməsində adları qeyd olunan siyasi məhbus sayılan şəxslərdən başqa, "Kanal-13" internet televiziyasının Bakı meneceri Əziz Orucovun qanunsuz sahibkarlıq ittihamı ilə həbsi hadisəsinə də diqqət yetirilməsi vacib sayılır.

Sənəddə hüquq müdafiəçisi İntiqam Əliyevin yüksək arterial təzyiqdən əziyyət çəkdiyi vurğulanır. Azərbaycan hakimiyyətindən onun müalicəsindən ötrü xaricə çıxmasına icazə verilməsı istənilir.

Xatırlatma

İyunun 15-i Avropa Parlamentində həbsdəki jurnalist Əfqan Muxtarlı və Azərbaycanda media azadlığı ilə bağlı qətnamə layihəsi səsə qoyularaq qəbul olunub.

Qətnamədə yazılır ki, araşdırmaçı-jurnalist Ə.Muxtarlı Tbilisidə mayın 29-da yoxa çıxıb və bir neçə saat sonra Bakıda peyda olub:

«Vəkili deyir ki, Əfqan Muxtarlını naməlum adamlar tutub, onlar Gürcüstanın kriminal polisinin uniformasında imişlər. Jurnalisti maşına basıblar, döyüblər və maşını Azərbaycan sərhədinə sürüblər. Üstünə 10 min avro pul qoyublar».

Sənəddə Azərbaycan hakimiyyətinə müraciət edilir ki, təxirəsalınmaz qaydada Ə.Muxtarlıya verilən bütün ittihamları ləğv etsin və jurnalisti azadlığa buraxsın.

Azərbaycan rəsmiləri nə deyir?

Amma Azərbaycan rəsmiləri isə Avropa Parlamentinin sözü gedən qətnaməsini qəbul etmirlər.

Parlamentin sədr müavini Ziyafət Əsgərovun deməsinə görə, bu qətnamənin qəbul edilməsi onu göstərir ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət Avropada fəaliyyət göstərən antiazərbaycan qüvvələri, xüsusən erməni lobbisini narahat edir:

«Bu qüvvələrin təsiri və təzyiqi altında Avropa Parlamenti kimi ciddi bir qurumun belə bir hərəkətə yol verməsi Azərbaycanda anlaşılmazlıq doğurur. 2016-cı ilin sentyabr ayından Azərbaycan «Avronest»də fəaliyyətini bərpa edib. Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi bir dövrdə bu cür qətnamənin qəbul edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyə bilməz».

Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» Proqramının əsası 2009-cu ildə qoyulub.
«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla çərçivə sazişi imzalayıb.

Azərbaycanla Avropa Birliyi arasında isə bu ilin fevralından iki tərəfli danışıqlar başlayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG