Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 23:30

Elmar Məmmədyarov AB komissarını qəbul edib


E.Məmmədyarov

«Saziş layihəsi üzrə danışıqların konstruktiv və intensiv şəkildə aparılması müsbət haldır. Danışıqların bu mərhələsində əsasən siyasi və ticarət məsələləri müzakirə olunur».

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin (AB) Bakıda səfərdə olan komissarı Johannes Hahn-la görüşündə belə deyib.

Nazir Azərbaycanın Avropa Birliyinin etibarlı tərəfdaşı olduğunu bildirib.

Azərbaycan-Avropa Birliyi tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesi görüşdə əsas diqqət mərkəzində olub. Saziş layihəsi üzərində işin bu ilin sonunda keçiriləcək Avropa Birliyi «Şərq Tərəfdaşlığı» ölkələrinin zirvə toplantısına qədər yekunlaşacağına inam ifadə olunub.

Görüşdə saziş layihəsi üzrə danışıqların növbəti mərhələsinin iyul ayında keçiriləcəyi bildirilib.

Müzakirələrdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Münaqişənin regiona əsas təhdid olduğunu deyən E.Məmmədyarov aparılan danışıqlar prosesi haqqında məlumat verib. Nazir vurğulayıb ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və «status-kvo»nu saxlamaq siyasəti münaqişənin həllində irəliləyişə nail olmağa imkan vermir.

Avropa Birliyinin qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Johannes Hahn-ın Azərbaycana səfəri bu gün, iyunun 16-sı başlayıb.

Avropa Birliyinin Azərbaycan nümayəndəliyindən bildiriblər ki, səfər çərçivəsində J.Hahn-ın Bakıda rəsmi şəxslərlə görüşlər keçirəcəyi gözlənilir.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev J.Hahn-ın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

J.Hahn-ın vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşü gözlənilir.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla Assosiasiya sazişi imzalayıb.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Artıq danışıqların iki mərhələsi arxada qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG